Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

Peşə təhsili: Günün tələbi. Reallıqlar

 

Ötən əsrin 90-cı illərinin ortalarından iqtisadi sahədə həyata keçirilən islahatlar ölkədə sahibkarlığın inkişafına təkan vermiş, müasir texnologiyalardan istifadə etməklə və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin meydana çıxmasına səbəb olmuşdur. Bu proseslər   yeni sağlam və təhlükəsiz iş yerlərinin yaranmasına gətirib çıxarmışdır.  

Eyni zamanda uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi  dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.

Nəzərə almaq lazımdır ki, hər bir ölkənin iqtisadi qüdrəti yalnız onun təbii resursları, sənayesi ilə deyil, həm də inkişaf etmiş insan resursları  ilə qiymətləndirilir. İnsan resurslarının inkişaf etdirilməsində isə peşə təhsili mühüm rol oynayır. Bu baxımdan peşə təhsili sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə dövlətimiz ölkədə peşə təhsilinin inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlərdən ən  mühümü isə ölkə iqtisadiyyatının inkişaf tələblərinə cavab verən  texniki peşə təhsili sisteminin formalaşdırılması məqsədilə həyata keçirilən "2007-2012-ci illər üçün Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafi üzrə Dövlət Proqramı"dır. 

Həmçinin dövlətin iqtisadi inkişaf, o cümlədən yoxsulluğun azaldılması və məşğulluğa dair siyasət və proqramları, fəaliyyət planlarında peşə təhsili və əməkçilərin peşə hazırlığı məsələsi diqqət mərkəzində durur. Bu istiqamətdə də hökumət tərəfindən müxtəlif proqramlar hazırlanmış və həyata keçirilməkdədir.

Bəs hazırda respublikamızda peşə təhsilinin vəziyyəti nə yerdədir?

İlk növbədə onu qeyd etmək lazımdır ki, ölkəmizdə peşə təhsilinn inkişaf etdirilməsi müasir dövrün vacib tələbi kimi meydana çıxır və bu, aşağıdakı bir sıra amillərlə əsaslandırılır:

- Respublikada iqtisadi  inkişaf səviyyəsi yüksəlir, sahibkarlıq müəssisələri və yeni iş yerləri açılır, təbii olaraq əmək bazarında ixtisaslı işçilərə ehtiyac yaranır;

- Müxtəlif sahələr üzrə sovet dövründə təhsil almış təcrübəli mütəxəssislər artıq yaşlanmaqdadır, onları əvəz edəcək cavan kadrlara böyük ehtiyac var;

- Peşə təhsili aztəminatlı ailələrdən olan və orta məktəb proqramını mənimsəyə bilməyən uşaqlar üçün gələcək həyat perspektivləri ilə bağlı yeganə şans olaraq qalır;

- Sahibkarlar ixtisassız fəhlələrə deyil, peşə təhsili almış işçilərə üstünlük verirlər.

Qeyd etmək lazımdır ki, peşə təhsilinin uğurlu inkişafı sosial tərəfdaşlıq mexanizmləri yaradılmadan mümkün deyildir. Belə bir mexanizm bütün sosial tərəfdaşların, o cümlədən müvafiq yerli  icra strukturları, işəgötürənlərin və işçilərin birliklərinin və peşə məktəbi nümayəndələrinin peşə təhsili ilə bağlı birgə fəaliyyətini nəzərdə tutur. Belə ki, sosial tərəfdaşlar  birlikdə hər bir ərazinin  iqtisadi inkişaf potensialını mütəmadi olaraq müəyyənləşdirməli, ardıcıl olaraq əmək bazarını  təhlil etməli və proqnozlaşdırmalı, işçilərə olan tələbləri müəyyənləşdirməli və bu məlumatları özündə əks etdirən yekun sənəd hazırlamalıdırlar. Peşə yönümü sahəsində fəaliyyətlər sosial tərəfdaşların, o cümlədən peşə məktəbi nümayəndələrinin və müvafiq sahələrdə fəaliyyət göstərən ictimai təşkilatların  iştirakı ilə aparılmalıdır.

Reallıqda isə peşə təhsili sahəsində sosial tərəfdaşlıq deyil, sadəcə "işgüzar əlaqələr" və ya "əməkdaşlıq" terminlərini işlətmək daha doğru olardı.

Yerli icra  hakimiyyəti orqanları birmənalı olaraq peşə məktəbləri üçün proqnozların müəyyənləşdirilməsi məsələsinin Təhsil Nazirliyinə aid olduğunu bildirirlər. Onların fikrincə peşə məktəbləri özləri proqnozları müəyyənləşdirməli və sonradan məzunların işlə təmin olunmasını reallaşdırmalıdırlar.

Digər bir məsələ məktəblərin baza müəssisələri ilə bağlıdır. Hazırda peşə məktəbləri üçün istehsalat təlimi bazası rolunu oynaya biləcək iri müəssisələr mərkəzdən idarə olunur və onların yerli menecerləri qərar vermək iqtidarında deyillər. Deməli, bu məsələnin həlli peşə məktəbləri direktorlarının gücündə deyildir. Bu istiqamətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məqsədyönlü fəaliyyət həyata keçirilsə də, iri şirkətlərin bu məsələyə soyuq münasibəti, özlərinin korporativ sosial məsuliyyətlərini başa düşməməsi, biznes biliklərinin aşağı olması səbəbindən əsaslı nəticə əldə etmək mümkün olmamışdır.

