Bakı Uşaq Teatrının "Günay" uşaq teatr- studiyasının
kollektivi Polşanın Kelçe şəhərində keçirilən
"İstedadlar Avropada" 39-cu uşaq və gənc yaradıcılığı
festival-müsabiqəsindən Vətənə 2 bürünc medal və fəxri
fərmanlarla qayıdıb.
Məlumat üçün bildirək ki, festival ənənəvi olaraq Polşa
hökumətinin, Mədəniyyət Nazirliyinin və Polşa
televiziyasının himayəsi altında keçirilir. Budəfəki
festivalda Azərbaycanla yanaşı, Rusiya, Ukrayna,
Belarus, Qazaxıstan, Moldova və Serbiyadan kollektivlər
iştirak ediblər. Müsabiqə teatr, xoreoqrafiya, vokal və
instrumental janr nominasiyaları üzrə keçirilib.
Festivalda Bakı Uşaq Teatrının "Günay" teatr-studiyası
tərəfindən iki səhnə əsəri təqdim olunmuşdu. Belə ki,
studiyanın balacalardan ibarət kiçik qrupu Hans Kristian
Andersenin "Rusaloçka" nağılı əsasında hazırlanmış
tamaşa ilə, gənclər qrupu isə Mirzə Fətəli Axundzadənin
"Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" tamaşası
ilə çıxış etmişdir. Hər iki tamaşa festival
iştirakçıları tərəfindən maraqla qarşılanıb və münsiflər
heyətinin qərarına əsasən bürünc medala layiq görülüb.
Qızıl və gümüş medalları isə Polşa kollektivləri
qazanmışdır. "Günay" teatr-studiyası həmçinin digər
nominasiyalar üzrə də fəxri fərmanlara layiq
görülmüşdür.
Rəngarəng qala konsertinin də təqdim olunduğu festivalın
mükafatlandırma mərasimində "Günay"ın kollektivi
xoreoqraf Günəş Talıbovanın quruluş verdiyi "Yallı"
rəqsi ilə çıxış etmişdir.
Samirə KƏRİMOVA |