Malkin
Mixail 1996-cı ildə Bakıda anadan olub. O,
idmanın gimnastika növünün tamplik bölməsi üzrə
9 dəfə Azərbaycan birincisi və dünya
çempionatının altıncısıdır. Mixail 5 yaşından
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq -
Gənclər Gimnastika Məktəbində məşğul olur. O,
Bakının Biləcəri qəsəbəsində yerləşən Rizvan
Pirnəzərov adına 299 nömrəli məktəb - liseyin X
sinif şagirdidir.
Rubrikamızın budəfəki qonağı Mixail söhbət
zamanı bunları bildirdi:
- Əvvəlcə mənim üzərimdə əməyi olan
müəllimlərimə öz minnətdarlığımı çatdırıram.
Mənə həmişə yaxşı məsləhətlər verən, yol
göstərən onlardır. Çətin vəziyyətimdə ailəmlə
bərabər onların köməyini görmüşəm. Bütün
uğurlarıma görə müəllimlərimə borcluyam. Uşaq
vaxtlarımda həmişə televiziya verilişlərində
gimnast idmançıları görəndə özümü onlar kimi
güclü idmançı təsəvvür etmək istəyirdim. Bu
idman növünü çox sevirəm. Hərəkətləri yerinə
yetirəndə ilk vaxtlar çox qorxurdum. Sonralar
təcrübəli müəllimlərin köməyi sayəsində bu
hərəkətləri mənimsəyə bildim. İdman mənim
həyatımdır. Özümü onsuz təsəvvür edə bilmirəm.
Gimnastik hərəkətləri göstərəndə sanki özümdə
olmuram.
- Uğurların barədə nə deyə bilərsən?
- 2008-ci ildə 11 yaşımda Rusiyanın Krasnodar
şəhərində keçirilən beynəlxalq turnirdə III
yeri tutdum. 2009-cu ildə Stavropolda keçirilən
turnirdə III yerə layiq görüldüm. Həmin ilin
noyabrında keçirilən dünya çempionatında VI yerə
çıxdım. 2011 - ci ildə Rusiyada məktəblilər
arasında keçirilən beynəlxalq turnirdə III yeri
tutaraq dünya çempionatına vəsiqə qazandım. Ən
böyük arzum özümü dünya çempionu və olimpiya
birincisi kimi görməkdir. Olimpiya Ehtiyatları
Uşaq - Gənclər Gimnastika məktəbində bütün
idmançılar üçün yaxşı şərait yaradılıb. Burada
təcrübəli müəllimlərin köməyi sayəsində peşəkar
idmançılar yetişir.
Solmaz Kazımova, 299 nömrəli məktəb-liseyin
direktoru:
-
Mixail tərbiyəli və nümunəvi şagirddir. O,
məktəbin idman yarışlarında və hərbi
spartakiadalarda fəaldır, müəllimlərinin
məsləhətlərinə qulaq asan, tapşırıqlara əməl
edən bir şagird kimi özünü həmişə doğruldur.
M.Malkin haqqında yazı hazırlayarkən onun məşğul
olduğu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq - Gənclər Gimnastika Məktəbinin direktoru,
əməkdar məşqçi, Azərbaycan Respublikasının bədən
tərbiyəsi və idman xadimi Arif Qafarovun da
fikirlərini öyrəndik.
- İdmana göstərilən böyük diqqət və qayğıya görə
ölkə başçısı cənab İlham Əliyevə və xanımı
Mehriban Əliyevaya kollektivimiz və idmançılar
adından minnətdarlığımı bildirirəm.
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq -
Gənclər Gimnastika Məktəbi 1972-ci ildə
İxtisaslaşdırılmış Gimnastika Məktəbi kimi
fəaliyyətə başlayıb. 1988-ci ildə adı
dəyişdirilərək Olimpiya Ehtiyatları Uşaq -
Gənclər Gimnastika Məktəbi olub.
2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın köməyi sayəsində
məktəb müasir standartlara cavab verən səviyyədə
əsaslı təmir olundu. Məktəbə Almaniyadan və
başqa ölkələrdən müasir alətlər, avadanlıqlar
gətirildi.
Məktəbdə gimnastikanın dörd növü - akrobatika,
tamplik, idman və bədii gimnastika ilə 600-ə
yaxın idmançı məşğul olur. Məktəbin yetirmələri
hər il beynəlxalq turnirlərdə, Avropa və dünya
çempionatlarında iştirak edərək ölkəmizi layiqli
təmsil edirlər.
M.Malkini hərtərəfli və peşəkar idmançı kimi
görmək olar. O, daim öz üzərində çalışır və
bacarıqlıdır, verilən tapşırıqları, normativləri
digər idmançılardan tez yerinə yetirməklə həmişə
fərqlənir. Mixail ciddi hazırlaşır ki, Avropa
və dünya çempionatlarında yaxşı nəticələr əldə
etsin. Rusiyada təlim-məşq toplantılarında
iştirak edəcək. Biz ona güvənirik. Ümid edirik
ki, o, ümidlərimizi doğruldacaq və ölkəmizin
idman şərəfini möhtəşəm qələbəsi ilə qoruyacaq.
Rəşad ZİYADOV |