Noyabrın 5-də Azərbaycan Müəllimlər İnstitutunda "Nizami
Gəncəvi yaradıcılığında psixoloji motivlər" mövzusunda
tədbir keçirildi. AMİ-nin rektoru, millət vəkili,
professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə
açaraq, bu tədbirin Azərbaycan Müəllimlər İnstitutunda
böyük mütəffəkir Nizami Gəncəvinin 870 illik yubileyi
ilə əlaqədar keçirilən növbəti tədbir olduğunu bildirdi.
Rektor qeyd etdi ki, Nizami Gəncəvinin yaradıcılığı
humanizm, yüksək sənətkarlığı ilə bir çox xalqların
ədəbiyyatına və dünya mədəniyyəti xəzinəsinə daxil
olmuşdur.
Dahi
Nizami Gəncəvinin yaradıcılığına, onun zəngin irsinin
öyrənilməsinə dövlətimiz tərəfindən böyük diqqət və
qayğı göstərilir. Ümummilli liderimiz Heydər Əliyev dahi
şair haqqında belə bir fikir söyləmişdir: "Nizami
Gəncəvi elə böyük şəxsiyyətdir ki, onun yubileyini hər
il keçirmək lazımdır!". Hələ 1981-ci ildə şairin 840
illik yubileyi ilə əlaqədar ulu öndər Heydər Əliyevin
diqqəti və cəsarətli mövqeyi sayəsində məqbərənin milli
üslubda yenidən qurulması və onun ətrafındakı ərazinin
abadlaşdırılması haqqında konkret qərar verilmişdir.
Professor A.Naxçıvanlı vurğuladı ki, builki yubiley
tədbirləri dövlət başçısı cənab İlham Əliyevin "Dahi
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870
illik yubileyinin keçirilməsi haqqında" sərəncamı və bu
sənədə müvafiq olaraq Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov tərəfindən təsdiq edilmiş
Tədbirlər planına əsasən keçirilir.
Məlum olduğu kimi, yubileylə əlaqədar olaraq Gəncədə
Məqbərə kompleksi, Nizami meydanı, "Xəmsə" guşəsi,
Nizami küçəsi, şairin adı ilə bağlı olan digər yerlər
tamamilə yenidən quruldu. Gəncədə altı şöbədən ibarət
Nizami Mərkəzi açıldı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Xəmsə"yə daxil
olan bütün əsərlərin Azərbaycan dilində variantları ilk
dəfə bir kitab şəklində nəşr olundu. Beynəlxalq Mərkəzin
təməli qoyuldu, Nizaminin adını daşıyan yeraltı keçidin
açılışı oldu, beynəlxalq konfrans keçirildi,
Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin
870 illik yubileyi dövlət səviyyəsində qeyd olundu.
Tədbirdə professor Ramiz Əliyev "Nizami Gəncəvinin
psixoloji görüşləri" mövzusunda məruzə etdi. O qeyd etdi
ki, XI-XII yüzilliklər Azərbaycan fəlsəfi-psixoloji
fikrinin inkişafında önəmli bir mərhələ kimi xüsusi yer
tutur və özünəməxsus spesifik çalarlarla xarakterizə
olunur. Bu dövrün uğurları dahi Nizaminin adı ilə
bilavasitə bağlıdır. Professor R.Əliyev, həmçinin
N.Gəncəvinin yaradıcılığını araşdırmış alimlərin
tədqiqatlarından danışdı, onların əldə etdiyi bəzi
maraqlı məlumatları çatdırdı.
Psixologiya kafedrasının müdiri dosent Nurəngiz Rzayeva
"Psixoloji fikir tarixində Nizami Gəncəvi" mövzusunda
təqdimatla çıxış etdi. Qeyd olundu ki, XII əsr
Azərbaycan psixoloji fikir tarixi Nizaminin bənzərsiz
konsepsiyası ilə seçilir. Bu konsepsiyanın ana xəttini
şəxsiyyət və onun formalaşması məsələləri təşkil edirdi.
Eyni zamanda ailə psixologiyası, valideyn-övlad
münasibətləri, qız tərbiyəsinin xüsusiyyətləri, cinsi
fərqlər, xarakter məsələləri, tipoloji təhlillər və s.
bu kimi məsələlər Nizaminin yaradıcılığında geniş yer
almışdır.
Sonra söz tələbələrə verildi. Filologiya və təhsildə
psixoloji xidmət fakültəsinin tələbələrindən Humay
Nəbiyeva "N.Gəncəvi yaradıcılığında cinsi fərqlər, qadın
psixologiyası məsələləri" mövzusunda təqdimatla çıxış
etdi. Tələbələrdən Emil Paşayev, Ülkər Lətifova, Elnarə
İsazadə "İsgəndərnamə" əsərindən Nüşabə ilə İsgəndərin
dialoqu səhnəsini təqdim etdilər. Taciyəxanım İmanova
"Leyli və Məcnun" əsərindən Leylinin monoloqunu, Ceyhun
Əliyev, İkram Quliyev, Aytən Əliyeva isə "Kərpickəsən
kişinin hekayəti"ni səhnələşdirilmiş formada təqdim
etdilər. Tədbirin sonunda psixologiya kafedrasının baş
müəllimi, psixologiya üzrə fəlsəfə doktoru İlhamə
Sultanova "Yaralı cocuğun dastanı" hekayəsi əsasında
təqdimat nümayiş etdirdi, Nizaminin əsərlərindəki
hikmətli fikirlər haqqında danışdı. Bütün çıxışlar
tədbir iştirakçıları tərəfindən böyük maraq və
alqışlarla qarşılandı.
Rəşad SADIQOV,
AMİ-nin tərbiyə işləri
üzrə
prorektoru |