Naxçıvan Müəllimlər İnstitutunda 18 oktyabr - Dövlət
Müstəqilliyi Günü münasibətilə elmi-praktik konfrans
keçirilmişdir. Konfransı giriş sözü ilə institutun
rektoru, professor Oruc Həsənli açaraq bu günün tarixi
əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki,
müstəqilliyin qorunması xalqımız üçün onun əldə
edilməsindən qat-qat ağır və çətin oldu. Həmin dövrdə
torpaqlarımızın 20 faizi işğal edildi, bir milyondan çox
soydaşımız yurd yerlərindən didərgin düşdü. Bütün bunlar
azmış kimi hələ ölkədə vətəndaş müharibəsi də
alovlanmaqda idi. Belə olduqda xalq Heydər Əliyev kimi
nüfuzlu şəxsiyyətin Bakıya siyasi hakimiyyətə
gətirilməsi tələbi ilə ayağa qalxdı. Xalqın tələbi
1993-cü ilin iyununda son həddə çatdı. Heydər Əliyev
iyunun 9-da Naxçıvandan Bakıya gələrək xalqı düşdüyü
bəladan xilas etmək missiyasını üzərinə götürdü.
Rektor çıxışında onu da diqqətə çatdırdı ki, bu gün
ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların demək olar ki,
hamısında təmsil olunur. Müstəqillik yolu ilə inamla
addımlayan respublikamız dünyada baş verən
demokratikləşmə və əməkdaşlıq prosesində yaxından
iştirak edən dövlət kimi dünya birliyinin tərkib
hissəsinə çevrilmişdir. Heydər Əliyev siyasi kursunun
layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev hər
addımda milli maraqları və mənafeləri uca tutur, ölkə
vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün
səy və bacarığını əsirgəmir.
Sonra humanitar və təsviri incəsənət kafedrasının baş
müəllimi Ələkbər Cabbarlının, riyaziyyat və tədrisi
metodikası kafedrasının müdiri Rövşən Vəliyevin mövzu
ətrafında çıxışları dinlənilmiş, müstəqilliyimizə həsr
olunmuş şeirlər səsləndirilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti
|