Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Noyabr 2011 - �44

 

Dünya universitetləri

 

Lids Universiteti

 
  Yerləşir:  Böyük Britaniya, İngiltərə, Lids şəhəri  
Yaranma tarixi: 1831-ci il
Tipi: Dövlət
İşçi heyəti:  7645 nəfər
Tələbələrin ümumi sayı: 33002  nəfər
İllik tədqiqat gəlirləri: 119 milyon funt-sterlinq
Rəsmi saytı: www.leeds.ac.uk
 

Lids Universiteti (University of Leeds) İngiltərənin  Qərbi Yorkşir vilayətinin Lids şəhərində yerləşir və Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. Universitet tələbə sayının çoxluğuna görə ölkənin ikinci ən böyük ali məktəbidir. 

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Lids Universiteti 100 ən yaxşı ali məktəb arasında 99-cu yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Lids Universiteti 168-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 85-ci yerdə qərarlaşıb. "QS World University Rankings"in 2011-2012-ci tədris ili üçün açıqladığı reytinq cədvəlində Lids Universiteti 93-cü, "Times Higher Education World University Rankings"in cədvəlində isə 133-cü yerdə dayanır.  

Lids Universiteti Rassell, Avropa Universitetləri, Birlik Ölkələri Universitetləri assosiasiyalarının, Beynəlxalq Universitetlər, Santander şəbəkələrinin, Ağ Qızılgül Universitet Konsorsiumunun  üzvüdür. 

Tarixi 

1831-ci ildə Lids şəhərində fəaliyyət göstərən 5 tibb müəssisəsinin ehtiyaclarını ödəmək məqsədilə şəhərdə Lids Tibb Məktəbi yaradılır. Bu məktəbdən başqa həmin dövrdə Yorkşir Dəqiq Elmlər Kolleci də fəaliyyət göstərirdi. 1851-ci ildən başlayaraq Yorkşir Dəqiq Elmlər Kolleci Mançester şəhərində yerləşən Ouens Kolleci modelinə uyğun olaraq dünyəvi təhsilə üstünlük verir. Bu kollec Almaniyanın texniki kolleclərinə müraciət edir, onların elmi nailiyyətlərindən proqressiv və praqmatik nümunə kimi istifadə edir. Yorkşir Dəqiq Elmlər Kollecində eksperimental fizika, riyaziyyat, geologiya, dağ-mədən sənayesi, kimya və biologiya, sonradan isə mühəndislik və toxuculuq texnologiyası sahələri tədris edilir. Kollecdə klassika, müasir ədəbiyyat və tarix ixtisasları tədris edildikdən sonra təhsil müəssisəsinin adı dəyişdirilərək Yorkşir Kolleci olur. 1874-cü ildə Yorkşir Kolleci və Lids Tibb Məktəbi birləşdirilir, burada orta təbəqənin və ticarətçilərin övladları təhsil alır. 1887-ci ildə Yorkşir Kolleci Lids Tibb Məktəbi ilə birgə Viktoriya Universitetinin tərkibinə qatılır. Həmin dövrdə Viktoriya Universitetinin tələbələri London Universiteti tərəfindən elmi dərəcələrlə təltif olunurdu.

Yorkşir Kolleci və Lids Tibb Məktəbində qızların təhsil almasına heç vaxt qadağa qoyulmayıb. Kollecə qəbul edilən ilk qız tələbə Müasir ədəbiyyat və pedaqogika fakültəsində təhsil alan Lilias Enni Klark olur. 1903-cü ildə əldə olunmuş Kral Nizamnaməsinə əsasən ilk olaraq Liverpul Universiteti Viktoriya Universitetinin tərkibindən çıxaraq müstəqil fəaliyyət göstərməyə başlayır. Bir il sonra kral VII Edvardın imzaladığı Nizamnamə ilə Lids Kolleci də Viktoriya Universitetinin tərkibində deyil,  müstəqil Lids Universiteti kimi fəaliyyət göstərir. 2004-cü ilədək Viktoriya Universiteti Viktoriya Mançester Universiteti kimi tanınır. 2004-cü il  oktyabrın  22-də Böyük  Britaniya kraliçası II Yelizavetanın fərmanına əsasən Viktoriya Mançester Universiteti və Mançester Elm və Texnologiya İnstitutu rəsmən birləşdirilərək Mançester Universiteti adı altında fəaliyyətlərini davam etdirirlər.  

Büdcəsi və təhsil haqqı 

2009-2010-cu tədris ilində Lids Universitetinin tədqiqat gəlirləri 119 milyon funt-sterlinq olub.

2011-2012-ci tədris ilində Lids Universitetində bakalavr səviyyəsində təhsil haqqı 10500-25000, magistratura səviyyəsində 11000-15000, doktorantura səviyyəsində isə 11500-20000 funt-sterlinq təşkil edir.

Lids Universitetində bir tədris ilində tələbəyə təhsil haqqını çıxmaq şərti ilə 10000 funt-sterlinqə qədər vəsait lazım  gəlir. Bu məbləğə yataqxana, qidalanma, daxili nəqliyyat, kitab, dəftərxana ləvazimatları, avadanlıq və digər lazımi əşyalar daxildir. Tələbənin seçdiyi həyat tərzindən asılı olaraq sərf olunan vəsait dəyişə də bilər.  

Universitet bu gün 

Lids Universiteti Lids şəhərində ümumilikdə 498 hektar (1230 akr) ərazini əhatə edir. Universitetin əsas kampusu Lids şəhərinin mərkəzindən 1,6 km şimalda yerləşir və 40 hektar ərazidən ibarətdir. Kampus əsasən qotik, art deko, brutalist və postmodern üslublarda inşa edilmiş binalardan ibarətdir. Kampusun əsas girişi Parkinson binasının yaxınlığındakı Vudhaus Leyndir. Kampusda yerləşən möhtəşəm binalardan universitetin Parkinson, Biznes Məktəbi, Qret Holl, Rocer Stivens və s. tikililərini qeyd etmək mümkündür. Lids Universitetinin kampusu müxtəlif üslublarda inşa edilmiş binalarla yanaşı yaşıllığı ilə də diqqəti cəlb edir. Yaşıl parklar, təbii ot örtüyü universitetə gələnlərin gözünü oxşayır və tələbələrin istirahət etdiyi əsas yerlərdəndir.

Lids Universitetində dekanlar tərəfindən idarə olunan, 560 bakalavr, 300  magistr və doktorluq kursları təklif edən 9 fakültə fəaliyyət göstərir.

İncəsənət fakültəsinə İngilis Dili, Tarix, Humanitar Elmlər, Müasir Dillər və Mədəniyyətlər məktəbləri, Müstəmləkə və Müstəmləkədən Sonrakı Tədqiqatlar, Lids Humanitar Tədqiqatlar və  Orta Əsrlər Tədqiqatları institutları daxildir.

Biologiya fakültəsi bakalavrlar üçün ayrı, magistr və doktorantlar üçün isə digər Biologiya Elmləri məktəblərindən, Membran və Sistem Biologiyası, Molekulyar və Hüceyrə Biologiyası, İnteqrativ və Korporativ Biologiya institutlarından ibarətdir.

Biznes fakültəsində Mühasibat və Maliyyə, İqtisadiyyat, Beynəlxalq Biznes, Menecment, Marketinq, Fəaliyyət və İşgüzar Əlaqələr məktəbləri fəaliyyət göstərir.

Təhsil, sosial elmlər və hüquq fakültəsinə Pedaqogika, Hüquq, Siyasi və Beynəlxalq Tədqiqatlar, Sosiologiya və Sosial Siyasət məktəbləri aiddir.

Mühəndislik fakültəsinə Vətəndaş Quruculuğu, Hesablama, Elektronika və Elektrik Mühəndisliyi, Maşınqayırma, Proses, Ekoloji və Material Mühəndisliyi məktəbləri daxildir. 

Ətraf mühit fakültəsi nəzdində Yer və Ətraf Mühit, Coğrafiya məktəbləri, Nəqliyyat Tədqiqatları İnstitutu fəaliyyət göstərir.

Riyaziyyat və fizika elmləri fakültəsində Kimya, Qida Elmləri və Düzgün Qidalanma, Riyaziyyat, Fizika, Astronomiya məktəbləri fəaliyyət göstərir.

Tibb və sağlamlıq elmləri fakültəsi Səhiyyə, Tibb məktəblərindən, Lids Stomatologiya, Genetika, Sağlamlıq və Terapiya, Sağlamlıq Elmləri, Tibbi Təhsil, Molekulyar Tibb,  Psixologiya Elmləri institutlarından ibarətdir. Universitetin Tibb Məktəbi Avropanın ən nüfüzlu təhsil ocaqlarından biridir. 2010-2011-ci illərdə bu məktəb "The Guardian" dərgisi tərəfindən ölkənin 11 ən yaxşı tibb məktəbindən biri kimi dəyərləndirilib.

İfaçılıq, təsviri incəsənət və kommunikasiya fakültəsi Kommunikasiya Tədqiqatları, Dizayn, İncəsənət, İncəsənətin Tarixi və Mədəniyyətşünaslıq, Musiqi, İfaçılıq və Mədəniyyət məktəblərinə bölünüb. 

Lids Universitetinin kitabxanası 3 milyona yaxın kitab, 26000-dən çox çap olunmuş və elektron jurnal, 850 verilənlər bazası, 6000 elektron kitab və digər materiallara sahiblik edərək ölkənin ən böyük kitabxanaları sırasındadır. Universitetin Brazerton kitabxanasında incəsənət, sosial elmlər və hüquq sahələrini əhatə edən kitablar toplanıb. Tibb, stomatologiya və səhiyyə sahələrinə aid kitablar Uorsli binasında yerləşən Sağlamlıq Elmləri kitabxanasında, dəqiq elmlər, mühəndislik sahələrinə aid kitablar isə Edvard Boyl kitabxanasında saxlanılır. Eyni zamanda universitet kitabxanası XV əsrdən XX əsrədək tarixi əhatə edən xüsusi kolleksiyaya, Amadeus Motsartın və Lüdviq van Bethovenin musiqi əsərlərinə, Şekspirin 1623-cü ildə nəşr edilmiş əsərlərinə və digər kolleksiyalara sahiblik edir.   

Lids Universitetində Universitet Məhkəməsi, Şurası və Senatı fəaliyyət göstərir. Universitetin hazırkı kansleri cənab Melvin Braq, vitse-kansleri isə professor Maykl Arturdur. 7645 nəfər əməkdaşı olan Lids Universiteti ölkənin ən çox işçi qüvvəsinə malik ali məktəblərindən biridir. Universitetdə çalışanlar arasında 97 millətin nümayəndəsi vardır.

Lids Universitetində ümumilikdə 33002 nəfər tələbə təhsil alır. Onların 25000  nəfəri bakalavr, 8000 nəfəri isə magistr və doktorantlardır. Tələbələrin 29015 nəfəri əyani, 3987 nəfəri isə qiyabi təhsil alır. Universitetdə dünyanın 142 ölkəsindən minlərlə əcnəbi tələbə oxuyur.

Lids Universitetinin Tələbə Təşkilatı ölkənin ən böyük tələbə birliyindən biridir. 3000-dən çox klub, cəmiyyət və birlikdən ibarət olan universitetin Tələbə Təşkilatı tələbələrin asudə vaxtlarının təşkili, onların yataqxana və işlə təmin olunması məsələlərinə nəzarət edir.

Universitetdə yerli, əcnəbi tələbələri, tədqiqatçıları, əməkdaşları yerləşdirə biləcək yataqxanalar fəaliyyət göstərir. Yataqxanaların 4-ü (Moris Holl, Henri Prays, Ellersli Holl və Liddon Holl) kampus daxilində, digər yataqxanalar isə kampusdan kənarda fəaliyyət göstərir. Bu yataqxanalar Karr Mils, Klarens Dok, Ceyms Beyli Park, Leodis, Lupton, Montaqu Barton, Nort Hill Kart, Opal 3, Oksli, Sentinel, Tenneri, Şimmin və Sent Marksdır. Lids Universitetinə qəbul olunan bütün birinci kurs tələbələrinə yataqxanada otaqla təmin olunmaları haqqında zəmanət verilir. Yataqxanada otaqla təmin oluna bilməyən tələbələr özəl şirkətlərin təklif etdiyi yataqxanalardan da yararlana bilərlər.

Lids Universiteti təlim və tədqiqat sahəsində qazandığı nailiyyətləri bölüşmək üçün dünyanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Avropanın bir çox ali məktəbi kimi Lids Universiteti də Erasmus Mundus proqramında iştirak edir, tələbə mübadiləsi proqramını həyata keçirir və  qlobal tədqiqatlar aparmaqla dünyanın diqqətini özünə cəlb edir.  

Universitetin məşhur məzunları 

  Bekele Geleta Monqolustanın sabiq prezidenti  
  Cek Strou  Böyük Britaniyanın sabiq dövlət katibi  
  Mark Biford BBC-nin baş direktorunun müavini  
  Nikolas Uitçel  BBC-nin xəbərlər üzrə müxbiri  
  Uilyam Henri Breq fizika üzrə Nobel mükafatı laureatı  
  Corc Porter   tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Pyers Sellers  NASA-nın astronavtı  
  Kris Payn amerikalı Hollivud aktyoru  

              

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov