Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Dünya təhsili

 

Böyük Britaniya və Şimali İrlandiya  Birləşmiş Krallığının təhsil sistemi

 
 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı

 
Ərazisi: 243000 kv.km.       
Əhalisi: 62,2 milyon nəfər 
Paytaxtı: London şəhəri
Dövlət dili: İngilis dili 
Pul vahidi:  funt-sterlinq
 

 

Təhsil sistemi 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (Birləşmiş Krallıq) yüksək inkişafa malik sənaye ölkəsidir. Ölkədə adambaşına düşən illik ümumi daxili məhsul 35720 dollar təşkil edir. Əhalinin həyat səviyyəsinə görə dünyada 13-cü yerdədir. Konstitusiyalı monarxiya olan Birləşmiş Krallıq tərkibində dörd dövləti - İngiltərə, Şotlandiya, Uels  və Şimali İrlandiyanı birləşdirir. BMT-nin 2010-cu il üzrə müəyyənləşdirdiyi İnsan İnkişafı İndeksinə görə Birləşmiş Krallıq dünyanın yüksək reytinqə malik 30 ölkəsi siyahısında 0,849 balla qiymətləndirilib.

Ölkədə təhsilin inkişaf prioritetləri tədrisin səviyyəsini yüksəltmək, əmək bazarında rəqabətliliyi artırmaq, uşaqların və gənclərin təhsildən yayınmasının qarşısını almaq, yaşlıların təlim imkanlarını genişləndirməkdən ibarətdir. Böyük Britaniyanın 34000-dən çox dövlət və özəl ümumtəhsil məktəbində 9 milyondan artıq şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 500 mindən çox müəllim məşğul olur. Dövlət məktəblərində təhsil pulsuzdur. Şagirdlər kitab və məktəb ləvazimatları ilə təmin edilir.

1880-ci ildən 5-10 yaş arasında olan uşaqlar üçün təhsil icbaridir. 1918-ci ildən isə 14 yaşına qədər məktəblilər icbari təhsilə cəlb olunurlar. 1944-cü ildə qəbul olunmuş yeni Təhsil Qanununa əsasən, tədris ocaqları ibtidai və orta məktəblərə bölünüb və icbari təhsil yaşı 15-ə, 1972-1973-cü tədris ilindən isə 16-ya qaldırılıb.

Əvvəllər ibtidai məktəbi başa vuran uşaqlar müvafiq test yoxlamasından keçdikdən sonra müxtəlif orta məktəblərdə oxumaq hüququ əldə edirdilər. Lakin 1960-1970-ci illərdə bu qayda tədricən aradan qaldırıldı və bütün şagirdlərə ümumtəhsil məktəblərində təhsil almaq imkanı verildi.

İngiltərədə, Uelsdə və Şotlandiyada hər bir uşaq 5-16, Şimali İrlandiyada isə 4-16 yaş arasında icbari təhsilə cəlb olunur. Ölkədə qarışıq məktəblərlə yanaşı, oğlan və ya qızlar üçün ayrıca təhsil ocaqları da mövcuddur. İngiltərə, Uels və Şimali İrlandiyadan fərqli olaraq Şotlandiyada 7 illik ibtidai və 4 illik icbari orta təhsildən sonra şagirdlərdən Təhsil Şəhadətnaməsi almaq üçün imtahan götürülür. Bu şəhadətnamə Birləşmiş Krallıq daxilində tanınır və Ümumi Təhsil üzrə Şəhadətnamənin A səviyyəsi ilə eyni qüvvəyə malik olaraq universitetə qəbul imkanı verir.

Birləşmiş Krallıqda dövlət məktəbləri 3 qrupa bölünür:

- yerli təhsil orqanları tərəfindən idarə olunan və maliyyələşdirilən ərazi məktəbləri;

- əsasən dini təriqətlər tərəfindən açılmış könüllü məktəblər;

- özünü idarə edən və qrantlar hesabına maliyyələşdirilən məktəblər.

Hər bir ərazi və könüllü məktəbin özünüidarəetmə orqanı var. Bu qurum yerli təhsil orqanları tərəfindən seçilmiş sədr, müəllim, valideyn və yerli icma nümayəndələrindən ibarət olur. Könüllü məktəblərin özünüidarəetmə orqanında kilsə nümayəndəsi də iştirak edir. Şimali İrlandiya və İngiltərədə ümumtəhsil məktəblərində dini təhsil bütün mərhələlərdə icbaridir. Belə məktəblərə ictimai fondlardan da pul vəsaiti ayrılır və onun xərclənməsinə nəzarət olunur. Müstəqil şəkildə özünü idarə etməyən dövlət məktəblərini isə yerli təhsil idarələri maliyyələşdirir.

Birləşmiş Krallıqda müəyyən peşəyə, ixtisasa yiyələnmək istəyənlər peşə liseylərində, altıillik kolleclərdə və ya müvafiq kurslarda təhsil ala bilərlər. Ali məktəbə qəbul üçün hazırlıq kurslarından geniş istifadə olunur. Ali təhsil pilləsi bakalavriat, magistratura və doktorantura mərhələlərinə bölünür.

Hazırda Birləşmiş Krallığın ali məktəblərində 2 milyona yaxın tələbə təhsil alır. Gənclərin təxminən üçdə biri 18 yaşında ali təhsil müəssisələrinə (Şotlandiyada 50 faizi) üz tutur. Yaşlıların təhsili isə bütün pillələr üzrə təmin olunur, onların ümumi təhsil və ya peşə ixtisası əldə etməsinə hər cür şərait yaradılır.

Birləşmiş Krallıqda dərs ili sentyabrda başlanır, iyula kimi davam edir və bir qayda olaraq, 3 semestrə bölünür. 

Məktəbəqədər təhsil 

Birləşmiş Krallıqda məktəbəqədər təhsil icbari olmasa da, dövlət təhsilin bu pilləsinin ardıcıl inkişafını təmin edir. 3-4 yaşlı uşaqların bir qismi bağçalarda və ya ibtidai məktəblərin uşaq siniflərində ibtidai təhsilə hazırlıq və azyaşlıların ümumi inkişafını nəzərdə tutan tədris proqramları əsasında təhsil alırlar.

Bəzi məktəbəqədər müəssisələrdə həftə ərzində uşaqlarla müəyyən saatda məşğul olurlar. Bundan əlavə, bir çox uşaqlar məktəbəqədər oyun qruplarına cəlb edilirlər. Belə qrupların əksəriyyəti valideynlər tərəfindən təşkil olunur və Məktəbəqədər Oyun Qrupları Assosiasiyasında birləşir. Məktəbəqədər təhsildə uşaqlar oxumağı və yazmağı, həmçinin hesabın əsaslarını öyrənirlər. 

İbtidai təhsil 

İngiltərədə, Şotlandiyada, Uelsdə ibtidai təhsil 5 və Şimali İrlandiyada 4 yaşdan başlanır və əsasən 6-7 il (bəzən 3-4 il) davam edir. Belə ki, İngiltərənin bəzi yerli hakimiyyət dairələrinin qərarı ilə 5-9 yaşlı uşaqlar ibtidai məktəblərdə və 8-14 yaşlılar isə icbari orta məktəblərdə təhsil alırlar. İbtidai məktəblərin əksəriyyətində qızlar və oğlanlar birgə oxuyur. İngiltərə, Uels və Şotlandiyada şagirdlər əsasən, 11 yaşında icbari orta məktəbə gedirlər. 

Ümumi orta təhsil 

Birləşmiş Krallıqda məktəblilər icbari orta təhsili 16, tam orta təhsili isə 18 yaşda başa vururlar. Ümumtəhsil məktəbləri - gimnaziya, lisey, kollec və peşə liseyləri ən yüksək maddi-texniki bazaya malikdir. Tədris prosesində kompüter texnologiyalarından geniş istifadə olunur.

