Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - �45

 

Dünya təhsili

 

Danimarka Krallığının təhsil sistemi

 
 

Danimarka Krallığı

 
   
Ərazisi:  43,098 km²   
Əhalisi:

5,557 milyon nəfər

Paytaxtı: Kopenhagen şəhəri
Dövlət dili: Danimarka dili
Pul vahidi:  Danimarka kronu
 

Təhsil sistemi 

Danimarkada təhsilin ilkin təşəkkül tarixi IX əsrə təsadüf edir. XII-XIII əsrlərdə kilsənin nəzdində qrammatika məktəbləri yaradılıb. I Kral Kristian Roma Papasının icazəsi ilə 1479-cu ildə Kopenhagen Universitetini inşa etdirib. Kopenhagen Universiteti 400 ilə yaxın müddətdə yeganə təhsil müəssisəsi kimi fəaliyyət göstərib. Yalnız XIX əsrdə bir sıra ixtisaslaşmış institutlar təşəkkül tapıb. Bununla da ölkənin təhsil sistemi inkişaf etməyə başlayıb.

Şimali Avropada yerləşən, konstitusiyalı monarxiya idarə üsuluna malik olan Danimarkada ibtidai təhsil müstəqil təhsil pilləsi deyil. İbtidai təhsilin daxil olduğu əsas təhsil pilləsi 9 və ya 10 il davam edir. Təhsil əsasən Danimarka dilində aparılır.

Ölkə əhalisinin 99 faizi savadlıdır. 1971-ci ildə icbari təhsil dövrü 7 ildən 9 ilə qaldırılıb. Hazırda 10 illik təhsil icbari xarakter daşıyır. Tam orta təhsil 11 il davam edir. Dövlət tərəfindən maliyyələşdirilən təhsil ödənişsiz əsaslarla aparılır və hər bir vətəndaşa bərabər təhsil almaq imkanı yaradılır.

Danimarka 1999-cu ildə Boloniya bəyannaməsini imzalayan 29 ölkədən biridir. Avropada ali təhsilin pulsuz olduğu Danimarkada 17 dövlət universiteti, 17 universitet kolleci və 50 institut var. İngilisdilli ali məktəblərə qəbul olmaq üçün TOEFL imtahanından 80, IELTS imtahanından isə 6 bal toplamaq tələb olunur.

Müxtəlif təhsil müəssisələri ayrı-ayrı nazirliklər tərəfindən idarə olunur. Təhsil Nazirliyi ibtidai, orta və orta təhsilin yuxarı pilləsi, peşə təhsili və təlimi, eləcə də yaşlıların təhsili üzrə cavabdehlik daşıyır. Bağçalar və məktəbəqədər təhsil müəssisələri Sosial İşlər Nazirliyinə, universitetlər, elmi-tədqiqat müəssisələri Elm, Texnologiya və İnnovasiya Nazirliyinə, incəsənət, kitabxanaçılıq, arxitektura üzrə mütəxəssislər hazırlayan tədris ocaqları Mədəniyyət Nazirliyinə, hərbi təhsil müəssisələri isə Müdafiə Nazirliyinə tabedir.

Bütün pillələrdə təhsilalanlara müstəqil şəxsiyyət kimi yanaşılması, müzakirə və diskussiyalarda onların rəyinin dinlənilməsi kimi məsələlərə xüsusi diqqət yetirilir. Şagirdlər, tələbələr fərdi, eləcə də qrup daxilində öz bilik səviyyələrinə uyğun layihələr və təqdimatlar hazırlayırlar. Danimarka təhsil sisteminin əsas xüsusiyyəti yüksək standartlara cavab verməsi, ömürboyu öyrənmə prinsipinin qorunması, fənlərarası inteqrasiyanın təmin olunması məsələləri ilə xarakterizə edilir.

