Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

Xurşidbanu Natəvan - incə qəlbli şair, böyük xeyriyyəçi

 

Həm ata, həm ana tərəfi xan nəslindən olan Xurşidbanu Natəvan ədəbiyyat tarixində məşhur simalardan biridir. Atası Mehdiqulu xan məşhur Qarabağ xanı İbrahimxəlil xanın kiçik oğlu, anası Bədircahan bəyim məşhur Gəncə xanı Cavad xanın oğlu Uğurlu xanın qızıdır. Xurşidbanu Natəvan İbrahimxəlil xanın nəvəsi, Cavad xanın isə nəticəsidir. Ona hər yerdə "Xan qızı" deyə müraciət edirdilər. Ailədə isə yeganə övlad olduğu üçün "tək inci" adlandırırdılar. Xurşidbanu Natəvanın fəaliyyətinə nəzər salarkən onu məşhur şair, "Məclisi-üns" adlı məclisin rəhbəri, rəssam, Şərq təbabətinin gözəl bilicisi, bir çox xəstəlikləri türkəçarə ilə müalicə edən loğman, xeyriyyəçi insan, gözəl tikmələr yaradıcısı olan qabiliyyətli qadın, şahmat oynamaq bacarığı ilə ətrafdakıları valeh edən oyunçu, sərgi və cıdır yarışları üçün xüsusi Qarabağ atları yetişdirən iş adamı kimi görürük.

Təxəllüsünün mənası "gücsüz, taqətsiz" olan bu zərif qadın çiyinlərində təxəllüsünə uyğun olmayan ağır bir yük daşımışdır. Şairə kimi fəaliyyətinə nəzər salmazdan əvvəl digər məşğuliyyətlərinə diqqət yetirək.

Xurşidbanu Natəvan dövrünün realist rəssamlarından olmuşdur. Onun bu günə qədər gəlib çıxan albomunda lalə, qərənfil güllərinin, qovaq ağacının, Şuşaya aid bir mənzərənin, Şeyx Şamil sarayının şəkilləri vardır.  Albomda olan şəkillər onun istedadlı rəssam olduğundan xəbər verir.

Deyilənə görə, Xurşidbanu Natəvan gözəl şahmat oyunu ilə fransız yazıçısı Aleksandr Dümanı təəccübləndirmiş, o, şairəyə şahmat taxtası hədiyyə vermişdir. O, Şərq qadınının bu cür yüksək intellektə malik olmasını yüksək qiymətləndirmişdir.

Xurşidbanu Natəvandan bəhs edərkən onun xeyriyyəçilik işlərindən danışmamaq mümkün deyil. Onun ən böyük xeyriyyəçilik işi İsa bulağından Şuşa qalasına su çəkdirməsi, əhalini içməli su ilə təmin etməsi, hovuz, hamam tikdirməsi olub.

Deyirlər ki, Xurşidbanu Natəvan hansı kasıb evin qonağı olarmışsa, oturduğu döşəyin altına 100 manat pul qoyarmış, səbəbini soruşanda deyərmiş ki, hər kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir.

Xurşidbanu Natəvan hər yerdə yoxsulların, kimsəsizlərin müdafiəçisi idi. Deyilənə görə, çar çinovnikinin günahsız bir adamı döydüyünü görəndə Natəvan ona iki şillə vurur və heç kimdən qorxmadan əl atıb onun paqonunu qoparır. Bu da onun xarakterindəki ikili xüsusiyyətin: kimsəsizlərə, yoxsullara olan humanizmin, tiranlara, despotlara olan nifrətin, üsyankarlığın təcəssümü idi.

Xurşidbanu Natəvanın nəslindən Əbülfət xan Tuti, İbrahimxəlil xanın qızı Ağabəyim ağa, Cəfərqulu xan Nəva, Fətəli bəy Hali, Abdulla bəy Asi kimi şairlər olmuşdur. 17 yaşlı oğlu Mirabbası itirən şairənin üzü 1885-ci ildən sonra gülməmişdir. Ana istəkli oğluna mərsiyələr yazmaqla təsəlli tapmışdır: 

Nə yaxşı münis idi, heyf, nagahan getdi.

Məni bu möhnət ara qoydu əlaman getdi. 

Göz yaşları, həsrət, kədər, ümidsizlik Natəvan şeirinin əsas ruhunu təşkil edir. Şeirlərinin əksəriyyətində şairə fələyin amansızlığından şikayət edir. 

Nə yaxşı günlər idi, səninlə münis idim,

Zamanə indi edib sinə dağlı lalə məni

Vüsalə yetməyibən zarü natəvan qaldım.

Edib fələk yenə həsrət o mah cəmalə məni. 

Natəvan şeirlərində şəxsi şikayətdən ictimai şikayətə keçərək Azərbaycan qadınlığının hüquqsuzluğunu göstərmiş, onların dərdini, kədərini öz şəxsi dərdi kimi qəbul etmişdir.

Bu gün Natəvanın böyüyüb boya-başa çatdığı torpaqlar işğal altındadır. Şairənin büstü düşmən gülləsindən deşik-deşik olmuşdur. Yəqin ki, onun narahat ruhu bu torpaqlarda dolaşır, düşmən gülləsinə tuş gələn büstü seyr edir. İnanırıq ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Qarabağ torpaqları işğaldan azad olunacaq, Xurşidbanu Natəvanın növbəti yubileyi doğma vətəni olan Şuşada qeyd olunacaq, Natəvan nəslinin bu gün yaşayan nümayəndələri bunun şahidi olacaq və rahatlıq tapacaqlar.  

Zahidə MƏMMƏDOVA,
Ucar şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov