Avqustun 27-də Azərbaycan Dövlət İqtisad Universitetində
(ADİU) T.Şevçenko adına Kiyev Milli Universiteti ilə
birlikdə Kiyev Milli Universiteti Məzunları
Assosiasiyasının təsis konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransda ADİU-nun prorektoru,
professor Damət Bağırov, Kiyev Milli Universitetinin
prorektoru İqor Lyutıy, Ukraynanın Azərbaycandakı səfiri
Aleksandr Mişenko və Milli Məclisin deputatı Rüfət
Quliyev çıxış edərək iki ölkə arasında bütün sahələrdə
yaranmış əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən söz
açmış və bu əlaqələrin gələcəkdə elm, təhsil sahəsində
daha da inkişaf etməsinin vacibliyini vurğulamışlar.
Bildirilmişdir ki, Kiyev Milli Universitetində müxtəlif
illərdə Azərbaycanın dahi şəxsiyyətləri təhsil almışlar.
Hazırda bu universitetin ən qabaqcıl və fəal məzunları
ölkəmizin müxtəlif dövlət strukturlarında
fəaliyyətlərini uğurla davam etdirirlər. Hələ keçmiş
sovet hakimiyyəti dövründən başlayaraq bugünədək
Azərbaycan və Ukrayna arasında təhsil sahəsində sıx
əməkdaşlıq əlaqələri yaranmışdır. Bu əlaqələri daha da
inkişaf etdirmək və birgə əməkdaşlıq məqsədilə Kiyev
Milli Universiteti Məzunları Assosiasiyasının
yaradılması böyük əhəmiyyət kəsb edir. Vurğulanmışdır
ki, ümummilli lider Heydər Əliyev hər zaman elm və
təhsilin inkişafına diqqət, qayğı göstərmiş və bu
siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev
tərəfindən bu gün uğurla davam etdirilir.
Tədbirdə Kiyev Milli Universiteti Məzunları
Assosiasiyasının yaradılması və nizamnaməsi səs çoxluğu
ilə qəbul edilmiş, tərkibi elan olunmuşdur.
Sonda mövzu ətrafında müzakirələr aparılmış, suallar
cavablandırılmışdır. |