Bakı şəhəri İ.Tağıyev adına 26 nömrəli tam orta
məktəbdə "Yeni təlim metodları, onların tətbiqi
imkanları və nəticələri" mövzusunda elmi-praktik
konfrans keçirildi. Konfransa paytaxtın Xəzər və
Sabunçu rayonlarından məktəb direktorları və
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri
dəvət almışdılar. Onlar əvvəlcə məktəbin
foyesində açılmış sərgidə şagirdlərin əl
işlərinə - yaradıcılıq məhsullarına tamaşa
etdilər, hər bir fənn müəlliminin dərs planı,
icmalı, mühazirələri, istifadə etdikləri əlavə
ədəbiyyatları, yeni metodik vəsaitləri ilə tanış
oldular.
Sonra konfrans iştirakçıları 15 fənn üzrə
keçilən "açıq dərs"lərdə iştirak etdilər.
Dinlənilən dərslər müəllimin bələdçi,
şagirdlərin isə tədqiqatçı ola bilmələri ilə
yadda qaldı.
Azərbaycan dili və ədəbiyyat müəllimi, əməkdar
müəllim Tamella Muradovanın şagirdlərlə birlikdə
ərsəyə gətirdiyi "M.Müşfiq ruhu milli ruhumuzdur"
mövzusunda ədəbi-bədii kompozisiyası bizə əsl
yaradıcılıq gecəsini xatırlatdı. Növbəti tədbir
olan "Respublikamızın istirahət məkanları"na
şagirdlərlə birlikdə biz də səyahət etdik. "Nə,
harada, nə vaxt" intellektual oyununda
şagirdlərin geniş biliyə, zəngin informasiyaya
malik olması bir daha öz təsdiqini tapdı.
Sonra keçirilən "dəyirmi masa" daha çox hesabat
xarakteri daşıdı. Mövzunun aktuallığı,
müasirliyi, təhsildə kifayət qədər təcrübəsi
olan mütəxəssislərin iştirak etməsi, onların hər
bir "açıq dərs"də yeni təlim metodunun
tətbiqinin qiymətləndirilməsində qərəzsiz,
düzgün mövqe tutması, fəallığı öz önəmliliyi ilə
seçildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Natiq
Səmədov açaraq konfrans iştirakçılarını təhsil
ocağı haqqında ümumi məlumatlandırdı. Yeni
interaktiv təlim metodlarının tətbiqi
yollarından, nəticələrindən, əhəmiyyətindən,
gündəlik tədris tələbatı olmasından,
müsabiqələrdə şagirdlərin qazandıqları
uğurlardan, təcrübəli müəllimlərin
fədakarlığından, pedaqoji-psixoloji ustalığından,
problemlərdən və vəzifələrdən danışdı.
Təlim-tərbiyə işləri üzrə direktor müavini
Elmira Əliyeva "Şagird şəxsiyyətinin
formalaşmasında kurikulumun rolu,
müəllim-valideyn münasibətləri", ibtidai sinif
müəllimi Mətanət Qurbanova isə "Kurikulumun
tətbiqi təcrübəsi" mövzularında çıxış etdilər.
Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
Metodik Mərkəzinin direktor müavini Sitarə
Məmmədova, məsləhətçi Firudin Abbasov, bölmə
müdiri Alı Məmmədov, metodist, əməkdar məşqçi
Əmirxan Məmmədov, YAP Xəzər Rayon təşkilatı
aparatının rəhbəri İlham Məmmədov və digər çıxış
edənlər məktəbdə yeni təlim metodları, onun
tətbiqi imkanları və nəticələrini razılıqla
qarşıladılar, fikirlərini söylədilər, rəy və
təkliflərini bildirdilər.
Qismət ALIŞOĞLU |
|