Azərbaycan ədəbiyyatı tarixində sənətkarlar
çoxdur. Bunların sırasında filosof şair,
mütəfəkkir dramaturq və s. kimi
səciyyələndirilənlər az deyil. XX əsrdə
yaradıcılığın iki qolunu - elmi və bədii
yaradıcılığı özünün fəaliyyətində birləşdirən
alim-yazıçılar yetişmişlər: Mirzə İbrahimov, Mir
Cəlal Paşayev, Mikayıl Rəfili, Məmməd Hüseyn
Təhmasib, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk,
Atif Zeynallı və b. Bunların sırasında xalq
yazıçısı, filologiya elmləri namizədi, dosent
İsmayıl Şıxlının öz yeri vardır.
Göy
rəngli mürəkkəblə yazılmış avtoqraf 5 noyabr
1968-ci ildə verilib: "Əziz tələbəm Şamxəlil
Məmmədova ən xoş arzularla".
Bu sətirlər yazılmış kitabı əziz bir hədiyyə
kimi saxlayıram.
Dosent İ.Şıxlı APİ-ni 1970-ci ildə bitirmiş 75
nəfərə (əslində həmin il 150 nəfər məzun olub)
xarici ölkələr ədəbiyyatından mühazirələr
oxuyurdu. 1969-cu ilin yanvarında 23-cü qrupda
həmin fəndən imtahanda 25 nəfərdən 15 nəfər "5"
aldı. O vaxtlar dekan müavini işləyən dosent
Mürsəl Həkimov: - Ay İsmayıl müəllim, bu qədər
"5" olar? - deyə təəccübünü bildirəndə
assistentlik edən dosent Məmmədbağır Həyatzadə:
- Mürsəl müəllim, müəllim yaxşı olanda olar! -
dedi.
İsmayıl müəllim ürək xəstəliyindən sonra işə
çıxmışdı. Hamımız onun imtahanına yüksək
hazırlaşmışdıq. Bu, gözəl natiq, müdrik pedaqoq
və istedadlı yazıçıya filoloq tələbələrin hörmət
və ehtiramının ifadəsi idi.
Həyat yolundan sətirlər
İsmayıl Qəhrəman oğlu Şıxlı 22 mart 1919-cu ildə
Qazağın Kosalar kəndində müəllim ailəsində
anadan olmuşdur.
1928-ci ildə Qazağın Kosalar kəndində birinci
sinfə daxil olmuş İsmayıl Qəhrəman oğlu 6 il
sonra Qazax Müəllimlər Seminariyasına qəbul
edilmişdir. Əslində bu işdə ona güzəştlər
olmuşdur: yaşı çatmayan, boyu balaca İsmayıl o
vaxtlar seminariya direktoru işləmiş Mirqasım
Əfəndiyevin sayəsində məktəbə qəbul olunmuşdu (direktor
onu riyaziyyatdan xüsusi imtahan etmişdi).
Yaşadığı bölgənin mədəni ənənələrindən ruhlanan
İsmayıl Şıxlı şeirlərinin çap olunması arzusu
ilə yaşayırdı. Seminariyanın direktoru onun
şeirlərini Osman Sarıvəlliyə təqdim edib,
istedadı varsa, kömək etməsini istəmişdi. Lakin
sonralar direktor ona riyaziyyatla məşğul olmağı
tövsiyə etmişdi.
Bir il müəllimlik edən İ.Şıxlı 1937-ci ildə
Bakıya gəlmiş, Azərbaycan Pedaqoji İnstitutunun
filologiya fakültəsinə daxil olmuşdur.
Repressiya dövrünün ağrı-acılarını sonralar
yazıçı belə səciyyələndirmişdir:
"EBu gün mühazirə oxuyan müəllimin əvəzinə sabah
başqası gəlirdi. EƏli Sultanlı qorxa-qorxa dərsə
gəlirdi. Dəmirçizadə xeyli görünmədi, dedilər
müəllimi professor Çobanzadəyə çörək apardığı
üçün tutublarE".
İnstitutda oxuduğu zaman məşhur Şıxlınskilər
nəslindən olan İsmayıl Şıxlı ilə də
maraqlanmışdılar. 1941-ci ildə APİ-ni bitirən
gənc müəllim bir il Qazağın Birinci Şıxlı, Daş
Salahlı, Kosalar kəndlərində dərs hissə müdiri (direktor
müavini), məktəb direktoru vəzifələrində
çalışmışdır.
1942-ci ildə müharibəyə gedən İsmayıl Qəhrəman
oğlu Qafqaz-Kerç-Belarus-Pribaltika-Şərqi
Prussiyadan keçən cəbhə yollarında addımlamış, "Qırmızı
ulduz" ordeni və medallarla ordudan tərxis
olunmuşdur.
1946-cı ildə o, artıq doğma ali məktəbin
aspiranturasında oxuyurdu.
***
İ.Şıxlı "Mehdi Hüseynin bədii nəsri" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
Bununla yanaşı, İsmayıl müəllim klassiklərimiz
barədə, müasirləri olan sənətkarlar haqqında bu
gün də öz elmi-nəzəri dəyərini saxlayan
məqalələr yazıb çap etdirmişdir.
Məsələn, 1980-ci ildə "Yazıçı" nəşriyyatının
çapdan buraxdığı "Xatirəyə dönmüş illər" adlı
365 səhifəlik kitaba İsmayıl müəllimin "Qranit
kimi sərt", "Onun səsi qulağımızdadır", "Məmməd
Aranlı", "Xatirəyə dönmüş illər", "Həmişə
mövzular axtarışındadır" və "Cəbhə gündəlikləri"
qələm məhsulları daxil edilmişdir.
Mehdi Hüseyn Azərbaycan ədəbiyyatında bir nasir,
bir dramaturq kimi, kino sənətimizdə orijinal
ssenarilər müəllifi, ədəbi-tənqidi fikir
tariximizdə tanınmış tənqidçi kimi xüsusi yer
tutur. İ.Şıxlı kitabdakı "Qranit kimi sərt" adlı
məqalədə böyük ədəbi şəxsiyyəti
səciyyələndirmişdir.
Əli Sultanlı Azərbaycan ali məktəb tarixində
antik ədəbiyyatın tədrisinin əsasını qoymuş
qüdrətli tədqiqatçı və çox gözəl bir müəllim
kimi yer tutur. O, həm də xeyirxah elmi rəhbər
olmuşdur. İ.Şıxlı "Onun səsi qulağımızdadır"
adlı məqaləsində bu görkəmli ədəbiyyatşünas
alimi, mahir pedaqoqu, "Həmişə mövzular
axtarışındadır" adlı yazıda görkəmli yazıçı
Əbülhəsən Ələkbərzadəni oxuculara orijinal fakt
və detallarla təqdim etmişdir.
Kitabın "Məqalələr, rəylər, çıxışlar"
bölümündəki yazılar da ədəbiyyat tariximizi
öyrənənlər, bədii mədəniyyətimizi yaradanlar
haqqında informasiya tutumu ilə seçilir.
***
İsmayıl Şıxlı XX əsrin 70-ci illərində APİ-də
rus və xarici ölkələr ədəbiyyatı kafedrasının
təşkilinə nail olmuşdur. O, tədris olunan bütün
fənlərin proqramlarını hazırlayıb çap
etdirmişdir. Fənlər üzrə dərs vəsaitlərinin
hazırlanmasına rəhbərlik etmişdir. İ.Şıxlı bir
neçə dərs vəsaitinin nəşrinə nail olmuşdur.
İsmayıl Şıxlı bir alim-tədqiqatçı kimi
ədəbiyyatımızın ayrı-ayrı problemləri, ayrı-ayrı
görkəmli nümayəndələri haqqında böyük
tarixi-ədəbi dəyərə malik məqalə-xatirələr yazıb
çap etdirmişdir. Bu baxımdan Səməd Vurğun, Mirzə
İbrahimov, Mehdi Hüseyn, Əli Vəliyev və
başqaları haqqında qələmə alınmış sanballı
məqalələr həmin sənətkarların bioqrafiyasına,
yaradıcılıq yolu və sənət amalına, şəxsiyyətinə
işıq salan qiymətli yazılardır. Bunlar yazıçının
"Daim axtarışda", "Namərd gülləsi", "Ölüləri
qəbiristanda basdırınE" kitablarında
toplanmışdır.
Bu qələm məhsulları iki baxımdan dəyərlidir.
Əvvəla, müəllif özü yazıçıdır və o, bir sənətkar
kimi ya klassik, ya da müasiri olduğu yaradıcı
haqqında fikir və düşüncələrini qələmə almışdır.
Bu baxımdan Səməd Vurğuna, Mehdi Hüseynə, Mirzə
İbrahimova və başqalarına həsr etdiyi məqalə və
çıxışlar bu gün və gələcək üçün dəyərlidir.
İsmayıl Şıxlı Səməd Vurğun haqqında məqaləsində
yazmışdır: Səməd Vurğunun bir cəhəti onun böyük
bir vətəndaş olmasıdır. Səməd Vurğun özünün
poetik istedadını vətəndaşlıq ideallarına
bağlamağı bacaran ustad bir sənətkardır. Biz
onun bütün əsərlərində: istər tarixi dramlarında,
istər lirik-epik poemalarında, fəlsəfi
əsərlərində, siyasi lirikasında, publisist
çıxışlarında böyük bir vətəndaş qəlbinin, şair
qəlbinin çırpındığını görürük.
Səməd Vurğunu bir də ona görə sevirik ki, o,
təpədən dırnağa qədər xalqına bağlı olan, onunla
birgə nəfəs alan sənətkardır.
Bu sətirlər elə sevimli müəllimimiz İsmayıl
Şıxlının özünə də aid edilə bilər. O, həyatı,
ədəbi-bədii yaradıcılığı, pedaqoji və ictimai
fəaliyyəti ilə doğma xalqına xidmət etmişdir. O,
öz sözü ilə desək, təpədən dırnağa qədər xalqına
bağlı idi.
İsmayıl müəllim xalq şairləri Hüseyn Arif və
Qabillə bağlı ədəbi lətifələri toplayıb, kitab
şəklində çap etdirmiş, əslində bu sahədə ilkin
yol açanlardan biri olmuşdur. Bu gün həmin ədəbi
lətifələr eldə-obada Molla Nəsrəddin lətifələri
sayağı danışılmaqdadır.
Hər dəfə Kür çayının adı çəkiləndə İsmayıl Şıxlı,
onun "Dəli Kür" romanı xatırlanır. Bu gün xalqı
içəridən didib parçalayan xəyanətkar
lənətlənəndə "sapı özümüzdən olan" ifadəsi və bu
sözü kütləviləşdirən xalq yazıçısı, alim-müəllim,
millət vəkili olmuş mərhum vətənpərvər-vətəndaş
İsmayıl Şıxlı yada düşür.
***
Azərbaycan Yazıçılar İttifaqında məsul katib,
sonralar birinci katib kimi çalışmış, bir müddət
"Azərbaycan" jurnalının baş redaktoru olmuş
İsmayıl Şıxlı milli ədəbiyyatımızın inkişafına
qayğı göstərmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin
deputatı kimi ictimai fəaliyyət göstərən böyük
insan, istedadlı yazıçı, gözəl natiq-pedaqoq,
alovlu vətənpərvər-soydaş İsmayıl Şıxlı 1995-ci
ildə dünyasını dəyişmişdir.
Sənətkarlar ölmürlər. Onlar ulu Yaradanın əziz
bəndələri kimi əsərləri ilə yaşayır, ədəbi
qəhrəmanları ilə nəsillərin tərbiyəsində iştirak
edirlər.
"Kerç sularında"n "Dəli Kür"ə qədər
Qüdrətli nasir, müdrik yaradıcı İsmayıl Şıxlı
bədii yaradıcılığa şeir və hekayələrlə başlamış,
hələ tələbə ikən mətbuatda çap olunmuşdur.
Məktəbdə çalışdığı bir ildə müəyyən ədəbi
yazılar qələmə almışdır. Onun yaradıcılığının
başlanğıcı 40-cı illərin sonuna düşür.
***
İsmayıl Şıxlı müharibəyə yola düşdüyü gündən ta
ordudan tərxis olunana qədər cəbhə gündəliyi
tutmuşdur. Bu gündəlik ədəbiyyatımızda
xatirə-memuar janrında bəlli olan dəyərli
nümunələrdəndir. Gələcək yazıçı gündəlikdə cəbhə
yollarının ağrı-acılarını, hadisələri qələmə
almışdır. Sonralar İsmayıl müəllim bu cəbhə
gündəliyində qələmə alınmış hadisə və
təfərrüatlar əsasında "Kerç sularında" kitabında
toplanmış hekayələrini, "Odlu çarpazlar"
kinossenarisini və eyniadlı pyesi qələmə
almışdır.
Həm də təkcə bədii əsərlərində deyil,
publisistik yazılarında da İsmayıl müəllim
müharibə təəssüratlarını əks etdirən
gündəliyindən bəhrələnmişdir. Bədii yaradıcılığa
şeirlə başlamış İsmayıl Şıxlının müharibədən
sonra qələmə aldığı hekayələr özünün
həyatiliyinə, döyüş mənzərələrinin təsvir
dəqiqliyinə, insan hiss və duyğularının
təbiiliyinə, əsgər psixologiyası nüanslarının
qanunauyğun ifadəsinə görə oxucu marağı
qazanmışdı. Düşmənə nifrət, döyüşkən ruh,
yaşamaq istəyi, həyat eşqi bu hekayələrin, eləcə
də ədəbiyyatşünaslıqda "miniatür povest" kimi
dəyərləndirilən "Kerç sularında" əsərində
başlıca motivlər kimi təsvir edilib.
"Kerç sularında" gənc yazıçı döyüş dostlarının
əhvali-ruhiyyəsini, müharibənin acı
həqiqətlərini, insan hisslərini qələmə almışdır.
Qara dənizin qaynayan suları, Krım sahillərinə
çıxarılmış desantçıların faşistlərlə ölüm-dirim
döyüşləri, insanın iradəsi və həyat eşqi
motivləri povestdə təbii, real epizod və
cizgilərlə təsvir olunmuşdur. Əsərdəki kapitan
Aslan, topçu İlyas, miçman Abbas kimi
azərbaycanlı döyüşçülərin obrazları məhəbbətlə
yaradılmışdır.
Kompozisiya mükəmməlliyi, yığcamlıq, bədii dilin
obrazlılığı, rəvanlığı, təsvir əlvanlığı,
hadisələrin fəlsəfi-bədii üslubda təsvir və
təqdim olunması İsmayıl Şıxlının hekayə və
romanlarında başlıca məziyyətlərdəndir. Bu cəhət
onun "Qızıl ilan", "Sapı özümüzdəndir", "Allah
axırını saxlasın" və s. hekayələrində, "Ayrılan
yollar" və "Dəli Kür" romanlarında, vəfatından
sonra nəşr olunmuş "Ölən dünyam" əsərində də
qabarıq nəzərə çarpır.
"Ayrılan yollar" romanı İsmayıl müəllimin 50-ci
illərdə qələmə aldığı irihəcmli əsəridir.
Müəllif bu əsərin mərkəzinə, araşdırıcıların da
qeyd etdiyi kimi, lirik münasibətlər xətti
qoymuşdur. Bu üslub yazıçıya qəhrəmanlarının
mənəvi-əxlaqi aləmlərini açıb göstərməkdə real
həyati-ədəbi şərait yaratmışdır.
Əsərdəki konflikt, ziddiyyət iki zümrədə
birləşmiş adamlar arasında baş verir. Bu
zümrənin birində halallığın, düzlüyün,
zəhmətsevərliyin timsalı olan traktorçu Mahmud,
pambıqçı Zeynəb, Nəsib dayı, aqronom İmran
təmsil olunur. Onlar el malına xor baxan kolxoz
sədri Kosaoğluna, anbardar Musa və briqadir
Kazıma qarşı mübarizə aparırlar.
Bir kənddə, bir torpaq üstündə yaşayıb çalışan
insanların yolları ayrılır. Bu ayrılığa səbəb
insanın təbiətindəki naqislikdir, dünya malına
tamahdır, halal əməyə, düzlük və doğruluğa olan
münasibətdir. Müəllif insanın mənəvi aləminin
naqisliyini, eybəcərliyini həyatdakı
uğursuzluğun, mənəvi iflasın başlıca səbəbi kimi
mənalandırmışdır.
"Göytəpə kəndinin yastı qazma daxmaları Kürün
sahilinə qədər səpələnmişdi. Bu il yağıntılıq
olduğundan, otlar vaxtından əvvəl göyərmiş,
yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb
qalxmışdı. Hələ aprel sona çatmamış bu
çal-çərərsiz kəndin həyətləri, xırman yerləri,
tövlə və samanlıqların üstü, hətta evlərin
damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib
torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi
çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot
basmış, kəndin üst tərəfindəki təpələrin rəngi
dəyişmişdi. EHəyət-bacalarda ocaq tüstülənir,
mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya
enirdilər. Haçaquyruq qaranquşlar süzüb
sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub
su götürür, sonra da civildəşə-civildəşə
balalarının yanına qayıdırdılar. Torpaqdan güclə
seçilən qara damların arasında təkəmseyrək gözə
dəyən daş evlərin kirəmitli damındakı
sığırçınlar yenə əvvəlki kimi dimdiklərini
şaqqıldadıb oxuyurdular".
İstedadlı yazıçının sözlə çəkdiyi bu təbiət
mənzərələri rənglərlə kətana köçürülsə, panoram
bir səhnə alınar. "Dəli Kür"dən alınmış bu
sətirlər ana təbiəti, hadisələrin baş verəcəyi
kəndin axar-baxarını, yazın gəlişi ilə canlanan,
gözəlləşən həyat gözəlliklərini son dərəcə dəqiq,
real və obrazlı şəkildə əks etdirir. "Dəli Kür"
Azərbaycan ədəbiyyatında mühüm ədəbi hadisə kimi
dəyərləndirilmişdir.
XIX əsrin ikinci yarısında Azərbaycan kəndini
təsvir edən "Dəli Kür" özünəməxsus kompozisiyası
olan dəyərli bir sənət incisidir. Romanda
bir-birindən maraqlı, yaddaqalan, kamil obrazlar
yaradılmışdır.
"Dramatik toqquşmalar, qüvvətli xarakterlər"
romanı kimi yüksək dəyərləndirilən əsər o dövrün
mürəkkəb tarixi şəraiti haqqında aydın bədii
təsəvvür oyadır".
Romanda Qafqazda qabaqcıl fikirlərin yayılması
işində mühüm rol oynamış dünyəvi təhsil ocağı
Qori Müəllimlər Seminariyasının fəaliyyəti,
oranın mütərəqqi fikirli müəllimləri haqqında da
yaddaqalan, maraqlı səhifələr, obrazlar vardır.
"Dəli Kür" romanı müxtəlif taleli, müxtəlif
təbiətli, müxtəlif dünya duyumlu obrazlar
qalereyasıdır: Cahandar ağa, Zərnigar xanım,
Şamxal, Salatın, Şahnigar, Güləsər, Qoca kişi,
Çərkəz, Poçt Əhməd, Molla Sadıq, Allahyar, Mələk
və b.
"Azərbaycanfilm" kinostudiyası İsmayıl Şıxlının
ssenarisi əsasında "Dəli Kür" bədii filmini
çəkmişdir.
İsmayıl Şıxlının "Məleykə xala", "Qızıl ilan", "Namərd
gülləsi", "Təyyarə gecikir", "Namus qaçağı", "Görüş",
"Deputat" kimi hekayələri böyük oxucu marağı
qazanmışdır. Bu hekayələr yazıçı müşahidələrinin
məhsulu olub, həyat reallıqlarını, insan
psixologiyasını əks etdirir. Bunlar özünün dili,
üslubu, poetikası ilə seçilən dəyərli sənət
nümunələridir.
"Kerç sularında", "Dağlar səslənir", "Ayrılan
yollar", "Dəli Kür", "Mənim rəqibim", "Məni
itirməyin", "Daim axtarışda", "Namərd gülləsi",
"Ölüləri qəbiristanda basdırınE", "Dostum Hüseyn
Arifin lətifələri" -İsmayıl Şıxlının müxtəlif
vaxtlarda Azərbaycanın ayrı-ayrı
nəşriyyatlarında buraxılmış kitabları belə
adlanır. Və bu gün həmin kitablar oxucuların
böyük maraqla mütaliə etdikləri əsərlərdəndir.
Vəfatından sonra çapdan buraxılmış "Ölən dünyam"
sənətkarın istedad və qüdrətindən son nişanə
kimi oxuculara, tələbələrinə, onun xatirəsini
əziz tutanlara dəyərli yadigardır.
Xatirə
yarpaqları
Böyük insan, əvəzsiz pedaqoq
Paşa ƏFƏNDİYEV,
filologiya elmləri doktoru, professor, əməkdar
elm xadimi
Azərbaycan Pedaqoji İnstitutunda antik
ədəbiyyatdan mühazirələri Əli Sultanlı aparırdı.
Dedilər ki, seminar məşğələlərinı başqa müəllim
aparacaq. O müəllimi biz səbirsizliklə
gözləyirdik. Nəhayət, ucaboylu, qarayanız bir
müəllim auditoriyaya daxil oldu. Bu, İsmayıl
Sıxlı idi. İsmayıl müəllim Böyük Vətən
müharibəsı iştirakçısı idi. Orada "sapyor" olub,
yəni döyüşçülərin hücumundan əvvəl o ərazini
minalardan təmizləmişdir. Müharibənın sonuna
qədər döyüşüb. Biz oxuyan zaman deyirdilər ki,
İsmayıl müəllim ordudan təzəcə tərxis olunub,
hətta onu əsgər şinelində də görən olub.
Sonralar Böyük Vətən müharibəsi mövzusunda
əsərlər də yazdı. Xüsusilə onun həmin mövzuda
olan "Konserv qutuları" hekayəsini oxumaqdan
doymurduq.
İlk dərsimizdən həmişə üzündə təbəssüm olan,
qayğıkeş, mehriban müəllimə məhəbbətimiz qondu.
O zaman əlimizdə Əli Sultanlının
mühazirələrindən başqa, demək olar ki, heç nə
yox idi. İsmayıl müəllim rus dilində oxuduğu
mənbələrdən tərcümə edərək əlavə məlumatları
bizə yazdırırdı. Dedilər kı, Əli müəllim bir
ay olmayacaq. Sonradan eşitdik ki, doktorluq
dissertasiyası müdafiə etmək üçün Moskvaya
gedib. Onda mühazirələri də İsmayıl müəllim
oxumağa başladı. Moskvadan gələndə Əli
Sultanlını Azərbaycan Dövlət Universitetinə
dəvət etdilər. Onda İsmayıl Şıxlı axıra qədər
mühazirələri də oxumağa başladı. Az bir müddət
içərisində İsmayıl Şıxlı həm müəllimlərin, həm
də tələbələrin sevimlisi oldu. O, "Qızıl
İsmayıl" adını almışdı. Bu qızıllıq onun bütün
fəaliyyətinə aid idi. Deyirdilər ki, İsmayıl
müəllim tələbələrə "iki" yazmır. Məsələ bu idi
ki, İsmayıl Şıxlının mühazirələri olduqca
maraqlı keçir, onun tələbələri yalnız və yalnız
qiymətləri onun dərsini öyrənməklə alırdılar.
Əlbəttə, İsmayıl müəllimin mülayimliyi və
qayğısı burada mühüm rol oynayırdı. Tələbələr
İsmayıl müəllimin dərsini özü qədər çox
sevirdilər.
İsmayıl müəllim haqqında, əlbəttə, mənim
xatirələrim çoxdur. O, gülərüz, mülayim olduğu
qədər də yeri gələndə ciddi və tələbkar idi. O,
yumorsuz, zarafatsız keçinə bilməzdi. Mən
İsmayıl müəllimin yazıçı kimi məziyyətlərindən
danışmayacağam. Bu, böyük bir mövzudur və xüsusi
axtarışlar tələb edir.
İsmayıl Şıxlı böyük insan, böyük sənətkar
və müəllim idi. Mən, hər şeydən əvvəl, onu
əvəzsiz pedaqoq kimi tanıyıram. Tələbələr də,
hər şeydən əvvəl, İsmayıl Şıxlını müəllim kimi
sevirdilər. İsmayı1 Şıxlının şərəfinə
institutumuzda (indiki ADPU-da) təşkil olunan
böyük bir məclisdə müəllim, yazıçılarla bərabər
tələbələr də öz ürək sözlərini dedilər.
Tələbələrdən biri dedi ki, deyirlər İsmayıl
müəllim az yazır, bəs biz tələbələr ordusu onun
əsərləri deyilikmi? Söhbət əsnasında İsmayıl
müəllim dedi ki, mən bədii əsərlər yazmışam.
Yazıçılar İttifaqında ən ali qulluqda olmuşam,
ancaq balalarımı müəllimlikdən aldığım məvaciblə
böyütmüşəm.
İsmayıl Şıxlı mədəniyyət tariximizdə yazıçı,
pedaqoq, ictimai xadim kimi özünə şərəfli yer
qazanmışdır.
İsmayıl
Şıxlı şəxsiyyəti və "Dəli Kür"
Nizami CƏFƏROV,
millət vəkili, filologiya elmləri doktoru,
professor, əməkdar elm xadimi
İ.Şıxlının həyat və yaradıcılığı üzərində
düşünən hər bir tədqiqatçı, birinci növbədə,
təhlilə çətin gələn mühüm bir keyfiyyəti görür:
bu, ədəb-ərkandır - İ.Şıxlı nə qədər istedadlı
olubsa, o qədər ədəb-ərkanlı olub və "nəsildən,
kökdən gələn mədəniyyət" öz yerində, eyni
zamanda güclü təlim-tərbiyə məktəbi keçmişdirE
İsmayıl Şıxlının əsərləri öz yerində, onun böyük
şəxsiyyəti də milli sərvətimizdir və istərdim ki,
müşahidələrim dairəsində həmin şəxsiyyəti
xarakterizə edim.
Hər şeydən əvvəl, onun etnoqrafik zənginliyindən
danışmaq lazımdır - İsmayıl Şıxlı elə bir
torpaqda dünyaya gəlib ki, orada həm məişətdə,
həm əxlaqda, həm də ictimai münasibətlərdə
qəribə bir epos təbiiliyi, təmizliyi var.
Etnoqrafik zənginlik (və müəyyənlik) İ.Şıxlının
şəxsiyyəti üçün elə bir kontekstdir ki, sonradan
nə qazanıbsa, nələri mənimsəməyə "məcbur
edilibsə", hamısı bu kontekstdə meydana çıxıb,
onda cilalanıb və onu cilalamışdır...
Xalq öz gələcəyi üçün təhlükə hiss edəndə
keçmişinə üz tutur, keçmişi ilə bu günü
arasındakı ən zəif duyulan əlaqələri belə
canlandırır. Həm də bir qayda olaraq bugünündə o
keyfiyyətə qarşı həssas olur ki, həmin keyfiyyət
ona bilavasitə genezisdən gəlir. Azərbaycan
xalqı təbii olaraq özünün ən narahat günlərində
xalq yazıçısı İsmayıl Şıxlıya, onun şəxsiyyətinə,
yaradıcılığına üz tutdu... Və mütəfəkkir
yazıçının şah əsəri "Dəli Kür", onun baş
qəhrəmanı Cahandar ağa milli ictimai təfəkkürdə
bütün gücü ilə bir daha canlandı.
"Dəli Kür" onlarca povestin, romanın
düşüncələrdə yaratdığı mənəvi səhradan axıb
keçdi və ona can verdi - adi bir məktəblidən
tutmuş böyük Mehdi Hüseynə qədər "Dəli Kür"lə
tanış olan hər kəs öz emosiyasını, heyrətini
gizlədə bilmədi. İsmayıl Şıxlı 50-ci illərin
sonlarından 60-cı illərin ortalarına - təxminən
10 ilə qədərki "guşənişinlik"dən çıxaraq
ədəbiyyatımızın Səməd Vurğundan sonrakı şah
əsərini yaratdı... Bu əsərin ilk oxucusu Səməd
Vurğun olmalı, yazıçını ilk dəfə o özü təbrik
etməli, "Ayə, yaman yazıbsan" sözünü də o deməli
idi. Və, nədənsə, mənə elə gəlir ki, İsmayıl
Şıxlı "Dəli Kür"ü heç kimin yox, məhz Səməd
Vurğunun xeyir-duası ilə yazmağa başlayıb. Əsər
üzərində işlədiyi dövrdə də ölməz sənətkarın
ruhu həmişə onunla olub. Kim bilir, bəlkə yazıçı
xəyalən öz sələfindən məsləhətlər alıb,
təhtəlşüur bir qüvvə ilə Səməd Vurğunun işini
davam etdirib...
Mənim dərin inamıma görə, İsmayıl Şıxlının "Dəli
Kür"ə qədərki yaradıcılığı onu "Dəli Kür"ə
gətirib çıxarmır... "Cəbhə yolları"ndan tutmuş "Ayrılan
yollar"a qədər yazıçı, demək olar ki, heç bir
əsərində "Dəli Kür"ə işarə eləmir. Lakin İsmayıl
Şıxlı çox gənc yaşlarında - tələbəlik illərində
"Dəli Kür" adlı hekayə yazıb təhsil aldığı ali
məktəbin qəzetində çap etdirmişdi. 1962-ci ildə
"Azərbaycan" jurnalında (N 5, 6, 7, 8) "Dəli
Kür"ün birinci hissəsi çap olunur və ədəbi
ictimaiyyətin diqqətini cəlb edir.
"Dəli Kür"ün nəşrindən dərhal sonra çap olunmuş
tənqidi məqalələrin, resenziyaların hamısında
İsmayıl Şıxlının nə isə qeyri-adi iş gördüyü,
ədəbiyyatımıza nəhəng bir əsər bəxş etdiyi ya
bilavasitə, ya da dolayısı ilə qeyd olunur,
lakin "isti başla" yazılmış həmin yazılarda "Dəli
Kür" bütün mürəkkəbliyi ilə şərh olunmur (və
əslində oluna da bilməzdi). Sənət barədə artıq
köhnəlmiş trafaret təsəvvürlər həm professional,
həm də kütləvi (qeyri-professional) təfəkkürü
əsəri bütün mürəkkəbliyi ilə başa düşməkdən
məhrum edir.
"Dəli Kür" - eposdur, Cahandar ağa isə, hər
şeydən əvvəl, epos qəhrəmanıdır... Onu nə keçmiş
qəbul edir, nə də gələcək, lakin o əbədidir...
İsmayıl Şıxlının yaradıcılığı onun mükəmməl
şəxsiyyətindən ayrılmazdır. Təsadüfi deyil ki,
böyük yazıçının araşdırıcıları həmişə "Ayrılan
yollar"da, "Dəli Kür"də, "Ölən dünyam"da,
hekayələrində müəllifin öz obrazını, xarakterini
görməyə qarşısıalınmaz bir ehtiyac hiss etmişlər.
Və bu da təsadüfi deyil ki, Azərbaycan
ədəbi-mədəni, ictimai-estetik təfəkküründə
İsmayıl Şıxlı obrazı yazıçının yaratdığı
obrazlardan, əgər belə demək mümkündürsə, daha
mükəmməl, daha məşhur, daha bədiidir... O,
həyatı, fəaliyyəti, yaradıcılığı ilə təkrarsız
bir obraz - İSMAYIL ŞIXLI obrazı, qeyri-adi bir
metafora - İSMAYIL ŞIXLI metaforası yaratdı.
Şamxəlil MƏMMƏDOV |
|