İyunun
11-də Təhsil Nazirliyində Azərbaycan Milli
Valideyn-Müəllim Assosiasiyasının təşəbbüsü və
təşkilatçılığı ilə təhsil naziri Misir
Mərdanovun Bakı şəhərinin ümumtəhsil
məktəblərində fəaliyyət göstərən VMA-ların fəal
üzvləri ilə görüşü keçirildi. Görüşdə Təhsil
Nazirliyi Aparatının rəhbərliyi və bəzi şöbə
müdirləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri Nailə Rzaquliyeva, Azərbaycan Milli
VMA-nın icraçı direktoru Təranə Şərifova iştirak
edirdilər.
Tədbiri salona
toplaşmış təhsil işçilərini, valideynləri
salamlamaqla açan təhsil naziri Misir Mərdanov
VMA üzvləri ilə vaxtaşırı keçirdiyi görüşlərin
mühüm əhəmiyyət kəsb etdiyini, onlarla növbəti
dəfə təmasda olmasından məmnunluq duyduğunu
bildirdi. Nazir diqqətə çatdırdı ki, hazırda
ölkəmizin təhsil sistemində həyata keçirilən
islahatların, eləcə də bu sahədə çalışanların
hamısının əsas məqsədi təhsilin keyfiyyətini
yüksəltməkdir. Bu məqsədin əldə olunması isə
təhsil ocaqlarının valideynlərlə qarşılıqlı
səmimiyyətə əsaslanan əməkdaşlığından həlledici
dərəcədə asılıdır. Təhsil naziri belə əməkdaşlıq
əlaqələrinin yaradılması və möhkəmlənməsi üçün
son illər bir sıra zəruri addımlar atıldığını,
qabaqcıl xarici ölkələrin bu sahədəki
təcrübələri öyrənilərək belə əməkdaşlığın məqbul
modeli kimi məktəblərdə valideyn-müəllim
assosiasiyalarının yaradılmasına başlandığını
bildirdi və qeyd etdi ki, hazırda ölkədəki
4500-dən artıq ümumtəhsil məktəbinin 1480-də
belə assosiasiyalar fəaliyyət göstərir. Lakin
həmin qurumların işində müəyyən problemlərin də
olduğunu deyən təhsil naziri bir çox təhsil
ocaqlarında məktəb direktorlarının VMA-ların
işinə açıq müdaxilə etdiklərini söylədi və bunu
təəssüfləndirici hal saydı. Təhsil naziri
vurğuladı ki, onların amalı valideynləri
məktəblə daha sıx əməkdaşlığa cəlb etmək,
VMA-ları məktəbin bir sıra işlərində, o cümlədən
müəllimlərin seçilməsində, dərs bölgüsündə, dərs
cədvəlinin tərtibində, məktəbə şagirdlərin
qəbulunda fəal iştirak etməklə təhsil ocaqlarına
yaxından kömək göstərən qurum kimi görməkdir.
Sonra təhsil
naziri Misir Mərdanov IX və XI siniflərdə
buraxılış imtahanları ilə bağlı valideynlərin
qaldırdıqları və təkliflər şəklində ona təqdim
olunmuş məsələlərə öz münasibətini bildirdi. Bu
il keçirilmiş mərkəzləşdirilmiş sınaq
imtahanları zamanı valideynlərin apardıqları
müşahidələr nəticəsində irəli sürülmüş və Milli
VMA tərəfindən ümumiləşdirilmiş həmin təkliflər
imtahan rəhbərləri tərəfindən VMA-nın
nümayəndələrinin imtahan otaqlarına
buraxılmaması, VMA-nın nümayəndələrinin statusu,
şagirdlərin üzərində nəzarətçilər tərəfindən
axtarışın aparılması nəticəsində imtahan
vaxtının məhdudlaşdırılması, düzgün cavabları
karandaşla qeyd edən şagirdlərə həmin qeydlərini
cavab kartlarına köçürməyə imkan verilməməsi,
nəzarətçilərin tam məlumatlı olmaması, test
blankının doldurulmasına dair IX-XI sinif
şagirdləri ilə izahat işlərinin aparılması,
imtahanlarda tibbi-psixoloji xidmət, sualların
mürəkkəbliyi, məktəblərdə psixologiya fənninin
tədrisi, VMA-nın köməyi ilə müəllimlərin
psixoloji testlərdən keçirilməsi, imtahan zamanı
ehtiyac yarandıqda şagirdlərin çölə çıxmasına
icazə verilməsi kimi məsələləri əhatə edirdi.