 Ərazilərdə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının zəif olması bu sahənin inkişafını ləngidən amillərdən biridir. Məktəblərin  tədris binalarının əksəriyyətinin  əsaslı təmirə, mühəndis-kommunikasiya sistemlərinin  bərpa edilməsinə ehtiyacı vardır. İPİTM-lərin kompleks müasir avadanlıqlar, informasiya vasitələri, tədris mebelləri ilə təchiz edilməsi, kompüterləşməsi və İnternetə çıxışla təmin edilməsi vacib məsələlərdəndir.

Peşə məktəblərinin tədris və yataqxana binalarında məcburi qaçqın və köçkünlər məskunlaşmışlar. Bu da, öz növbəsində, bu tədris müəssisələrinin lazımi qaydada fəaliyyət göstərmələrini əngəlləyən amillərdən biridir.

Peşə təhsilinin inkişafını əngəlləyən  amillər sırasına peşə məktəblərinin pedaqoji heyətinin  hazırlıq səviyyəsinin günün tələblərinə cavab verməməsini də aid etmək olar. Dərslərdə yeni tədris metodlarından istifadə olunmaması keçilən dərsləri şagirdlər üçün maraqsız edir. Buna səbəb kimi peşə məktəblərində çalışanların əməkhaqlarının aşağı olması göstərilir. Əməkhaqqının aşağı olması pedaqoji heyətin öz biliklərini daim təkmilləşdirməyə, tutduqları vəzifəyə məsuliyyətlə yanaşmağa sövq etmir. Hazırda peşə məktəblərinin  kadr potensialının gücləndirilməsi məqsədilə gənc mütəxəssislərin həvəsləndirilməsi tədbirlərinin həyata keçirilməsi vacib məsələlərdəndir.

Maraq doğuran məsələlərdən biri də cəmiyyətin ümumilikdə peşə təhsilinə olan münasibətidir. Cəmiyyətin müxtəlif təbəqələri peşə təhsilinin sosial-iqtisadi əhəmiyyətini əsas gətirərək bu sahənin inkişaf etdirilməsini zəruri hesab edirlər. İşəgötürənlərə peşəkar işçilər lazımdır.  Peşə təhsili aztəminatlı ailələrdən olan uşaqlar üçün gələcək iş perspektivləri ilə bağlı bir şansdır. Bir sözlə, peşə təhsili hamıya fayda gətirir: Hər bir kəs həyatı boyu hər hansı bir sənətə sahib olmaq imkanı əldə edir, əhalinin məşğulluq imkanları artır və müvafiq olaraq işsizliyin səviyyəsi azalır, peşəkar işçilər sayəsində müəssisələrin məhsuldarlığı yüksəlir, insanların maddi vəziyyəti yaxşılaşır və sosial gərginlik azalır, son nəticədə ölkənin iqtisadi qüdrəti artır. Hamı bunları etiraf edir, amma peşə təhsilinin ictimai statusu bir qədər yüksəlsə də, hələ də arzu olunan səviyyədə deyil. Ümumi fikir odur ki, ali təhsil - həyatda uğur qazanmağın yeganə yoludur. Cəmiyyətdə bu stereotipin  dəyişdirilməsinə ehtiyac vardır.

Ciddi problemlərdən biri də peşə məktəblərinin tədris-təsərrüfat sahələrinin ayrı-ayrı işbazlar tərəfindən zəbt olunmasıdır. Bu da peşə məktəblərinə tədrisi tam şəkildə həyata keçirməyə imkan vermir, nəzəri biliklərin təcrübədə tətbiq edilməsi imkanlarını məhdudlaşdırır.

Bütün bu problemlərlə  yanaşı onu  da qeyd etməliyk ki, son dövrlərdə əldə olan imkanlardan istifadə edilməklə peşə təhsilinin inkişafında dönüş yaradılmışdır. Köhnə məktəblərin binaları qaydaya salınmış, mümkün səliqə-sahman yaradılmışdır. Tədrisin səviyyəsi yüksəldilir. Bir sözlə, bütün istiqamətlərdə işlər müsbətə doğru gedir.

Yeni tikilib istifadəyə verilən məktəblərdə tədrisin səviyyəsi müasir standartlara cavab verir və bu məktəblərdə dərslər və təcrübələr arzuolunan səviyyədədir. Yerli icra hakimiyyəti orqanlarının və işəgötürənlərin bu məktəblərə münasibətləri fərqli və qənaətbəxşdir. Məktəblərin kollektivi ərazilərdə peşə təhsilinin təbliğatını "utanmadan" şərəflə apara bilir və özlərini bərabər səviyyəli partnyor kimi hiss edirlər. Şagirdlər də məktəbə həvəslə gəlir və bu məktəbin şagirdi olduqları üçün qürur hissi keçirirlər.

Yerli icra hakimiyyəti orqanlarından verilmiş məlumatlara görə, daha bir neçə rayonda yeni peşə məktəblərinin tikintisi planlaşdırılır. Çünki buna böyük ehtiyac var, hər bir rayonun ictimaiyyəti yeni peşə məktəblərinin tikintisini arzulayır və bunu belə əsaslandırır ki, peşə təhsili gənclərə ixtisas qazanmaqla əmək bazarına daxil olmaq imkanı verir. 

Qeyd etməliyik ki, əldə olunmuş nailiyyətlərlə kifayətlənmək olmaz. Peşə təhsili ardıcıl diqqət tələb edir və daim yenilənməyə meyillidir. Azərbaycan cəmiyyəti bu sahənin inkişaf etdirilməsində maraqlıdır.

Bu təbii arzudur, hesab edirik ki, bu sosial sifarişin  reallaşdırılması dövlətimizin iqtisadi gücündədir.   

Əlipaşa QAYBALİYEV,
Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin direktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov