Həştərxandakı
Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil
məktəbinin şagirdləri Azərbaycana səfərləri çərçivəsində
avqustun 3-də Heydər Əliyev Fondunda olmuşlar.
AzərTAc xəbər verir ki, məktəblilərə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış
fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat
verilmişdir.
Bildirilmişdir ki, fond ümummilli lider Heydər Əliyevin
zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif
sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə
Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və
tarixinin öyrənilməsinə kömək göstərir.
Məktəblilər ulu öndərin şəxsi arxivindən götürülmüş və
onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolarla,
habelə müxtəlif eksponatlarla tanış olmuşlar.
Məlumat verilmişdir ki, ümummilli lider Heydər Əliyevin
hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli
səhifələrindən biridir. Bu gün beynəlxalq birlik
tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən
sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz
ulu öndərin fəaliyyətinin bəhrələridir.
Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən
müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin
bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu
sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş
etdikləri hədiyyələrlə, ümummilli liderə həsr olunmuş
kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət
xadimlərinin müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici
ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə
maraqla baxmışlar.
Məktəblilər fonddan zəngin təəssüratla ayrılmışlar.
|