Yanvarın 30-da Gəncliyə Yardım Fondunda "SOS Uşaq
Kəndləri - Azərbaycan" Assosiasiyası 2 fevral - Gənclər
Gününə həsr olunmuş tədbir keçirmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə assosiasiyanın
fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.
Tədbirdə çıxış edənlər təşkilatın həyata keçirdiyi
layihələr barədə məlumat vermiş, gələcəkdə görüləcək
işlərdən danışmışlar.
Bildirilmişdir ki, hər bir millətin yaşaması və inkişafı
üçün gənclərin sağlam, savadlı və vətənpərvər böyüməsi
ən ümdə məsələdir. 1996-cı il fevralın 2-də ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə müstəqil
Azərbaycan dövlətinin gənclər forumu keçirilmiş və elə
həmin gün ölkəmizin tarixinə Gənclər Günü kimi
yazılmışdır.
Sonra "Breyn-rinq" intellektual yarışması keçirilmişdir.
Əsrimizin bəlası olan HİV, vərəm, narkotik maddələrdən
istifadə, tütün asılılığının insanlara vurduğu ziyanlar
və bunun qarşısını almaq üçün atılan addımlar mövzusunda
keçirilən yarışda qaliblər diplom və hədiyyələrlə
mükafatlandırılmışlar.
"SOS Uşaq Kəndləri"nin 1-ci və 2-ci gənclər evinin
sakinləri, həmçinin alternativ qayğını tərk etmiş və
tərk etməkdə olan gəncləri özündə birləşdirən Gənclərin
Güvənc Körpüsü Şəbəkəsinin üzvləri də bədii proqramla
çıxış etmişlər. |