İdmançılarımız
parlaq qələbələri ilə bizi sevindirir, ölkəmizin
adını beynəlxalq arenalarda şərəflə təmsil edir,
üçrəngli dövlət bayrağımız möhtəşəm kürsülərdə
dalğalandırılır. Belə idmançılardan biri də 13
yaşlı Nicat Fərəcovdur. O, taekvando üzrə 53 kq
çəki dərəcəsində Azərbaycan çempionudur. Nicat
Fərəcov idmanı çox sevir. 1997-ci ildə Bakıda
anadan olub. Bakının Nərimanov rayonunda
yerləşən 177 nömrəli orta məktəbin VIII sinif
şagirdidir. Yaşıdlarından həmişə qeyri-adi
istedadı və bacarığı ilə fərqlənən Nicat
taekvando ilə altı yaşından məşğul olur.
Sonralar valideynləri bu idman növünə həvəsini
görüb onu Bakının Nəsimi rayonunda yerləşən 12
nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman Məktəbinə qoyurlar. Nicat
idman növünün sirlərini idman məktəbində
taekvando üzrə peşəkar müəllimi Elmir Fərəcovdan
öyrənməyə başlayır.
- Nicat, səndə idmanın bu növünə həvəs hardan
yarandı?
-
Ailəmiz də idmanı çox sevir. Əmim Elmir
Fərəcovun idmançı kimi uğurları məndə idmançı
olmağa həvəs oyatdı. Hələ uşaq yaşlarımda həmişə
əmimin idman formasını götürüb geyinmək
istəyərdim. Onun qələbələrini görüb
fərəhlənərdim. Həmişə istəyirdim ki, məni məşq
zallarına aparsın. Günlərin bir günü əmim məni
məşq zalına apardı. Orda məşq edən idmançıların
hərəkətlərinə diqqətlə baxardım. Bir dəfə uşaq
vaxtında olan hadisə indi də yadımıza düşəndə
gülürük. Əmim tezdən yeməyi yeyəndə həmin
hərəkətlərin birini ona qarşı elədim. Onun çayı
üstünə töküldü. Elə bildim ki, əmim mənə
əsəbiləşəcək, ancaq belə olmadı. O, sevinərək
dedi: "Sən bunu hardan öyrənmisən". Mənim zalda
məşğul olan uşaqlardan bunu öyrəndiyimi bildi.
"Taekvando ilə məşğul olsan sən güclü idmançı
ola bilərsən", - dedi.
- Yarış zamanı hansı hissləri keçirirsən?
-
Tatamiyə çıxanda ancaq qələbə qazanmaq haqqında
düşünürəm. Çalışıram ki, heç bir səhvə yol
verməyim, rəqib həmin anda bundan istifadə edə
bilər. Tələsmədən rəqibin nə edəcəyi haqqında
fikirləşirəm. Rəqibin ancaq gözlərindən onun nə
edəcəyini bilmək olar. Ən böyük arzum olimpiya
çempionu olmaqdır.
Nicat Fərəcovun qazandığı uğurlarda böyük
zəhməti olan əmisi, peşəkar və təcrübəli məşqçi
Elmir Fərəcov yetirməsi haqqında bu fikirdədir:
-
Nicatın məktəbdəki digər idmançılardan fərqi
ondadır ki, bunda çox güclü qavrama və götürmə
qabiliyyəti var. Məsələn, 2-3 il gələn
idmançıların o müddətdə götürdüklərini Nicat 5-6
ayda mənimsəmişdi. Onlara qalib gəlirdi.
Tatamidə onlarla sərbəst işləyirdi. Mən Nicata
güvənirəm. Arzu edirəm ki, o, Avropa və dünya
çempionu olsun. Hər bir məşqçi kimi mən də
yetirməmin qələbəsinə sevinirəm. İnanıram ki, o,
bütün ümidləri doğruldacaq və üçrəngli
bayrağımızı beynəlxalq yarışlarda zirvələrə
qaldıracaq.
Bakı şəhəri üzrə 12 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq -Gənclər İdman
Məktəbinin direktoru, Azərbaycan Respublikasının
əməkdar bədən tərbiyəsi və idman xadimi,
Azərbaycan "Şotokan" Karate do Federasiyasının
prezidenti, Ümumdünya Karate Federasiyasının
Azərbaycanda baş təlimatçısı və karate üzrə 5-ci
dan beynəlxalq qara kəmər ustası Elçin
Mehdizadə: - Sevindirici haldır ki, Azərbaycan
bu gün beynəlxalq idman aləmində idman ölkəsi
kimi tanınır. İdmançılarımız çempion olanda,
üçrəngli bayrağımız Dövlət himnimizin sədaları
altında zirvələrə qalxanda hər bir Azərbaycan
övladı kimi mən də qürur hissi keçirirəm.
Bu gün təhsil sisteminin bütün sahələrində
olduğu kimi, məktəbdənkənar müəssisələrdə də
əsaslı islahatlar aparılmışdır. İdman
məktəblərinin əsas vəzifəsi müasir tələblərə
uyğun olaraq uşaq və yeniyetmələrin müxtəlif
yaradıcılıq tələbatlarının təmin olunması,
onların intellektual səviyyələrinin inkişaf
etdirilməsi, dövlətçiliyə sədaqət, milli mənəvi
dəyərlərimizə dərin hörmət ruhunda formalaşması,
estetik hüquqi tərbiyələrinin, bədii və texniki
yaradıcılıq qabiliyyətlərinin inkişaf
etdirilməsi ilə əlaqədar məqsədyönlü işlər
aparılır. Məktəbdənkənar təhsil müəssisələrinə
daxil olan uşaq-gənclər idman məktəbləri
şagirdlərlə qurduğu pedaqoji işi dərslərdən
sonrakı vaxtlarda öz üzərinə götürərək,
şagirdlərin maraqlarına uyğun həyata keçirirlər.
Hər bir məktəbdənkənar müəssisə məktəblərlə daha
sıx əməkdaşlıq əlaqələri qurmalı və şagirdlərin
istək və maraqlarına uyğun daim
yeniləşdirməlidirlər. Bu gün idman məktəbinin
Nicat Fərəcov kimi yetirmələri Azərbaycanın
idman şərəfini qoruyaraq, ölkəmizi Avropa və
dünya çempionatlarında layiqli təmsil edirlər.
Rəşad ZİYADOV |