Sumqayıtın əsas idman meydanı - Mehdi Hüseynzadə adına
şəhər stadionu sentyabrın 16-da "Açıq əyləncəli futbol
məktəbi" layihəsinin iştirakçılarının, əsasən məcburi
köçkün ailələrindən olan 7-12 yaşlı təxminən 150 oğlan
və qızın ixtiyarına verilmişdir.
Açılış mərasimindən sonra layihənin milli
əlaqələndiricisi, FİFA-nın hakimi Kərim Ağayev AzərTAc-a
demişdir ki, Azərbaycanda həmin layihə "Kütləvi futbol"
beynəlxalq proqramı çərçivəsində 2002-ci ildən,
Sumqayıtda isə səkkizinci dəfədir keçirilir. K.Ağayev
demişdir: "Təşkilatçılar - Danimarkanın humanitar
təşkilatı UEFA ilə birlikdə əsas etibarilə münaqişəli
bölgələrdə qaçqınlar, məcburi köçkünlər və müharibə
əlillərinin uşaqları üçün "Açıq əyləncəli futbol
məktəbi"nin proqramına daxil olan silsilə tədbirlər
təşkil edir. Qardaşlıq, dostluq və sağlamlığın rəmzi
olan bu layihə ölkəmizdə AFFA-nın təşkilati dəstəyi ilə
həyata keçirilir". "Açıq əyləncəli futbol məktəbi"
çərçivəsində Sumqayıtda start götürən tədbirlər Qusar,
Ağdam, Bərdə, Yevlax, Oğuz, Masallı, Astara, Yardımlıda,
respublikanın digər bölgələrində də keçiriləcəkdir.
Danimarka humanitar təşkilatının təqdim etdiyi idman
forması geyinmiş tədbir iştirakçıları meydanda sektorlar
üzrə toplaşmışlar. Onlar musiqi sədaları altında
müxtəlif tapşırıqlar yerinə yetirmişlər: estafetlər,
driblinq, fintlər, hərəkətli vəziyyətdə top ötürmə,
ipatdı. Bunun üçün onlara müxtəlif idman inventarı və
ləvazimatı verilmişdir. Fasilədə uşaqları şirniyyata və
sərinləşdirici içkilərə qonaq etmişlər. Uşaqları xüsusi
treninqlərdən keçmiş təlimatçılar və məşqçilər müşayiət
etmişlər.
Şəhər polis idarəsinin əməkdaşları ilk dəfə valideynlər
üçün uşaqlar arasında cinayətkarlığın profilaktikası
üzrə seminar keçirmişlər. |