Bakı
Dövlət Universitetində Milli Qurtuluş Günü münasibətilə
tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan
universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib
ki, 19 il bundan əvvəl xalqımız ümummilli lider Heydər
Əliyevin hakimiyyətə qayıdışına nail ola bildi. Ulu
öndər Azərbaycan xalqını düşdüyü bəlalardan,
problemlərdən qurtardı və xalqımızın Qurtuluş yolunu
müəyyənləşdirdi. Dağlıq Qarabağ problemindən də danışan
rektor bildirib ki, Prezident İlham Əliyevin uğurla
davam etdirdiyi kurs xalqımızı yaxın gələcəkdə bu
problemdən qurtaracaq və biz Qurtuluş Gününü daha böyük
sevinc və fərəhlə qeyd edəcəyik: "Tarix göstərir ki,
bütün böyük problemlərin həlli qısa zaman kəsiyində baş
vermir. Onun həlli üçün bütün xalq mütəşəkkil formada
mübarizə aparmalıdır. Bu baxımdan Dağlıq Qarabağ
probleminin həlli istiqamətində ölkə başçısının apardığı
məqsədyönlü və ardıcıl siyasəti yerlərdə hər bir
azərbaycanlı daxili problemi hiss etməli və onun həlli
üçün çalışmalıdır. Güman edirəm ki, bu gün BDU-nun
təşəbbüsü ilə Fransada çap olunub ərsəyə gələn və
fransız dilində dünya ictimaiyyətinə təqdim olunan
holland mənşəli hərbi müxbir Çarlz Van der Leunun
"Dağlıq Qarabağ: dünyanın unutduğu müharibə" kitabı bu
istiqamətdə atılmış addımlardan biridir".
Kitab haqqında məlumat verən rektor bildirib ki, Çarlz
Van der Leu 1952-ci il iyulun 18-də anadan olub, fransız
dilində klassik Avropa təhsili aldıqdan sonra 1977-ci
ildən müstəqil jurnalist kimi fəaliyyətə başlayıb,
1986-cı ildə İran-İraq müharibəsi haqqında "Qolfda
müharibə" adlı kitabından sonra məşhurlaşıb.
1987-1990-cı illərdə Çarlz Van der Leu Beyrut radiosunda
işləməyə başlayıb və Livan vətəndaş müharibəsi haqqında
açıqlamalar verib. Həddindən artıq açıq və sərt
çıxışlarına görə oğurlanıb və iki il həbsxana həyatı
keçirib. Azadlığa çıxdıqdan sonra "Livan-günahsız
müqəssir" adlı kitabını buraxıb, daha sonra 2 il
Madriddə müxbir kimi işləyib. Nəhayət, 1992-ci ildə
Azərbaycana gəlib, 7 il burada yaşayıb. Bu illər ərzində
"Azərbaycan: şəxsiyyət axtarışında" (ingilis dilində), "Qafqazda
fırtına" (ingilis və alman dillərində), "Qafqazda və
Xəzərdə neft və qaz: tarix" (ingilis dilində)
kitablarını yazıb. Sonuncu analitik kitabı olan "Dağlıq
Qarabağ: dünyanın unutduğu müharibə" əsərini Çarlz hələ
2003-cü ildən yazmağı planlaşdırıb. Özünün yazdığına
görə, fransız dilində Dağlıq Qarabağla əlaqədar heç bir
obyektiv məlumat əldə edə bilmədiyinə görə müxtəlif
çoxsaylı ədəbiyyatlara müraciət etməli olub.
Müəllif kitabın ön sözündə qeyd edir ki, fransız dilində
rast gəldiyi və açıq-aşkar erməni lobbisinin təsiri
altında birtərəfli işıqlandırılan Qarabağ tarixinin
əslində çox maraqlı və dünyaya təqdim olunduğundan
fərqli tarixi vardır.
Azərbaycan tarixi haqqında qədim və müasir alimlərin
əsərlərini diqqətlə araşdıran, yalnız azərbaycanlı və
erməni müəlliflərinin deyil, həm də avropalı
tarixçilərin əsərlərini oxuyan Çarlz Van der Leu
Azərbaycanda olduğu illər ərzində müxtəlif adamlardan
götürdüyü müsahibələri, çəkdiyi şəkilləri, cəbhə
xəttində görüşdüyü insanları, şahidi olduğu hadisələri
ümumiləşdirərək bu kitabı yazmaq qərarına gəlib. Müəllif
ön sözdə yazır: "güman edirəm ki, bu kitab hələ də davam
edən münaqişənin həllinə kömək etmək istəyənlərə öz
töhfəsini verəcəkdir. Bu faciəvi münaqişənin pərdəarxası
hadisələrini düzgün başa düşməyə köməklik
göstərəcəkdir".
Rektor bildirib ki, bu kitabla tanış olarkən burada
avropalı müəllifin obyektiv yanaşmasının şahidi olduq.
Fransa lobbisinin təsiri altında yazan bir çox
müəlliflərdən fərqli olaraq Çarlz Van der Leu Qarabağ
hadisələrinə, onun tarixinə real yanaşıb, münaqişəni
hərtərəfli və obyektiv işıqlandırmağa çalışıb. Məhz bu
keyfiyyət diqqətimizi cəlb etdiyindən, kitabın çapı
haqqında qərara gəlmişik. Geniş müzakirələrdən sonra
kitabın təsir qüvvəsinin daha effektli alınması üçün
onun fransız dilində və erməni lobbisinin güclü
fəaliyyət göstərdiyi, buna görə də, heç də həmişə Dağlıq
Qarabağ hadisələrinə obyektiv yanaşmağı bacarmayan
Fransada çap etmək qərarına gəldik.
Rektor bu məsələdə köməklik göstərən bütün insanlara,
böyük sifarişləri olmasına baxmayaraq, universitetin
xahişini qısa müddətdə yerinə yetirən L.Harmattan
nəşriyyatına, Parisdə fəaliyyət göstərən Şərq Dilləri və
Mədəniyyətləri İnstitutunun prezidenti Jak Leqrana
təşəkkürlərini çatdırıb. Sonda deyib ki, çox qısa
müddətdə çapa hazırlanaraq nəşr edilmiş bu kitab
vasitəsilə Qarabağ həqiqətlərinə bir qədər də aydınlıq
gələcək, xalqımızın üzləşdiyi bu ədalətsiz münaqişə
haqqında, nəhayət, Avropa ölkələrində ədalətli münasibət
görəcəyik.
Rektor Abel Məhərrəmov həmçinin alman alimi Heiko
Krügerin "Dağlıq Qarabağ konflikti - hüquqi
araşdırmalar" kitabı haqqında da danışıb. Məlum olub ki,
həmin kitab bu ilin əvvəllərində BDU-nun təşəbbüsü ilə
ingilis dilindən rus dilinə tərcümə olunub. Kitabda
Dağlıq Qarabağ probleminin hüquqi analizi verilib, bu
münaqişənin obyektiv təhlili aparılıb ki, bu gün həmin
kitabın dünyanın 3 aparıcı dilində - alman, ingilis və
rus dillərində olan variantları hazırdır: "Biz
çalışacağıq ki, həm Çarlz Van der Leunun, həm də Heiko
Krügerin kitabları dünyanın bir çox dillərində çap
olunsun və beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılsın. Uzun müddət informasiya blokadasında
dondurulmuş Qarabağ həqiqətlərini dünya xalqlarına
çatdırmaq üçün biz bütün vasitələrdən istifadə edəcəyik.
Biz bu sahədə araşdırmalarımızı davam etdiririk.
Beynəlxalq aləmdə bu konfliktlə bağlı xarici
müəlliflərin çap olunmuş kitablarını, əlbəttə, həqiqəti
qələmə alanları müxtəlif dillərdə çap edib bu barədə
indiyədək olan yalan məlumatlar şəbəkəsinə sarsıdıcı
təsirimizi göstərəcəyik. Mən hesab edirəm ki, belə
yanaşma hər kəsin vətəndaşlıq borcudur və Qurtuluş
gününə ən gözəl hədiyyədir".
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov Qurtuluş günündən, təqdim olunan
kitabların əhəmiyyətindən danışıb, xalqımızı bu əziz gün
münasibətilə təbrik edib.
Akademik Vasim Məmmədəliyev, millət vəkili Musa Qasımlı
da Qurtuluş günü və kitablarla bağlı fikirlərini
bölüşüblər.
BDU-nun Mətbuat və informasiya şöbəsi |