Ölkədə orta məktəb yaşlı uşaqların təxminən 90 faizi icbari təhsilə cəlb olunub. Bu məktəblərə şagirdlər bacarıq və hazırlıq səviyyələri yoxlanılmadan qəbul edilirlər.

16 yaşından etibarən şagirdlər təhsillərini altıillik kollec və ya peşə məktəblərində də davam etdirə bilərlər. Hər iki halda spesifik peşə, yaxud tətbiqi fənlərlə yanaşı, ümumi təhsil kursu da keçilir. İngiltərə və Uelsdə 15 texnoloji kollec fəaliyyət göstərir. Dövlət 200-dən çox orta məktəbdə texnoloji ixtisaslaşmaya yardım edir. Bu məktəblər texnoloji təhsili inkişaf etdirmək üçün qrant alırlar.

Orta məktəblər hər il valideynlərə övladının tədris nailiyyətləri haqqında məlumat verməlidir. Məktəb müfəttişi hər hansı bir tədris ocağında aşağı səviyyədə təhsil verildiyini müəyyən etdikdə, yerli təhsil orqanları məktəbin özünüidarəetmə qurumunun sədrini dəyişir.

Özəl məktəblər Təhsil Nazirliyində qeydiyyatdan keçir və açıq rəqabət şəraitində fəaliyyət göstərirlər. Ölkədə mövcud olan 2500-ə yaxın özəl məktəbdə ümumi şagirdlərin təxminən 7 faizi təhsil alır. Özəl məktəblərdə təhsil pulludur. Bu təhsil müəssisələrində aztəminatlı ailələrdən olan şagirdlərə təqaüd verilir. Belə tədris ocaqları, adətən uşaq bağçalarını, ümumtəhsil və orta məktəbləri özündə birləşdirən komplekslər kimi fəaliyyət göstərir.

Dövlət məktəblərində müəllimləri yerli təhsil orqanı və ya məktəbin özünüidarəetmə qurumu təyin edir. Müəllimlərin ixtisasları Təhsil Nazirliyi tərəfindən təsdiq olunmalıdır. İngiltərə və Uelsdə həyata keçirilən islahatlara əsasən, məktəblər müəllimlərin ilkin hazırlanmasında daha fəal rol oynayırlar. Belə ki, məktəblər tələbələrin praktiki hazırlığı, onların səviyyələrinin qiymətləndirilməsində yaxından iştirak edirlər.

Təhsildə Standartları müəyyən edən Müstəqil Qurum (OFSTED) Təhsil Nazirliyinə məktəb təhsilinin keyfiyyəti, standartlar və təhsilin effektivliyi haqda vaxtaşırı xəbər verir. Hər bir məktəb müstəqil müfəttişlər qrupu tərəfindən yoxlanılır. Yoxlama qrupuna təhsil mütəxəssisləri ilə bərabər, valideynlər də daxil edilir. Yoxlamanın nəticələri haqda valideynlərə məlumat verilir. Yekun nəticələrə müvafiq olaraq məktəbə rəhbərlik edən qurumlar perspektiv planlarını hazırlayır və valideynləri gələcək fəaliyyətləri barədə məlumatlandırırlar.

Böyük Britaniyanın Milli Kurikulumu 1992-ci ildə qəbul edilib və dövlət məktəblərində təhsil alan şagirdlər 16 yaşına kimi bu kurikulum əsasında dərs keçirlər. 2008-ci ildən qərara alınıb ki, 2013-cü ildə 17, 2015-ci ildə isə 18 yaşlı şagirdlərə Milli Kurikulum tətbiq olunsun. Özəl məktəblər isə Milli Kurikulumu tətbiq etməyə məcbur deyillər.

Milli Kurikulumda ingilis dili (Uels dilində tədris aparılan məktəblərdə Uels dili), riyaziyyat, təbiət elmləri, dizayn və texnologiya, informasiya və kommunikasiya texnologiyası, tarix, coğrafiya, xarici dillər, musiqi, incəsənət və fiziki tərbiyə fənləri əsas yer tutur. Bunlarla yanaşı, bir sıra digər icbari fənlər də mövcuddur ki, bu sıraya da dini fənləri aid etmək olar.

Şimali İrlandiyada da oxşar proqram tətbiq olunur. Lakin məktəblər şagirdlərin fərdi tələblərini, şəraiti nəzərə alaraq kurikuluma əlavə elementlər daxil edə bilərlər.

İcbari orta təhsili başa vuran şagirdlər Orta Təhsil üzrə Ümumi Şəhadətnamə imtahanı verirlər. Bu imtahan hər fənn (10-a yaxın) üzrə verilir və müstəqil imtahan eksperti tərəfindən qiymətləndirilir. Orta Təhsil üzrə Ümumi Şəhadətnamə imtahanından uğurla keçən şagirdlər tam orta təhsil ala, yaxud da peşə və texniki kolleclərdə müəyyən ixtisasa yiyələnə bilərlər.

Şagirdlər tam orta məktəbdə bir il təhsil aldıqdan sonra AS səviyyəsini (Advanced Subsidiary Level) əldə etmək üçün yenidən imtahan verirlər. Tam orta təhsilini başa vuran şagirdlər isə universitetlərə qəbul olunmaq üçün ən yüksək mərhələ sayılan A-Level adlandırılan imtahanda iştirak edirlər. 

Peşə təhsili və təlimi 

Birləşmiş Krallıqda şagirdlər icbari və ya tam orta təhsillərini başa vurduqdan sonra peşə məktəblərində müvafiq ixtisaslara yiyələnə bilərlər. Yaşlılar isə yeni peşə öyrənmək və ya ixtisas səviyyələrini artırmaq üçün müraciət etmək imkanına malikdirlər.

Ölkədə peşə təhsili və təlimi sistemi gənclərin müəyyən peşələrə yiyələnməsinə, yaşlıların məşğulluq səviyyəsinin yüksəldilməsinə, peşə təhsili və təlimi vasitəsilə fasiləsiz təlimin təşkil olunmasına xidmət edir. Bunun üçün müvafiq islahatların həyata keçirilməsini davam etdirən hökumət Milli Kvalifikasiya Çərçivəsini tətbiq edib. Milli Kvalifikasiya Çərçivəsi və peşə ixtisasları zamanın və iqtisadiyyatın dəyişən tələblərinə cavab verən yeni bacarıqların formalaşdırılması strategiyasına uyğun olaraq tənzimlənir. Təlim proqramlarının və ixtisasların təkmilləşdirilməsi bu strategiyanın ən vacib elementlərindəndir.

Əmək bazarında iştirak edənlərin təhsil səviyyəsi yüksəldikcə bu sahədə yeni prioritetlər müəyyənləşdirilir. Bütün bunlar Birləşmiş Krallıqda biliklərə əsaslanmış cəmiyyətin və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edir.  

Ali təhsil 

Böyük Britaniyada ali təhsil bakalavriat, magistratura və doktorantura pillələrinə bölünür. Bakalavriat pilləsi İngiltərə, Uels və Şimali İrlandiyada 3 il (tibb, baytarlıq, hüquq və pedaqoji ixtisaslar 5 il), Şotlandiyada 4 il davam edir. Magistr dərəcəsi 1 ilə, tədqiqi magistr dərəcəsi üzrə 2 ilə, doktorluq dərəcəsi isə 3 ilə başa çatır.

Ali məktəbə qəbul üçün hazırlıq kurslarından geniş istifadə olunur. Hazırda ölkə üzrə təxminən 600 hazırlıq kursu fəaliyyət göstərir. Bu kurslarda ali məktəbə qəbul üçün müvafiq bilik səviyyəsinə malik olmayan abituriyentlər hazırlaşır. Onların arasında etnik icmaların nümayəndələri çoxluq təşkil edir.

Ölkədə 165-ə yaxın universitet və ali təhsil institutu fəaliyyət göstərir. Ali məktəblər tədrisin təşkilində sərbəstdirlər. Universitetlər əməkdaşlarını müəyyənləşdirir, tələbə qəbulu barədə qərar çıxarır, tədris planlarını tərtib edir və məzunlara müvafiq dərəcələr verirlər.

Oksford və Kembric universitetləri XII, XIII, Qlazqo, Aberden və Edinburq universitetləri isə XIV, XV əsrlərdən fəaliyyət göstərir. Britaniyanın digər universitetlərinin əsası XIX və XX əsrlərdə qoyulub. Ötən əsrin 60-cı illərində və 1992-ci ildə politexnik və digər ali təhsil müəssisələrinə universitet statusu verildikdən sonra universitetlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

Ali məktəblər ticarət və sənaye müəssisələri ilə sıx əlaqə saxlayırlar. Universitetlər dərəcə verə bilməyən digər ali təhsil müəssisələrinin məzunlarına dərəcə vermək hüququna malikdir. Ali təhsildə fərqlənmiş tələbələrin bir qismi elmi işlərə cəlb olunurlar.

1987-ci ildə hökumətin dəstəyi ilə Açıq Universitet yaradıldıqdan sonra ölkədə açıq təhsil almaq imkanları daha da genişlənib. Avropa Birliyi ölkələrində yaşayan şəxslərə dərəcələr vermək səlahiyyətinə malik Açıq Universitetin daimi tədris korpusu olmasa da, müvafiq kurslar təşkil edir. Nəzəriyyəçi pedaqoqlar, peşəkar diktorlar və iş adamları ilə əməkdaşlığa üstünlük verən bu tədris ocağı xüsusi hazırlanmış mətnlərdən, qiyabi təhsil formasından, televiziya və radio verilişlərindən, audio və videomateriallardan, məktəblərdən, təhsil mərkəzləri şəbəkəsindən istifadə edir. Müstəqil 4-cü telekanal vasitəsi ilə tədris proqramları müntəzəm olaraq tamaşaçılara çatdırılır və maarifləndirici verilişlər təşkil olunur.

Birləşmiş Krallığın universitetlərində illik təhsil haqqı 2009-2010-cu tədris ilində bakalavr pilləsi üçün maksimum 3225 ingilis funtu təşkil edib. Universitetdən asılı olaraq magistr və yuxarı pillələr üzrə təhsil haqqı isə daha yüksəkdir. 

Əcnəbi tələbələr 

 Universitetləri əcnəbi tələbə kontingentinə görə dünyada öncül yerlərdən birini tutur. Təbii ki, bunun əsas səbəbi ölkədə yüksək təhsilin və məşhur universitetlərin olmasıdır. Oksford və Kembric kimi tanınmış universitetlərin Britaniyada yerləşməsi də ölkə təhsilinə əlavə nüfuz gətirir.

Bakalavr təhsili almaq istəyən əcnəbi tələbələr Böyük Britaniyada Baza (Foundation) proqramını keçməlidirlər. Baza proqramı, bakalavr təhsili almaq istəyənlər üçün dünyada tanınan və çox üstünlük verilən universitetə hazırlıq proqramıdır. Əgər tələbənin TOEFL və IELTS imtahanından keçmək barədə sertifikatı yoxdursa, o zaman bu proqram vasitəsilə xaricdə təhsil almağa nail ola bilər. Amma bəzi məşhur universitetlər Baza proqramına qəbul apararkən TOEFL və ya IELTS imtahanlarının nəticəsini də tələb edir. Bu baxımdan Baza proqramını iki qrupa bölmək olar:

- Universitetlərin  nəzdində fəaliyyət göstərən Baza proqramları;

- Universitetdən kənar fəaliyyət göstərən Baza proqramları.

Universitet nəzdində fəaliyyət  göstərən proqramlar, adətən TOEFL və ya IELTS imtahanlarının nəticəsini tələb edir. Universitetdən kənar fəaliyyət göstərən proqramlar isə belə bir tələb irəli sürmür.

Əcnəbi tələbələrin təhsil haqqının müəyyənləşdirilməsində bir sıra meyarlar nəzərə alınır. Bu məbləğ universitet, ixtisas və tədris olunan fənlərdən asılı olaraq illik 5000-20000 ingilis funtu arasında dəyişə bilər. 

Təhsilin idarə olunması 

İngiltərədə təhsil üzrə dövlət katibi məktəb və məktəbdənsonrakı təhsilə nəzarət edir. Şotlandiya, Uels və Şimali İrlandiyanın müvafiq dövlət katibləri də öz ölkələrində eyni səlahiyyətə malikdirlər.

Dövlət tərəfindən maliyyələşdirilən məktəblərin bir çoxu yerli təhsil orqanlarının tabeliyindədir. Yerli təhsil orqanları müəllimlərin maaşının verilməsini təmin edir, məktəblərin maddi-texniki təchizatı işini yerinə yetirir. Özünüidarəetmə sisteminə malik dövlət məktəblərində isə bu işlə idarəedici orqanlar məşğul olur.

İngiltərə, Şotlandiya və Uelsdə təhsil xidmətlərinin bir qismi bilavasitə mərkəzi hökumət tərəfindən maliyyələşdirilir. Vəsaitin böyük bir hissəsi ali təhsilə ayrılır və müxtəlif fond şuraları tərəfindən təyinatı üzrə sərf olunur. Hökumət, eyni zamanda özünüidarəetmə sisteminə malik dövlət məktəblərinin də xərclərini ödəyir.

Yerli təhsil orqanları tərəfindən həyata keçirilən, xüsusi əhəmiyyət kəsb edən layihələrin xərclərini dəstəkləmək məqsədilə mərkəzi hökumət dotasiya ayırır. Bu vəsaitlər dövlət tədris planı, məktəblərin yerli özünüidarəetməsi, müəllimlərin təkmilləşdirilməsi, məktəblərdə texniki biliklərin və tibbi təhsilin dəstəklənməsi üçün xərclənir. Yerli hökumət orqanları dövlət tərəfindən edilən yardımın bölüşdürülməsində sərbəstdirlər.

Şimali İrlandiyada təhsil xərcləri, əsasən Təhsil Nazirliyi tərəfindən ödənilir. Əmək, Ticarət və Sənaye departamentləri də təhsil proqramlarına maliyyə yardımı göstərirlər.

İngiltərə, Şotlandiya və Uelsdə universitetlərə və digər ali təhsil müəssisələrinə hökumət yardımı bu ölkələrdəki Ali Təhsilə Yardım şuraları tərəfindən həyata keçirilir. Şimali İrlandiyada isə universitetlərə yardım Şimali İrlandiya Ali Təhsilə Yardım Şurasının tövsiyəsi ilə birbaşa Təhsil Nazirliyi tərəfindən edilir.

Ali təhsil müəssisələri kommersiya qurumları üçün tədqiqatlar aparmaq, məsləhətlər vermək xidmətlərindən də müəyyən qədər yararlanırlar. Hökumət ali təhsil müəssisələrinin bu mənbələrdən gəlir götürməsinə geniş imkanlar yaradır. 

Bəşarət MƏMMƏDOV,

Ramil HÜSEYNOV 

Yazının hazırlanmasında Britaniya Şurasının Bakıdakı nümayəndəliyinin təqdim etdiyi rəsmi materiallardan istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov