Yeniyetmə və gənclərin asudə vaxtlarının,
onların istirahətinin səmərəli təşkili hər zaman
Səbail Rayon İcra Hakimiyyətinin diqqət
mərkəzində saxlanılır. Hər il olduğu kimi, bu il
də rayonda yaşayan uşaq və yeniyetmələrin yay
istirahəti ilə bağlı müxtəlif tədbirlərin təşkil
edilməsi nəzərdə tutulmuşdur.
Yay
tətili günlərində məktəblilərin asudə
vaxtlarının səmərəli təşkili, onların zərərli
vərdişlərdən uzaqlaşdırılması, istirahət
müddətində bilik səviyyələrinin,
dünyagörüşlərinin inkişaf etdirilməsi üçün
rayondakı mədəniyyət evləri, uşaq yaradıcılıq
mərkəzləri və idman məktəblərinin bazasından
geniş istifadə olunması nəzərdə tutulmuşdur. Yay
aylarında bu müəssisələrdə fəaliyyət göstərən
müxtəlif dərnəklərin, idman bölmələrinin işinə
diqqət xeyli artırılıb. Həmin məktəb və
mərkəzlərin maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli
tədbirlər həyata keçirilir.
Uşaqların asudə vaxtlarını səmərəli və daha
maraqlı keçirmələri məqsədi ilə Səbail RİH
tərəfindən yay ayları ərzində "Park bulvar"
Ticarət və İstirahət Mərkəzindəki "Park sinema"
kinoteatrında təhsildə fərqlənən məktəblilər,
aztəminatlı ailələrin övladları, həmçinin uşaq
evlərində tərbiyə alan 200 nəfər uşaq üçün
mütəmadi olaraq pulsuz 3D həcmli uşaq
filmlərinin nümayiş etdirilməsi təşkil
olunmuşdur. Rayonun orta məktəbləri, eləcə də
məktəbəqədər təhsil müəssisələrinin uşaqları
cədvəl əsasında bura dəvət olunacaq,
kinoseansdan əvvəl onları şən klounlar
əyləndirəcək, müxtəlif müsabiqələr
keçiriləcək.
Artıq "Park sinema" kinoteatrında ilk belə
tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Səbail
Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Xalidə Bayramova bu kimi tədbirlərin
tez-tez keçiriləcəyini bildirərək məlumat
vermişdir ki, cari ilin avqust ayında
yeniyetmələrin yay istirahətinin səmərəli
təşkili, onların hərbi vətənpərvərlik
tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə Bakı
Türk Liseyinin Quba filialının ərazisində
Səbail və Quba rayon icra hakimiyyətləri və DİN
Daxili Qoşunlar Komandanlığının birgə layihəsi
olan ənənəvi hərbi təmayüllü "Şahinlər"
istirahət düşərgəsi yaradılacaq və bu düşərgədə
170 nəfər yeniyetmə oğlan istirahət edəcəkdir.
Valideynlər belə tədbirlərin təşkili və
uşaqların öz asudə vaxtlarını səmərəli
keçirmələri üçün görülən işlərə görə
minnətdarlıqlarını bildirmişlər.
Hicran ƏKBƏROVA |