İyunun
20-də Bakı Dövlət Universitetində Azərbaycan milli
mətbuatının banisi, tanınmış publisist, pedaqoq və
təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının
170 illiyinə həsr olunmuş yubiley tədbiri və "Universitetin
dostu" mükafatının təqdimat mərasimi keçirilib. Tədbiri
açan universitetin rektoru, akademik Abel Məhərrəmov
Prezident İlham Əliyevin xalqımızın mədəni-ictimai fikir
tarixinə dəyərli töhfələr vermiş Həsən bəy Zərdabinin
170 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı
sərəncamın əhəmiyyətindən danışıb. Qeyd edib ki, Həsən
bəy Zərdabi redaktoru olduğu "Əkinçi" qəzetini nəşr
etdirməklə milli mətbuatın bünövrəsini qoyub, dövrün
ziyalılarını bu qəzet ətrafında birləşdirərək mühüm
vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol
oynayıb.
Jurnalistikanı şərəfli və məsuliyyətli peşə hesab edən
Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin
senzuranın ləğv olunması haqqında qərarından, Azərbaycan
jurnalistlərinə göstərilən dövlət qayğısından, son
illərdə jurnalistikanın cəmiyyət arasında mövqeyinin
yüksəlməsindən, imicinin qalxmasından da danışıb.
Rektor kütləvi informasiya vasitələrinin Bakı Dövlət
Universitetinə olan münasibətindən, universitet haqqında
dolğun və davamlı məlumatların respublika ictimaiyyətinə
lazımi səviyyədə çatdırılmasında jurnalistlərin
xidmətlərindən də danışıb və "Universitetin dostu"
mükafatının məhz buna görə təsis edildiyini vurğulayıb.
Rektor 10 nəfər KİV rəhbərinin "Universitetin dostu",
bir qrup jurnalistin isə fəxri fərman və hədiyyəyə layiq
görüldüyünü diqqətə çatdırıb.
Sonra jurnalistika fakültəsinin dekanı, professor Şamil
Vəliyev "Klassik Azərbaycan jurnalistikası ənənələri və
müasirlik" mövzusunda məruzə edib.
Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə
İbrahimova isə universitet-mətbuat münasibətlərindən,
mətbuat və informasiya şöbəsinin fəaliyyətindən, "Universitetin
dostu" mükafatının təsis edilmə zərurətindən söz açıb.
Daha sonra "Universitetin dostu" mükafatı təqdim edilib.
Bakı Dövlət Universiteti haqqında obyektiv, dolğun və
davamlı məlumatlar yayımladığına, elmin, təhsilin
inkişafına göstərdiyi qayğıya görə Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı
direktoru Vüqar Səfərli, "Space" Müstəqil Teleradio
Şirkəti MMC-nin prezidenti Vaqif Mustafayev, "Azad
Azərbaycan" Teleradio Yayım Şirkətinin prezidenti Vüqar
Qaradağlı, "Lider" TV və Radio Azərbaycan MMC-nin
prezidenti Ədalət Əliyev, "Respublika" qəzetinin baş
redaktoru Teymur Əhmədov, "Yeni Azərbaycan" qəzetinin
baş redaktoru Hikmət Babaoğlu, "Ekspress" qəzetinin baş
redaktoru Qəzənfər Bayramov, "Azərbaycan müəllimi"
qəzetinin baş redaktoru Bayram Hüseynzadə, "Modern.az"
internet portalının baş redaktoru Elşad Eyvazlı,
"Lent.az" İnformasiya Agentliyinin baş direktoru Qabil
Abbasoğlu "Universitetin dostu" mükafatına layiq
görülüblər.
Fəaliyyət göstərdikləri KİV-də BDU haqqında obyektiv və
davamlı yazılarına görə isə bir qrup jurnalistə fəxri
fərman və hədiyyələr təqdim olunub.
BDU-nun Mətbuat və informasiya şöbəsi |