Ölkənin əmək bazarı öyrənilərək yaşlıların təhsilinə xüsusi diqqət yetirilir. Hazırda Danimarkada yaşlıların təhsili və fasiləsiz təlim xidmətləri göstərən bir sıra tədris müəssisələri fəaliyyət göstərir. Onlardan Özəl Əmək Bazarı Təlim mərkəzləri, Yaşlıların Təhsili mərkəzləri, Xalq Ali məktəbləri, Danimarka Dil mərkəzlərinin adlarını çəkmək olar. Yaşlıların Peşə Təhsili və Təlimi üzrə Milli Şura əmək bazarının real tələbatını öyrənməklə Təhsil Nazirliyinə, eləcə də müvafiq təlim və təhsil komitələrinə mütəmadi tövsiyələr verir.

 Danimarkada ümumi milli xərclərin 15,6 faizi təhsil sahəsinə ayrılır. 2012-ci il üçün nəzərdə tutulan maliyyə aktında təhsil sahəsinə ayrılan büdcə vəsaiti 2,6 milyard kron artırılıb. Belə ki, gələn il orta təhsilin yuxarı pilləsinə 19 milyard kron, ali təhsil sahəsinə 6 milyard kron ayrılıb. 18 milyard kron isə qrant və kreditlər üçün nəzərdə tutulub. 

Məktəbəqədər təhsil 

Danimarkada məktəbəqədər təhsil müəssisələrinin dörd növü var. Ölkədə 3 yaşına qədər olan körpələr üçün nəzərdə tutulan gündəlik uşaq bağçaları, dövlət məktəblərinin nəzdindəki könüllü məktəbəqədər hazırlıq sinifləri və 3 aylığından 14 yaşına qədər uşaqlara xidmət göstərən inteqrasiya edilmiş təhsil müəssisələri fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrində davamiyyət icbari xarakter daşımır.

Uşaq bağçaları, uşaq qayğı mərkəzləri və hazırlıq sinifləri dövlət tərəfindən yerli qurumlara ayrılmış vəsaitlər hesabına maliyyələşir. Bələdiyyələr daxilində fəaliyyət göstərən məktəbəqədər hazırlıq siniflərinin maliyyə xərclərini yerli özünüidarəetmə qurumları ödəyirlər. Lakin özəl məktəbəqədər müəssisələr üçün ödəniş tələb olunur.

Danimarkada ilk məktəbəqədər təhsil müəssisəsinin yaradılması 1820-ci ilə təsadüf edir. 1850-ci ildən 1900-cü ilə qədər yarım günlük iş qrafiki ilə işləyən özəl təhsil müəssisələri fəaliyyət göstərirdi.

Elm, Texnologiya və İnnovasiya Nazirliyi və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinin işinin daha səmərəli təşkili üçün müxtəlif qrant proqramlarını həyata keçirirlər. Məktəbəqədər təhsil müəssisələrinə baş müəllimlər rəhbərlik edir. Uşaqlar məktəbəqədər təhsil müəssisələrinə-körpələr evinə 6 aylıqdan, inteqrasiyalı təhsil müəssisələrinə 1 yaşdan, uşaq bağçalarına 3 yaşdan, məktəbəqədər siniflərə 5-6 yaşdan etibarən qəbul olunur.

1993-cü ildən məktəbəqədər təhsildə uşaqbaşına maliyyələşmə mexanizmi tətbiq edilir. Məktəbəqədər təhsil müəssisələri həftənin 5 günü işləyir. Dərs cədvəlini müəyyən etmək məktəbəqədər təhsil müəssisələrinin ixtiyarına verilir.

Məktəbəqədər təhsil müəssisələrində dil və ifadə vasitələri, təbiət və təbiət elmləri anlayışı, musiqi, idman, ictimai bacarıqlar, əməkdaşlıq kimi mövzular tədris olunur. Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində işləyən müəllimlərə tədrisin məzmunu, təlim üsulları və didaktik materialları seçmək baxımından tam sərbəstlik verilir.

Məktəbəqədər təhsil müəssisəsində tədris uşaqlar üçün oyun və digər inkişafetdirici  tapşırıqlar üzərində qurulur. Uşaqlara oturmaq, fikrini ifadə etmək və şəkil çəkmək kimi bacarıqlar aşılanır.

Azyaşlı uşaqların təlim bacarıqları əsasən qeyri-rəsmi müşahidə və müvafiq monitorinq əsasında qiymətləndirilir. Valideynlərin iştirakı ilə mütəmadi valideyn məsləhətləşmə saatları keçirilir. Bu məsləhətləşmələr zamanı uşaqların güclü və zəif cəhətləri, onların digər uşaqlarla münasibətləri müəyyənləşdirilir, valideynlərin fikir və təklifləri dinlənilir. 

Orta təhsil 

Danimarkada orta təhsil digər ölkələrdə olduğu kimi, ibtidai və orta təhsil səviyyələrinə bölünmür. Orta təhsil icbari xarakter daşıyır. 6-7 yaşdan 16 yaşına qədər danimarkalıların hamısı icbari orta təhsil almalıdırlar. Dövlət məktəbləri 11 il müddətinə icbari təhsilin tam dövrünü əhatə edir. Dövlət məktəbləri 1 illik hazırlıq sinfindən və 9 illik orta təhsil dövründən ibarətdir. Dövlət məktəblərində məktəbəqədər təhsil dövrü ödənişsiz əsaslarla həyata keçirilir.

Dövlət məktəbləri ilə yanaşı, ödənişli əsaslarla fəaliyyət göstərən özəl təhsil müəssisələri də mövcuddur. Valideynlər uşaqlarının təhsil almaları üçün öz bələdiyyələri daxilində istənilən məktəbi seçməkdə sərbəstdirlər. Ümumi kurikulum və təlimatlar Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir. Kurikulum üç fənn bloku-humanitar fənlər, praktiki və incəsənət fənləri, eləcə də təbiət elmləri bölmələrindən ibarətdir. Şagirdlər maraq göstərdikləri müxtəlif fənn bölməsini seçə bilərlər.

Orta təhsil pilləsini başa vuran şagirdlər 10 fənn üzrə buraxılış imtahanı verirlər. Orta məktəbin sonunda bütün şagirdlərə tədris olunan fənlərin siyahısı və qiymətləri qeyd olunmuş buraxılış vərəqəsi təqdim edilir. Şagirdlərin VII sinfə qədər bütün fənlərə dair qiymətləri haqqında valideynlərə məlumat verilir. VIII sinifdən etibarən isə yalnız o fənlər qiymətləndirilir ki, şagirdlər X sinfi bitirəndə həmin fənlərdən buraxılış imtahanı verəcəklər.

İcbari orta təhsil dövründən sonra orta yuxarı təhsil və orta yuxarı təhsildən sonrakı dövr gəlir. Ümumi orta təhsil dövrü gimnaziyalarda da davam etdirilə bilər. Gimnaziyalarda təhsil 3 il davam edir və şagirdlər sonda imtahan verirlər. Gimnaziyanı bitirən məzunlar ali təhsil istiqaməti baxımından bir növ ixtisaslaşırlar.

Ölkədə təxminən 1605 bələdiyyə məktəbində 595573 şagird təhsil alır. Hər sinifdə orta hesabla 19,6 şagird təhsil alır. Müəllim şagird nisbəti isə 1:10,7-dir. Orta məktəbdə tədris ili 40 həftə və ya 200 gün davam edir.

Bələdiyyə məktəblərində şagirdbaşına maliyyələşmə sistemindən istifadə olunmur. Bələdiyyələr öz məktəbləri üçün hansı maliyyələşmə sistemini seçmək məsələsində sərbəstdirlər. Lakin bütün məktəblər Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş minimum tələblər əsasında fəaliyyət göstərir.

VII və IX siniflərdə ikinci xarici dil kimi alman və fransız dilləri tədris olunur. Seçmə fənlər və mövzular əsasən VIII-IX siniflərdə tədris edilir. X sinifdə şagirdlərə əlavə olaraq, latın dili öyrədilir, riyaziyyat və ingilis dili icbari fənlər kimi həftədə 14 saat keçirilir. 

