Fevralın
6-8-də Qafqaz Universitetində Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya, BMT-nin İnkişaf Proqramı (UNDP),
BMT-nin Koreya Respublikasında yerləşən Asiya və Sakit
Okean Hövzəsi üzrə İKT Təlim Mərkəzi (APCICT) və Qafqaz
Universitetinin birgə təşkilatçılığı ilə "Rəhbər dövlət
qulluqçuları üçün əsas İKT bilikləri Akademiyası"
mövzusunda seminar keçirilib.
Seminarda məqsəd elektron hökumət və İKT-nin dövlət
qulluğu sistemində tətbiqinin təkmilləşdirilməsi
sahəsində rəhbər vəzifə tutan dövlət qulluqçularının
bilik və bacarıqlarının artırılmasından, onların təlimçi
kimi təmsil etdikləri dövlət orqanlarında bu sahədə
təlim keçmələrinə hazırlanmalarından ibarət idi.
Seminarın fevralın 6-da keçirilən tanışlıq sessiyasını
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç
açaraq iştirakçıları salamladı, bu mötəbər məclisin
universitetlərində keçirilməsindən qürur duyduqlarını
söylədi və seminarın işinə uğurlar arzuladı. Tədbirin
məqsədi, gündəliyi və iş qaydası haqqında məlumat verən
rektor bildirdi ki, seminar iki hissədən ibarətdir.
Birinci hissə BMT-nin Asiya və Sakit Okean Hövzəsi üzrə
İnformasiya və Kommunikasiya Texnologiyaları Təlim
Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın
birgə keçirdiyi dövlət qulluqçuları üçün İKT layihəsi
olub, iki gün davam edəcək. Azərbaycanda ilk dəfə tətbiq
olunan həmin proqram üzrə bilgilər hər iki qurumun
mütəxəssisləri tərəfindən veriləcək.
Seminarın ikinci hissəsi isə qeyd olunan regional
qurumla Qafqaz Universitetinin birgə layihəsi olub
tələbə gənclərin İKT biliklərinin inkişaf etdirilməsini
nəzərdə tutur. 8-10 fevral tarixlərində 3 gün ərzində
gerçəkləşdiriləcək bu layihə çərçivəsində müxtəlif ali
təhsil müəssisələrinin magistratura və doktorantura
pillələrində təhsil alanlar üçün İKT üzrə kurslar
düzənlənəcək.
Əhməd Saniç proqramın davamlı olacağını, fevralın sonuna
qədər anket sorğuları, görüşlər keçiriləcəyini, martın
4-dən etibarən isə digər universitetlərdən tələbələr
cəlb edilməklə həftədə 3 dəfə kurslar təşkil olunacağını,
iyunun 18-20-də keçiriləcək birgə hesabat tədbiri ilə
yekunlaşacağını diqqətə çatdırdı.
Seminarda təbrik çıxışları oldu. Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov
çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin İKT-nin
inkişafına daim önəm verdiyini bildirdi.
Təhsil nazirinin müavini Qulu Novruzov təbrik nitqində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
dövlət və hökumət orqanlarının elektron xidmətlər
göstərmələri ilə bağlı məlum sərəncamının icrası
istiqamətində 2011-ci ildə ölkəmizdə həyata keçirilən
tədbirlərdən söz açıb, bu sahədə atılan addımları, qəbul
olunan qərarları Azərbaycan dövlətinin, onun başçısı,
ölkə Prezidenti İlham Əliyevin təhsilə diqqət və
qayğısının nəticəsi kimi qiymətləndirdi. Diqqətə
çatdırdı ki, Təhsil Nazirliyində də bu işlər davamlı
olaraq həyata keçirilir. Nazirlikdə elektron
xidmətlərinin daha optimal və geniş şəkildə aparılması,
daha şəffaf idarəetmə metodları və yollarının tətbiq
olunması üçün müvafiq proqram təminatının yaradılması
ilə bağlı sifariş verilib. Bildirdi ki, ötən il Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin, YUNESKO-nun
Moskva bürosunun iştirakı ilə təhsildə İKT-nin tətbiqi,
bu sahədə bacarıqların artırılması ilə bağlı geniş
konfrans keçirilib. Nazir müavini bu baxımdan BMT-nin
Koreyada fəaliyyət göstərən regional qurumu ilə birgə
keçirilən konfransın mühüm əhəmiyyət daşıdığını söylədi
və onun ölkənin nümunəvi ali təhsil müəssisələrindən
biri olan Qafqaz Universitetində təşkil olunmasını
təqdir etdi.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini
Elmir Vəlizadə, BMT-nin Koreya Respublikasında yerləşən
Asiya və Sakit Okean Hövzəsi üzrə İKT Təlim Mərkəzinin
direktoru Hyeun-Suk Ri də təbrik nitqlərində seminarın
əhəmiyyətini vurğuladılar.
Çıxışında rəhbərlik etdiyi qurum haqqında məlumat verən
xanım Hyeun-Suk Ri bildirdi ki, APCICT 2006-cı il iyulun
16-da BMT-nin Asiya və Sakin Okean Ölkələri üzrə
İqtisadi və Sosial Komissiyasının (ESCAP) regional
təşkilatı kimi yaradılmışdır. Təşkilat İKT-dən istifadə
etmək yolu ilə həm cəmiyətlərin inkişaflarına kömək
etmək, həm də Minilliyin İnkişaf Məqsədlərinə çatmaq
məramı üçün yaradılıb. Buna UN-APCICT treninqlər
vasitəsilə nail olur. Təlimlər həm üz-üzə, həm də onlayn
üsulları ilə aparılır. İndiyədək keçirilən təlimlərə 120
ölkədən 11900 nəfər cəlb olunub. UN-APCICT-in əsas
proqramı hesab edilən "Rəhbər dövlət qulluqçuları üçün
əsas İKT bilikləri Akademiyası"nın təlimləri 10 təlim
modulu üzrə təşkil edilir.
Sonra APCICT haqqında videoçarx nümayiş olundu.
Seminarın tanışlıq sessiyasında habelə Akademiyanın
1-10-cu modulları haqqında təqdimatlar diqqətə
çatdırıldı. Modullarla qısa tanışlıqdan sonra
Hindistanın İnzibati Heyət Kollecinin İnsan İnkişafı
üzrə Mərkəzinin sabiq direktoru Uşa Reddi iki gün
ərzində 1 və 2-ci modullar (Modul 1: İKT və hərtərəfli
inkişaf arasında əlaqə; Modul 2: İnkişaf siyasəti və
idarəetmə üçün İKT) üzrə təlim sessiyası keçirdi.
Yusif ƏLİYEV |