Qaldırılmış 11
məsələnin hər birinə ayrıca münasibət bildirən
nazir onların demək olar ki, hamısının həlli
vacib məsələlər olduğunu və nəzərə alınmasının
mümkünlüyünü diqqətə çatdırdı və Bakı şəhəri
üzrə IX-XI siniflərdə aparılacaq
mərkəzləşdirilmiş buraxılış imtahanlarında həmin
məsələlərə diqqət yetirilməsinin zəruriliyini
vurğuladı, arzu edən VMA üzvlərinin buraxılış
imtahanlarında nəzarətçi qismində iştiraka cəlb
olunmaları təklifini irəli sürərək həmin təklifi
gerçəkləşdirmək istiqamətində Milli VMA ilə
birlikdə müvafiq iş aparılması üçün nazirliyin
aidiyyəti şöbəsinə tapşırıqlar verdi.
Təhsil naziri
ölkənin bir sıra ümumtəhsil məktəblərində,
xüsusən də Bakıdakı "Zəngi" liseyində,
Bağça-Məktəb-Lisey kompleksində, 20, 42, 46,
181, 191, 190, 299,151, 152 nömrəli məktəblərdə,
Bakı Avropa Liseyində, 132-134 nömrəli təhsil
kompleksində, Mingəçevir şəhərinin, İsmayıllı,
İmişli, Masallı, Lənkəran rayonlarının ayrı-ayrı
təhsil ocaqlarında fəaliyyət göstərən VMA-ların
öz işlərini yaxşı qurduqlarını, "Zəngi"
liseyindəki VMA-nın digər VMA-lar üçün örnək
olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Milli
VMA rəhbərliyinin təqdimatı əsasında adları qeyd
olunan məktəblərin fəal VMA üzvləri olan
valideyn və müəllimlərin bir qrupu Təhsil
Nazirliyinin Fəxri fərmanları və "Qabaqcıl
təhsil işçisi" döş nişanları ilə təltif olunub.
Sonra nazir təltif olunanların adlarını
açıqlayıb, layiq görüldükləri mükafatları onlara
təqdim etdi.
Görüşdə
Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyasının icraçı direktoru Təranə
Şərifova çıxış edərək onların təklifinə sayğı
ilə yanaşıb növbəti dəfə valideynlərlə görüşə
vaxt ayırdığı üçün təhsil nazirinə
minnətdarlığını bildirdi. Artıq ikinci ildir ki,
VMA üzvü valideynlərin orta məktəblərin
buraxılış imtahanlarında iştirak etdiyini
söyləyən T.Şərifova bunun imtahanların obyektiv
keçməsinə, imtahan rəhbərləri və nəzarətçilərin
öz işlərinə məsuliyyətlə yanaşmasına müsbət
təsiri olduğunu söylədi.
Tədbirdə
"Zəngi" liseyi VMA-nın prezidenti Vüqar
Rəhimzadə, 18 nömrəli məktəbin VMA üzvü Elxan
Qasımov, 190 nömrəli məktəbin VMA-nın prezidenti
Ələkbər Məmmədov və başqaları çıxış edərək belə
görüşlərin əhəmiyyətini yüksək
qiymətləndirdilər. Çıxışlarda VMA-ların
gördükləri işlərdən söz açıldı, arzu və
təkliflər bildirildi.
Yusif ƏLİYEV |
|