Naxçıvan Dövlət Universitetitndə 20 Yanvar faciəsinə
həsr olunmuş mərasim keçirildi. Giriş sözü ilə çıxış
edən rektor, akademik İsa Həbibbəyli 20 Yanvarın
Azərbaycan xalqının milli azadlıq hərəkatı və
müstəqillik tarixində şanlı səhifə olduğunu qeyd etdi.
Vurğulandı ki, bu faciə milli birlik və ləyaqətimizi
sübut etdi, bütövlükdə zülmə, əsarətə, qətliama qarşı
mübarizə rəmzinə çevrildi. Akademik, millət vəkili İsa
Həbibbəyli xalqımıza qarşı törədilmiş qanlı terror
aktına siyasi-hüquqi qiymət verilməsində ümummilli lider
Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etdi.
Azərbaycan xalqının milli müstəqilliyi uğrunda qurban
getmiş şəhidlərin ruhu dərin ehtiramla yad edildi. Sonra
Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə
fəlsəfə doktoru Elçin Zamanov "20 Yanvar - xalqımızın
qan yaddaşı", Ümumi tarix kafedrasının baş müəllimi,
tarix elmləri namizədi Abdulla Mustafayev "20 Yanvar
faciəsinin tarixi, sosial-siyasi kökləri və ibrət
dərsləri", universitet Gənclər Təşkilatının sədri,
magistr Arzu Abdullayev "Milli azadlıq uğrunda şərəfli
mübarizə yolu" mövzusunda məruzələr etdilər.
Məruzələrdə qeyd olundu ki, bu faciə XX əsr boyu
xalqımıza qarşı yeridilən, düşünülmüş siyasətin davamı
idi. Azərbaycan ərazilərinin tədricən ilhaq olunması,
qondarma Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların
əzəli torpaqlarından qovulması, süqutu labüd olan
işğalçı sovet imperiyasının özünüxilas cəhdləri
Azərbaycan xalqını müstəqillik uğrunda ölüm-dirim
mücadiləsinə qaldırmışdı. Milli azadlıq hərəkatını
boğmaq üçün xəyanətkar dövlət başçılarının dəstəyi ilə
keçmiş SSRİ-nin böyük əksəriyyəti ermənilərdən ibarət
olan silahlı ordusu Bakıda növbəti soyqırımı aktı
törətmiş, 20 mindən artıq hərbçinin, güclü hərbi
texnikanın iştirakı ilə dinc, günahsız insanlar, qadın
və uşaqlar, qocalar kütləvi şəkildə qırılmış, eyni
zamanda Naxçıvan erməni təcavüzünə məruz qalmışdır.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə
ölkədə demokratiya və siyasi sabitlik bərqərar olmuş,
müstəqil dövlət quruculuğu istiqamətində mühüm işlər
görülmüşdür. Bu gün ölkə başçısı İlham Əliyevin
yürütdüyü uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan
siyasi, iqtisadi cəhətdən inkişaf edir, ərazi
bütövlüyünün təmin olunması üçün qətiyyətli siyasi
addımlar atılır.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |