Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL)
(2009-2014-cü illər) "Təhsil sistemində idarəetmənin
təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı
reqlamentləşdirici qaydaların yenidən işlənməsi və
tətbiqi" alt-komponenti üzrə İcra Planında müəllimlərin
işə qəbulu üzrə yeni qaydaların hazırlanması nəzərdə
tutulmuş, bu məqsədlə beynəlxalq təcrübədə mövcud olan
daha çevik mexanizmlərin öyrənilməsi istiqamətində son
üç ildə araşdırmalar aparılmışdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
03.12.2011-ci il tarixli kollegiya iclasında
2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil
müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu
üzrə müsabiqənin nəticələri geniş müzakirə olunmuş, bu
sahədə mükəmməl qaydaların işlənib hazırlanması və daha
çevik mexanizmin yaradılması, elektron proqram
təminatının təkmilləşdirilməsi ilə bağlı qərar qəbul
edilmişdir. Kollegiya qərarının icrası ilə bağlı ötən
müddət ərzində bir sira tədbirlər həyata keçirilmiş, "Azərbaycan
Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi
təhsil müəssisələri və peşə liseylərinin pedaqoji
kadrlara tələbatının müəyyənləşdirilməsi və işə qəbulun
tənzimlənməsi Qaydaları" işlənib hazırlanmışdır.
Eyni zamanda, müəllimlərin işə qəbulu ilə bağlı elektron
proqram təminatının təkmilləşdirilməsi istiqamətində iş
aparılmış, proqrama yeni modulun daxil edilməsi təmin
olunmuşdur ki, bu da müsabiqənin daha şəffaf
keçirilməsinə zəmin yaradır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr
üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və
"Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi
haqqında" 24.11.2011-ci il tarixli 191 nömrəli qərarının
icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi
tərəfindən "Elektron xidmətlərin təşkili barədə"
01.03.2012-ci il tarixli, 324 nömrəli əmrində ümumi
təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün
elektron ərizələrin qəbulu və imtahanların nəticələrinin
nazirliyin İnternet saytında yerləşdirilməsi nəzərdə
tutulmuşdur. Bu istiqamətdə hazırlıq işləri aparılmış, 1
iyul 2012-ci il tarixdən müəllimlərin işə qəbulu üzrə
elektron ərizələrin qəbulu üçün bütün zəruri tədbirlər
görülmüşdür.
2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində
vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu
ilə və elektron proqram təminatı tətbiq olunmaqla həyata
keçirilməsinin təşkili məqsədilə
ƏMR EDİRƏM:
1. 2012-2013-cü tədris ilində ümumi təhsil
müəssisələrində və peşə liseylərində vakant yerlərə
müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada,
elektron proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu
ilə həyata keçirilsin.
2. Müəllimlərin işə qəbulunda elektron xidmət
mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq
bu prosesi tənzimləyən sənədlər: "Azərbaycan
Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi
təhsil müəssisələrində və peşə liseylərində vakant
yerlərə müəllimlərin işə qəbulu üzrə reqlament" və ona
əlavələr - "Vakant yerlər barədə məlumat forması" (Əlavə
1), "Elektron ərizə forması" (Əlavə 2), "Namizədlər
tərəfindən vakant yerlərin seçilməsi və elektron
ərizənin doldurulmasına dair təlimat" (Əlavə 3),
"Müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri
əsasında təhsil və nailiyyət göstəricilərinin
qiymətləndirilməsi meyarları" (Əlavə 4), "Test
suallarının cavablandırılmasına dair təlimat" (Əlavə 5),
"Boş qalan yerlərə əlavə yerləşdirmə üçün müsabiqə
iştirakçılarından keçid balını toplayanların müraciət
formasına dair təlimat" (Əlavə 6) təsdiq edilsin (əlavə
olunur).
3. Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov)
müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirilməsi ilə
bağlı elektron proqram təminatı və texniki hazırlıq
məsələlərinin ULTRA şirkəti ilə birlikdə yerinə
yetirilməsini təmin etsin, həmçinin "Təlim mərkəzi"ndə
imtahanların keçirilməsi üçün zəruri təşkilati
məsələləri həyata keçirsin.
4. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) peşə
liseylərində ümumi təhsil fənləri üzrə vakant müəllim
yerləri barədə məlumatların toplanmasını və təhlilini
apararaq müvafiq formada Strateji təhlil, planlaşdırma
və kadrların idarə olunması şöbəsinə təqdim olunmasını
təmin etsin.
5. Strateji təhlil, planlaşdırma və kadrların idarə
olunması şöbəsi (F.Qədirov):
5.1. İyul ayının 1-dək vakant yerlər barədə məlumatların
nazirliyin rəsmi İnternet saytında və "Azərbaycan
müəllimi" qəzetində verilməsini təşkil etsin.
5.2. Müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar
üzrə "Test bankı"nın hazırlanmasını təmin etsin.
5.3. İşə qəbulun keçirilməsi üçün müsabiqə
komissiyasının və apelyasiya komissiyasının tərkibini
müəyyənləşdirib təsdiqə təqdim etsin.
5.4. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin
nəticələrinin nazirliyin rəsmi İnternet saytında
yerləşdirilməsini, təsdiq olunmuş siyahıların
müşayiətedici məktubla yerli təhsili idarəetmə
orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində
olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin
etsin.
6. Strateji təhlil, planlaşdırma və kadrların idarə
olunması şöbəsi (F.Qədirov), Xüsusi şöbə (L.İmaməliyeva)
işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində
namizədlərin təhsil sənədlərinin "Tələbə-məzun
bazası"nın köməyi ilə yoxlanılıb təsdiqlənməsini təmin
etsinlər.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) nazirliyin
İnternet saytında "Müəllimlərin işə qəbulu üzrə
müsabiqə" səhifəsinin açılmasını, bu əmrin və
əlavələrin, işə qəbul üzrə müsabiqədə iştirak edən
namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların
həmin səhifədə yerləşdirilməsini, müəllimlərin işə
qəbulu üzrə vakant yerlər haqqında məlumatın "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
13 iyun 2012-ci il |