Kimya Problemləri İnstitutunun elmi
nailiyyətləri
Bu, danılmaz bir həqiqətdir ki, dünya şöhrətli
siyasətçi Heydər Əliyevin 1993-cü ilin iyun
ayında Azərbaycan xalqının çağırışı ilə Bakıya
qayıdışı respublikanın inkişafı üçün yeni tarixi
şərait yaratdı.
Elmə, alimə həmişə yüksək qiymət verən ulu öndər
Heydər Əliyevin diqqət və qayğısı sayəsində
Azərbaycanın elm məbədgahı - Elmlər Akademiyası
yenidən dirçəliş yoluna qədəm qoydu.
Möhtərəm Heydər Əliyevin 2001-ci il 15 may
tarixli Fərmanı ilə Azərbaycan Elmlər
Akademiyasına "Milli Elmlər Akademiyası"
statusunun təsis edilməsi bu elm ocağının
hərtərəfli inkişafı üçün yüksək səviyyədə hüquqi
zəmin yaradıb. Akademiyanın elmi istiqamətləri
və elmi- tədqiqat işlərinin planları
ekspertizadan keçib, onun strukturunun
təkmilləşdirilməsi sahəsində konkret tədbirlər
görülüb.
2002-ci ilin may ayında elmi-texniki potensialın
istifadəsinin səmərəliliyini artırmaq və
prioritet istiqamətlərə yönəltmək məqsədi ilə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyətinin qərarlarına əsasən akademik M.Nağıyev
adına Kimya Texnologiyasının Nəzəri Problemləri
(1965) və Qeyri-üzvi və fiziki kimya (1935)
institutlarının bazasında Azərbaycan MEA-nın
akademik M.F.Nağıyev adına Kimya Problemləri
İnstitutu yaradılıb.
Bu institutun əsas elmi istiqamətləri
Azərbaycanın mineral sərvətlərinin kompleks
emalı və yerli xammal əsasında mühüm
monomerlərin və üzvi birləşmələrin sintezi üçün
yeni yüksək effektivliyə malik texnoloji proses
və aparatların işlənib hazırlanmasının, müəyyən
fiziki-kimyəvi xassələrə malik perspektiv
maddələrin sintezinin, effektiv sorbentlərin və
katalitik sistemlərin alınmasının, kimyəvi
reaksiyaların kinetika və mexanizminin
tədqiqinin, metalların korroziyadan
mühafizəsinin və elektrokimya üsullarının elmi
əsaslarının yaradılmasından ibarətdir.
Hazırda institutda 22 laboratoriya və 1 şöbə
fəaliyyət göstərir. Elmi personal AMEA-nın 3
həqiqi, 5 müxbir üzvündən, 38 elmlər və 202
fəlsəfə doktorundan ibarətdir və işçilərin ümumi
sayı 545 nəfərdir.
İnstitutda mürəkkəb kimya texnoloji
sistemlərinin modelləşdirilməsi və
optimallaşdırılması istiqamətində elmi-tədqiqat
işləri müvəffəqiyyətlə davam etdirilir.
Bu günlərdə AMEA-nın akademik M.F.Nağıyev adına
Kimya Problemləri İnstitutunun İnformasiya,
patent tədqiqatları və innovasiya şöbəsinin
rəhbəri, texnika üzrə fəlsəfə doktoru Manaf
Manafovdan aldığımız məlumatlardan - son iki
ildə (2010-2011) institut tərəfindən işlənmiş ən
perspektivli tədqiqatlar nəticəsində patent
almış ixtiralardan nümunə kimi aşağıdakıları
göstərmək olar.
Zənginləşdirilmiş superfosfatın alınma üsulu
İxtira zənginləşdirilmiş superfosfatın alınması
üsuluna aiddir.
Bu ixtiranın məqsədi zənginləşdirilmiş
superfosfatın alınması prosesinin
intensivləşdirilməsi və sulfat, fosfat
turşularının sərfinin azaldılmasıdır.
İxtiranın müəllifləri - A.M.Əliyev, M.Alosmanov
və A.Rzayevadır.
Fojazit tipli Na - Mg seolitin alınma üsulu
Bu ixtira kimya və neft kimyası sənayesində
sorbent və katalizator kimi tətbiq olunan
sintetik seolitlərin istehsal sahəsinə aiddir.
İxtiranın müəllifləri - D.M.Qənbərov,
S.B.Əliyeva, Q.M.Əliyeva, F.Cəlaləddinov və
H.Məmmədovadır.
İzoyağ aldehidinin alınma üsulu
İxtira izoyağ aldehidinin alınma üsuluna aiddir
və B5 vitamininin (pantoten turşusu), valin və
leysin kimi aminturşuların, izobutanolun
istehsalında, repellentlərin (məs. 2, 2,
4-trimetilpentan-1,3 diol), kiflənmə
inhibitorlarının, insektisidlərin və s.
alınmasında istifadə oluna bilər.
Bu ixtiranın müəllifləri - A.M.Əliyev,
Z.Əlixanov, Ə.Sarıcanov və S.Məcidovadır.
Mürəkkəb efiraminspirtlərin alınma üsulu
İxtira sənayenin müxtəlif sahələrində, o
cümlədən əczaçılıqda istifadə olunan mürəkkəb
efiraminspirtlərin alınma üsuluna aiddir.
İxtiranın məqsədi mürəkkəb efiraminspirtlərin
sadələşdirilmiş alınma üsulunun yaradılması,
məqsədli məhsulun çıxımının artırılması və
reaksiyanın temperaturunun aşağı salınmasıdır.
Bu ixtiranın müəllifləri - S.K.Şərifova və
S.B.Zeynalovdur.
Poladın korroziyadan mühafizəsi üçün inhibitor
İxtira metalların korroziyadan mühafizə sahəsinə
aiddir və ikifazalı (karbohidrogen-elektrolit)
və turş mühitlərdə poladın qorunmasında istifadə
oluna bilər.
İxtiranın məqsədi ikifazalı
(karbohidrogen-elektrolit) və turş mühitdə
poladın korroziyadan qorunma dərəcəsini
artırmaqdır.
Bu ixtiranın müəllifləri isə - İ.F.Məmmədyarova,
D.H.Səlixanova, K.C.Şirinov, A.M.Kazımov,
D.Ə.Baxışova, H.M.Tahirov, S.H.İbrahimova və
T.L.Hüseynzadədir.
Hazırladı: Ədalət DAŞDƏMİRLİ |