Sentyabrın 25-də Bakı şəhərindəki Mikayıl Müşfiq adına
18 nömrəli tam orta məktəbdə 3D texnologiyasının
təhsildə tətbiqi layihəsinin təqdimat mərasimi oldu.
Tədbirdə Təhsil Nazirliyi Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə
əlaqələr sektorunun müdiri Zəminə Əliqızı, məktəbin
müəllim və şagirdləri, KİV nümayəndələri iştirak
edirdilər.
Təhsil ocağı ilə tanışlıq ulu öndər Heydər Əliyev adına
məktəb-muzeyindən başladı. Burada çıxış edən məktəbin
direktoru Vaqif Hüseynov bildirdi ki, bina hələ 1966-cı
ildə təmir olunub. 1998-ci ildən isə məktəb kimi
fəaliyyət göstərir. O vaxtdan burada belə genişmiqyaslı
yenidənqurma işləri aparılmayıb. Möhtərəm Prezident
İlham Əliyevin sərəncamına əsasən məktəbdə 2012-ci ildə
həyata keçirilən yenidənqurma işləri zamanı əlavə
üçmərtəbəli yeni korpus inşa olunub. Əsas korpusa daha
bir mərtəbə də əlavə edilib. Binanın 6-cı mərtəbəsində
168 yerlik akt zalı, yeməkxana, kitabxana, müasir oxu
zalı istifadəyə verilib. Məktəbdə yaratdığımız Heydər
Əliyev muzeyində ulu öndərin həyat və fəaliyyəti ilə
bağlı müxtəlif kitablar, sənədlər və fotolar toplanıb.
Muzeydə ümummilli liderin 1997-ci ildə məktəbimizdə
keçirilən "Bilik günü"nə həsr olunan tədbirdə iştirakı
zamanı çəkilmiş fotolar hamıda böyük maraq oyadır.
İndi tədris ocağında 1670 şagirdin təlim-tərbiyəsi ilə
158 müəllim məşğul olur. 59 otaq, o cümlədən 41 sinif
otağı var. Eyni zamanda, məktəbdə müasir tələblərə cavab
verən fizika, kimya, linqafon, informatika, biologiya,
təsviri incəsənət, Azərbaycan, rus və alman dili
kabinetləri fəaliyyət göstərir. Sinif otaqlarında
elektron və smart lövhələr quraşdırılıb ki, bu da
tədrisin yüksək səviyyədə keçməsinə geniş imkan yaradır.
Həmin gün tədbir iştirakçıları müasir tələblərə cavab
verən müəllimlər otağı, akt, oxu və idman zalları,
yeməkxana ilə tanış olduqdan sonra 3D texnologiyası ilə
dərs keçilən biologiya kabinetinə yığışdılar. Burada
fənn müəllimi, biologiya üzrə fəlsəfə doktoru Lalə
Qurbanova VIII sinifdə biologiya dərsi aparırdı. Lalə
müəllim bu yeni texnologiyanın əhəmiyyətindən danışaraq
bildirdi ki, 3D effektli dərs vəsaiti respublikamızda
ilk dəfə olaraq bizim məktəbdə biologiya dərsində tətbiq
olunur. Hələlik dərs vəsaiti VI-IX siniflərdə tətbiq
olunacaq. Dərs vəsaiti müxtəlif effektivlərlə təchiz
olunub. Yeni layihə dərsə diqqət və marağın artırılması
nöqteyi-nəzərindən çox maraqlıdır. Bu dərs vəsaitinin
effektivliyi ondan ibarətdir ki, onun vasitəsi ilə bir
neçə tabloda verilən məlumatı bir ekranda göstərmək
mümkündür. Məsələn, ekranda görünən qurbağanı hərəkətə
gətirməklə onun skeletini, əzələ sistemini, daxili
orqanlarını və s. stereo görüntü şəklində seyr etmək
mümkündür. Həmin görüntüləri geri qaytarıb mövzunu
yenidən təkrarlamaq da olur. Əlbəttə, bütün bunlar həm
kompüterin köməyi ilə, həm də ekranda yerinə yetirilir.
Cihazın köməyi ilə şagirdlərdən dərs soruşmaq,
qiymətləndirmək üçün də istifadə olunur. Hazırda yenicə
başladığımız dərsə məktəbdə çox böyük maraq var.
Gələcəkdə fizika, kimya, coğrafiya və astronomiya
dərsləri də bu cihazın vasitəsi ilə keçiləcəkdir.
Sonda 3D texnologiyasının təhsildə tətbiqi layihəsinin
əhəmiyyətindən danışan Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri
Zəminə Əliqızı bildirdi ki, bu gün Bakının bütün
məktəbləri kompüterlərlə təmin olunub, 40-dək məktəbdə
elektron lövhələr quraşdırılıb. 3D stereo görüntülü
texnologiyalar əsasında lövhələrin quraşdırılması isə
Azərbaycan təhsilində yenilikdir. Hələlik bir məktəbdə
quraşdırılsa da, onun gələcəkdə digər təhsil ocaqlarında
da tətbiq olunması nəzərdə tutulur.
Ədalət DAŞDƏMİRLİ |