Texniki peşə təhsili

 Ölkədə peşə təhsilinin ilkin təşəkkül tarixi orta əsrlərə təsadüf edir. Həmin dövrdə hər bir peşə sahəsi ilə məşğul olan sənətkarlar, onların şagirdləri və xırda sexlər fəaliyyət göstərirdi. XIX əsrdə kapitalizm quruluşunda baş verən dəyişikliklər usta sexlərinin və müstəqil fəaliyyət göstərən ustaların sayının azalmasına səbəb oldu. Bununla da müstəqil peşə təlimi qurumlarının yaranması zərurəti meydana çıxdı.

Əmək bazarının tələbatının daha dolğun şəkildə ödənməsini təmin etmək məqsədilə 1999-cu ildə Danimarka parlamenti tərəfindən yeni Peşə Təhsili və Təlimi Aktı qəbul edildi. Qanun qüvvəyə mindikdən sonra bu sahədə əsaslı dəyişikliklər baş verdi. Bu dəyişiklik əsasən kommersiya xarakterli Peşə Təhsili Proqramında özünü göstərir. Kommersiya xarakterli Peşə Təhsili Proqramı üzrə aparılan islahatlar və prinsiplər hazırda texniki proqramlarda aparılan islahatların əsasını təşkil edir.

Ölkənin texniki peşə təhsili müəssisələrində çoxsaylı ixtisaslar üzrə mütəxəssislər hazırlanır. İxtisaslardan asılı olaraq təhsil müddəti 1,5-5,5 il arasında dəyişir.

Peşə kolleclərində nəzəri və praktik biliklərin inteqrasiyası əsasında tədris aparılır. Bu zaman əmək bazarının tələbatına uyğun bilik və bacarıqlara üstünlük verilir. 

Ali təhsil

 Danimarkada müxtəlif ali təhsil müəssisələri fəaliyyət göstərir. Ali təhsil müəssisələri-universitet kollecləri, universitetlər, universitet səviyyəli institutlara bölünür. Hər bir ali təhsil müəssisəsinə tələbə qəbulu prosesində sərbəstlik verilir. Akademik təhsil ili sentyabrın 1-də başlanır və iyulun 1-də başa çatır.

 Peşəyönümlü ali təhsil akademiyaları biznes, texnologiya və informasiya-kommunikasiya texnologiyaları sahəsində mütəxəssislər hazırlayır. Universitet kollecləri və ixtisaslaşmış kolleclərdə biznes, təhsil, mühəndislik və tibb bacısı ixtisasları verilir. Təhsil müddətində əsasən tələbələrin müvafiq nəzəri və praktik biliklər qazanması məsələlərinə diqqət yetirilir.

Danimarka universitetlərinin, demək olar ki, hamısı tədqiqatyönümlü təhsil proqramları təklif edir. Bakalavriat səviyyəsini bitirən məzunlar müəyyən peşə sahəsində ixtisaslaşmış mütəxəssis hesab olunur.

Universitet səviyyəli institutlar Danimarka Mədəniyyət Nazirliyi tərəfindən idarə edilir. Bu tədris ocaqlarında əsasən arxitektura, dizayn, musiqi, təsviri incəsənət kimi sahələr üzrə dərəcə proqramları təklif edilir. Məzunlara topladıqları kreditlərə uyğun olaraq bakalavr, magistr və fəlsəfə doktoru dərəcələri verilir. Fiziki cəhətdən qüsurlu tələbələr üçün xüsusi tədris qrupları təşkil edilir.

Ali təhsil müəssisələri adambaşına maliyyələşmə sistemi üzrə fəaliyyət göstərir. Bu qayda ilə ayrılmış vəsait fənn sahəsindən və təhsil səviyyəsindən, o cümlədən tələbələrin tədris uğurlarından asılı olaraq dəyişə bilər.

Danimarkanın nüfuzlu ali təhsil müəssisələri sırasında Kopenhagen, Cənubi Danimarka, Aolborq, Roskild universitetlərinin adlarını çəkmək olar. Bu universitetlər əsasən incəsənət və təbiət elmləri sahəsində mütəxəssis hazırlayırlar. Kopenhagen Biznes Məktəbi, Metropolitan Universitet Kolleci, Kapital Universitet Kolleci, Lillbelt Universitet Kolleci, Silənd Universitet Kolleci, Cənubi Universitet Kolleci, Qərbi Yutlandiya Universitet Kolleci isə əsasən biznes və peşəyönümlü mütəxəssis hazırlığını həyata keçirirlər.

Ölkənin ən qədim ali təhsil müəssisələrindən biri Aarhhus Universiteti hesab edilir. 1928-ci ildə yaradılmış universitetdə 32000-dən artıq tələbə təhsil alır. Bu ali məktəb dünyanın ən yaxşı 100 universiteti siyahısındadır. Hər il 1000-dən çox əcnəbi tələbə bu universitetə üz tutur.

Onu da qeyd edək ki, Danimarkada təhsil almağa gələn əcnəbilərdən yaşayış vizası tələb olunur. Yaşayış vizasını əldə edən əcnəbi tələbələr ali təhsil proqramları, gənclərin təhsili proqramları üzrə və dövlət məktəblərində təhsil ala bilərlər. Skandinaviya ölkələrindən olan əcnəbi tələbələr isə vizasız Danimarkada yaşamaq, təhsil almaq və işləmək imkanına malikdirlər.

Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Elm, Texnologiya və İnnovasiya Nazirliyi ali təhsilin idarə olunmasını birgə həyata keçirirlər. Danimarka Qiymətləndirmə İnstitutu təhsil sisteminin bütün səviyyələrində tədris və təlimin keyfiyyətinə nəzarət edir. Bu institut müstəqil bir qurum kimi həm fərdi təşəbbüsü, həm də hökumət, nazirliklər, məsləhət şuraları və yerli qurumların sifarişi əsasında təhsilin keyfiyyətini qiymətləndirir.

Danimarkanın ali təhsil müəssisələrində bakalavriat pilləsi üzrə təhsil almaq istəyən əcnəbilərdən TOEFL və IELTS imtahanları vermək tələb olunur. Danimarka dilində olan proqramlarda təhsil almaq üçün bu dil üzrə bilik səviyyəsini müəyyənləşdirən imtahandan keçmək lazımdır. Magistr proqramlarında təhsil almaq istəyənlər isə beynəlxalq səviyyədə tanınmış bakalavr dərəcəsinə sahib olmalı, ingilis və Danimarka dilini bilməlidirlər.

Digər Avropa ölkələrində olduğu kimi, universitetlərdə 3 illik bakalavr proqramı, 2 illik kandidatura-magistr proqramı və 3 illik fəlsəfə doktoru proqramları təklif olunur. 2003-cü ildə qəbul edilmiş müvafiq qanunvericilik aktına uyğun olaraq, universitetlər dövlət tərəfindən maliyyələşdirilir.

Danimarka ali təhsil müəssisələrində akademik təhsil və ali peşə təhsili arasında müəyyən fərqlər mövcuddur. Ali təhsildə ingilis dilinə yer verilsə də, əsas tədris dili Danimarka dilidir.

Ölkədə 2007-ci ildən fəaliyyət göstərən akkreditasiya sistemi Təhsil üzrə Akkreditasiya Agentliyinin aktı əsasında tənzimlənir. Bu aktın tələblərinin yerinə yetirilməsinə Elm, Texnologiya və İnnovasiya Nazirliyi nəzarət edir. Akkreditasiya aktına əsasən Akkreditasiya Şurası ali təhsil proqramlarının akkreditasiyası ilə bağlı qərarlar qəbul edir. Universitetlərdə tədris olunan təhsil proqramları da Elm, Texnologiya və İnnovasiya Nazirliyi tərəfindən təsdiq olunur.

 Elmi tədqiqatlar  

Elmi tədqiqatlar sahəsinə xüsusi diqqət yetirən Danimarkada elmi araşdırmalar əsasən universitetlərdə aparılır. 2007-ci ildə aparılan islahatlardan sonra dövlət elmi tədqiqat sifarışlərini əsasən universitetlərə verir.

Hökumətin tədqiqat institutları universitetlərin daxilində fəaliyyət göstərir. Tədqiqat işləri əsasən Kopenhagen Universiteti, Aarhhus Universiteti, Aalborq Universiteti, Cənubi Danimarka Universiteti, Roskilde Universiteti, Danimarka Texniki Universiteti, Kopenhagen İnformasiya-Kommunikasiya Texnologiyaları Universiteti və Kopenhagen Biznes Universitetində aparılır.

Danimarkada universitetlərlə yanaşı, müxtəlif nazirliklərin nəzdində fəaliyyət göstərən çoxsaylı elmi-tədqiqat institutları və mərkəzlər də mövcuddur. Onlardan Enerji Nazirliyinin tabeliyindəki Meteorologiya İnstitutunu, Elm, Texnologiya və İnnovasiya Nazirliyinin nəzdindəki Elmi Kompüterləşdirmə üzrə Danimarka Mərkəzini və Səhiyyə Nazirliyinin elmi-tədqiqat mərkəzlərini göstərmək olar.

Aparılan elmi tədqiqatlar işləri dövlət siyasətinin düzgün müəyyənləşdirilməsi, texnoloji imkanların artırılması, biznes mühitinin müəyyənləşdirilməsi, bəşəriyyətin tədqiqi və ölkə əhalisinin rifahının yüksəldilməsi kimi məsələləri əhatə edir. Bundan əlavə, mühüm elmi kəşfləri və innovasiyaları həyata keçirən bir sıra elmi-tədqiqat mərkəzləri də fəaliyyət göstərir. Bu mərkəzlərdə sosial-siyasi məsələlər, tibbi diaqnoz, profilaktika, müalicə, genetika, infeksion xəstəliklər, bioloji təhlükələrin qarşısının alınması, anadangəlmə xəstəliklərin müalicəsi, əqli zəiflik, görmə orqanlarının xəstəlikləri təhlil edilir və müvafiq istiqamətlərdə tədqiqatlar aparılır. 

Beynəlxalq əməkdaşlıq 

 Danimarkada təhsil sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilir. Beynəlxalq əməkdaşlığın əsas məqsədi qloballaşan dünyanın tələb və ehtiyaclarının ödənilməsi baxımından yüksək ixtisaslı mütəxəssis hazırlığı işinin səmərəliliyini artırmaqdan ibarətdir. Bütün bunlara mədəniyyətlərarası anlaşma, bilik mübadiləsi, o cümlədən dünyadakı qabaqcıl təcrübənin ümumi təhsil sisteminə tətbiq edilməsi vasitəsilə nail olmaq mümkündür.

Ölkə hökumətinin əsas məqsədi Danimarkanı bilikyönümlü iqtisadiyyata qovuşdurmaq, cəmiyyətin inkişaf dinamikasını yüksəltmək və dünya miqyasında rəqabətyönümlü təhsil proqramları təklif etməkdən ibarətdir. Danimarka vətəndaşları üçün ən yaxşı təhsil imkanlarının yaradılması, beynəlxalq aləmdə ölkə haqqında düzgün təsəvvürün formalaşdırılması, təhsil sistemini gücləndirməklə istedadlı tələbələrin və tədqiqatçıların ölkəyə cəlb edilməsi də qarşıda duran ən vacib hədəflərdəndir.

Hökumət Avropa İttifaqı, Avropa Şurası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, YUNESKO və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlarla təhsil sahəsində əlaqələri inkişaf etdirir. Danimarka institutları və digər ali məktəblər həm Avropa daxilində, həm də bütün dünyada beynəlxalq əməkdaşlıq və mübadilə proqramlarında fəal tərəfdaş kimi tanınıblar. 

Bəşarət MƏMMƏDOV,

Dilrubə BAYRAMOVA 

Yazının hazırlanmasında Danimarka Krallığının Təhsil, Elm, Texnologiya və İnnovasiya nazirliklərinin rəsmi materiallarından istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov