Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də
Bakının Səbail rayonundakı 49 nömrəli "İntellekt"
məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli
məktəbin binalarının əsaslı təmir və yenidənqurma
işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmiri və
yenidən qurulması işləri Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun
olaraq həyata keçirilir. Proqram üzrə Bakı şəhərində
məktəblərin əsaslı təmir və bərpa işləri davam
etdirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan mövcud
məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris
korpuslarının, idman və akt zallarının, yeməkxana
binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi
də həyata keçirilir.
Prezident İlham Əliyev əvvəlcə Səbail rayonundakı 49
nömrəli "İntellekt" məktəb-liseyində həyata keçirilən
əsaslı təmir və yenidənqurma işləri ilə tanış oldu.
Dövlətimizin
başçısı məktəbin təmirdən əvvəlki və sonrakı vəziyyətini
əks etdirən fotolardan ibarət stendə baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə
məlumat verdi. Bildirildi ki, Dövlət Proqramına uyğun
olaraq məktəbin təmirinə 2012-ci ilin mayında
başlanılıb. Ümumi sahəsi 5700 kvadratmetr olan
üçmərtəbəli məktəb binasının 51 sinif və yardımçı
otaqları, idman və akt zalları, dəhlizlər, sanitariya
qovşaqları tam təmir edilmiş, üç kompüter sinfi
yaradılmış, təhsil ocağının həyətində 1500 kvadratmetr
sahəyə asfalt örtüyü döşənmiş, binanın əvvəlki dam
örtüyü təzələnmiş, pilləkən və tutacaqlar yenilənmiş,
foyeyə tamet daşlar düzülmüş, bütün elektrik və
kommunikasiya xətləri dəyişdirilmişdir. Məktəbin
foyesində və sinif otaqlarında ümummilli lider Heydər
Əliyevin, Prezident İlham Əliyevin fotoları və milli
dövlət atributları asılmışdır.
Dövlətimizin başçısı sinif otaqlarında yaradılan
şəraitlə yaxından tanış oldu.
Ətraf
ərazilərdə əhalinin sayının artması ilə əlaqədar tələbat
nəzərə alınaraq məktəbdə 36 əlavə sinif otağından ibarət
660 şagird yerlik üçmərtəbəli yeni tədris korpusu da
inşa olunmuşdur.
Prezident İlham Əliyev yeni korpusda yaradılan şəraitlə
də tanış oldu. Bildirildi ki, yeni korpusda tikinti
işləri müasir standartlara uyğun olaraq yüksək
keyfiyyətlə aparılmışdır. Yeni korpusdakı sinif
otaqlarında da təhsil üçün müasir şərait yaradılmışdır.
Korpusun mansardında ibtidai sinif şagirdləri üçün idman
və İnternet şəbəkəsinə qoşulmuş müasir kompüter zalları
fəaliyyət göstərəcəkdir. Kompüter zalı şagirdlərin
informatika sahəsində biliklərinin artırılması üçün
digər vəsaitlərlə də təmin olunmuşdur. Məktəbin həyəti
və ətraf ərazi abadlaşdırılmış, yaşıllaşdırma işləri
görülmüşdür. Həyətyanı sahədə yeni qazanxana tikilərək
müasir istilik avadanlığı ilə təchiz olunmuşdur. Tədris
korpusunun istiliklə təminatı tam həll edilmiş, su, işıq
və kanalizasiya xətləri çəkilmiş, məktəbin içməli su ilə
tam təchizatı üçün müvafiq işlər görülmüşdür.
***
Sonra
Prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı 20
Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta
məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı
vəziyyəti ilə tanış oldu.
Dövlətimizin başçısı burada da məktəbin təmirdən əvvəlki
və yenidənqurma işlərindən sonrakı vəziyyətini əks
etdirən fotostendə baxdı.
Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat
verildi. Bildirildi ki, 21 nömrəli məktəbin əvvəlki
binası 1953-cü ildə inşa edilib, ilk vaxtlar 7 illik,
1958-ci ildən isə tam orta məktəb kimi fəaliyyət
göstərib. Məktəbdə 920 şagird təhsil alır, 85 müəllim
pedaqoji fəaliyyətlə məşğul olur.
Dövlət Proqramına uyğun olaraq 21 nömrəli tam orta
məktəbin əsaslı təmiri və şagird sıxlığının aradan
qaldırılması məqsədi ilə 16 əlavə sinif otağının
tikintisi yüksək səviyyədə həyata keçirilib. Məktəbin 25
sinif otağı, o cümlədən fizika, kimya, biologiya,
informatika kabinetləri və laboratoriyalar müasir
avadanlıq və informasiya-kommunikasiya texnologiyaları
ilə tam təmin edilmişdir.
Prezident İlham Əliyev məktəbin ayrı-ayrı sinif
otaqlarında, kabinetlərdə və laboratoriyalarda yaradılan
şəraitlə yaxından tanış oldu.
Təhsil ocağının girişi və hasarı yenidən qurulmuş,
döşəmə, tavan, qapı və pəncərələr ən müasir və
keyfiyyətli inşaat materialları ilə işlənmişdir. Ərazi
abadlaşdırılmış, 1339 kvadratmetr sahədə yeni yaşıllıq
zolaqları salınmış, 1000 kvadratmetr sahəyə asfalt
örtüyü, 1000 kvadratmetr sahəyə isə tamet döşənmişdir.
Sanitariya qovşaqları, enerji, istilik, su sistemləri
tamamilə yenidən qurulmuşdur. Məktəbin həyətində içməli
su və yanğın təhlükəsizliyi ehtiyatı üçün hər birinin
tutumu 100 ton olan su anbarları tikilmişdir. Məktəbdə
20 Yanvar şəhidi Eldar Məmmədovun büstü bərpa olunmuş,
təhsil ocağının girişində onun guşəsi yaradılmışdır.
Hazırda məktəbin əlavə tədris korpusunun, idman və iclas
zalının, yeməkxananın, emalatxananın tikintisi, idman
meydançasının yaradılması ilə bağlı işlər davam
etdirilir.
Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq
tapşırıqlarını verdi.
***
Bakının Badamdar qəsəbəsində yeni inşa olunan 329
nömrəli tam orta məktəbin və uşaq bağçasının binaları
istifadəyə verilib
Azərbaycan
Prezidenti İlham Əliyev açılış mərasimlərində iştirak
edib
Sentyabrın 4-də Bakının Səbail rayonunun Badamdar
qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta
məktəbin və uşaq bağçasının binaları istifadəyə
verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
açılış mərasimlərində iştirak etmişdir.
Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı
şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı
istiqamətində görülən işlərlə tanışlıq məqsədilə
Badamdarda olarkən keçirdiyi görüş zamanı sakinlər
burada yeni məktəbə və uşaq bağçasına ehtiyac olduğunu
bildirmişdilər. Dövlətimizin başçısı elə həmin gün
Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçasının və
880 şagird yerlik ümumtəhsil məktəbinin binalarının
tikintisinə başlamaq haqqında sərəncam imzalamışdı.
Sərəncama uyğun olaraq dövlət büdcəsində Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış
vəsait hesabına yeni məktəb və uşaq bağçası binalarının
inşasına başlanılmışdı. Prezidentin tapşırıqlarına uyğun
olaraq 329 nömrəli tam orta məktəbin yeni binası qısa
vaxt ərzində yüksək standartlara uyğun tikilmişdir.
Prezident
İlham Əliyev əvvəlcə 329 nömrəli tam orta məktəbin yeni
binasının açılış mərasimində iştirak etdi.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Görülən işlərlə bağlı Prezidentə məlumat verildi.
Məktəbin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin
və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən
fotostend yaradılmışdır. Bildirildi ki, 3 əsas
mərtəbədən və zirzəmidən ibarət binanın ümumi sahəsi 6
min 581 kvadratmetrdir. Məktəbdə 48 sinif, 4 kompüter, 3
laboratoriya otağı, tarix, riyaziyyat və hərbi hazırlıq
kabinetləri yaradılmışdır. Kompüter otaqları İnternet
şəbəkəsinə qoşulmuşdur. Binanın fasad və divarları üzlük
daşla üzlənmiş, burada böyük kitabxana, yeməkxana və
bufet, tibb otaqları, idman və kütləvi tədbirlərin
keçirilməsi üçün 120 nəfərlik akt zalı yaradılmışdır.
Dövlətimizin başçısı ayrı-ayrı sinif otaqlarına baxdı,
tədris şəraiti ilə tanış oldu. Məktəbin həyətində idman
meydançasının qurulduğu da qeyd olundu. Məktəbin 8 min
800 kvadratmetr həyətyanı sahəsinin 5 min kvadratmetr
hissəsinə
asfalt
örtük döşənmiş, abadlıq və yaşıllaşdırma işləri
görülmüşdür. Məktəbin həyətində 1500 kvadratmetrlik
istinad divarı tikilmiş və üzlənmişdir. Binanın ərazisi
abadlaşdırılmış, məktəb istiqamətində uzanan küçə təmir
olunaraq asfaltlaşdırılmışdır. Məktəb binasının
qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər
isə mərmərdən qurulmuş, tutacaqlar quraşdırılmışdır.
Təhsil müəssisəsi üçün yeni elektrik, qaz, su və
kanalizasiya xətləri çəkilmiş, istilik sistemi qurulmuş,
müasir qazanxana tikilmişdir. Həyətdə yeni elektrik
transformatoru quraşdırılmış, nasosxana yaradılmışdır.
Binanın bütün gün ərzində içməli su ilə tam təchizatı
üçün müvafiq işlər görülmüşdür. Məktəbdə müşahidə
kameraları, yanğından xəbərdarlıq qurğuları da
quraşdırılmışdır. Tədris ocağı yeni mebel, avadanlıq,
dərs ləvazimatları ilə tam təmin olunmuşdur.
***
Dövlətimizin başçısı məktəb binasında yaradılan şəraitlə
tanışlıqdan sonra qəsəbədə inşa olunan 120 yerlik yeni
uşaq bağçasının açılış mərasimində iştirak etdi.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti
kəsdi.
Uşaq bağçasında yaradılan şəraitlə bağlı Prezidentə
məlumat verildi. Binanın foyesində Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin və Prezident İlham
Əliyevin uşaqlara qayğısından bəhs edən stendlər
quraşdırılmışdır. İki mərtəbədən ibarət binada uşaqların
təlim-tərbiyəsi üçün bütün lazımi şəraitin yaradıldığı
qeyd olundu. Bildirildi ki, ümumi sahəsi 1620
kvadratmetr olan bağça binası qısa müddətdə tikilərək
üzlük daşla üzlənmişdir. Bağçada 6 qrup fəaliyyət
göstərəcəkdir. Uşaqlar üçün nəzərdə tutulan qrup və
yataq otaqlarından başqa böyük və işıqlı yeməkxana,
musiqi və idman zalları, tibb və oyun otaqları, mətbəx,
yardımçı otaqlar da yaradılmışdır. Bağça binasında
müasir istilik sistemi qurularaq qazanxanaya
birləşdirilmişdir. Yeni kommunikasiya xətləri çəkilmiş
binanın su ilə daimi təminatı üçün həyətdə 3 çən
qurulmuş, nasosxana tikilmişdir. Binada yanğından
xəbərdarlıq sistemi qurulmuşdur.
Dövlətimizin başçısı bağçada yaradılan şəraitlə yaxından
tanış oldu. Binanın həyətində də abadlıq işləri
görülmüş, 1000 kvadratmetr sahəyə asfalt döşənmiş, idman
və əyləncə qurğuları quraşdırılmış, istirahət guşələri,
həmçinin yol hərəkəti təhlükəsizliyi qaydalarının
öyrədilməsi üçün meydança yaradılmışdır. Bağça binasının
qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər
isə mərmərdən düzəldilmişdir.
Uşaq bağçasında yaradılan şəraitlə tanış olan Prezident
İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
AzərTAc |