Bu
günlərdə Beynəlxalq Mətbuat Mərkəzində Təhsil Nazirliyi
Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi,
Dünya Azərbaycanlı Gənclər Birliyi və "Gənclərin
Həmrəyliyinə Dəstək" İctimai Birliyinin birgə həyata
keçirdiyi "Ölkədaxili turizmin inkişafı" layihəsinin
təqdimatı oldu.
Beynəlxalq turizm gününə həsr olunmuş mərasimdə bir sıra
dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının
nümayəndələri iştirak edirdilər.
Verilən məlumata görə, bu layihə çərçivəsində
Azərbaycanın mədəni irsinin qorunması və təbliği,
ölkədaxili turizmin inkişafı, ölkəmizin tarixi,
mədəniyyəti, coğrafiyası, iqtisadiyyatı, vətənpərvərlik,
milli mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, sülh və
beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində
tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Diyarşünaslıq və turizmi inkişaf etdirmək, yeniyetmə və
gənclərdə vətənə, xalqa, milli mənəvi dəyərlərimizə
hörmət və məhəbbət hisslərini daha da gücləndirmək,
ekoloji tərbiyəni formalaşdırmaq, onları azərbaycançılıq
ruhunda tərbiyə etmək, bilik, bacarıq, ağıl və düşünmə
qabiliyyətlərini üzə çıxarmaq, asudə vaxtlarını səmərəli
keçirmək, turizm ustalıqları aşılamaq və dövlətimizə
layiqli vətəndaş kimi yetişdirmək məqsədi ilə
reallaşdırılan "Ölkədaxili turizmin inkişafı" layihəsi
bir il müddətində - 2012-ci ilin sentyabrından 2013-cü
ilin sentyabrınadək həyata keçiriləcək. Layihədə
məktəblilər, tələbələr, müəllimlər və valideynlər
iştirak edə bilər.
"Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyinin sədri
Cəmilə Abdullayeva, Respublika Gənc Turistlər və
Diyarşünaslıq Mərkəzinin direktoru Alik Məmmədov, Dünya
Azərbaycanlı Gənclər Birliyinin sədri Ramil Məmmədov və
başqaları çıxışlarında layihənin əhəmiyyəti, qarşıya
qoyulmuş məqsəd, layihə çərçivəsində görüləcək işlər, iş
planına uyğun olaraq nəzərdə tutulan tədbirlər haqqında
iştirakçılara ətraflı məlumat verdilər.
Hicran ƏKBƏROVA |