31 may 1970-ci il... Orta məktəb illəri ilə vida günü,
vida tarixi... Həyatın kəşməkəşli yolları hərəni bir
səmtlə rastlaşdırdı. Kim ağlına gətirə bilərdi ki,
qoynunda göz açıb boya-başa çatdığı yurdundan,
yuvasından, elindən, obasından, doğma evindən bir gün
didərgin düşəcək? Nə biləydik ki, doğma məktəb illərinin
ayrılığı məcburi köçkünlük illərinə qarışacaq, hərə bir
yerdə məskunlaşacaq. Amma bəzən ağla gəlməyən başa
gəlir. Bu günlərdə uzunmüddətli ayrılıqdan sonra sinif
halında birləşmək vüsalı taleyimizə qismət oldu. Sinif
yoldaşlarımızın bəziləri ilə rastlaşsaq da çoxları ilə
rastlaşa bilməmişdik. Bir-birimizi tanımaqda hələ
çətinlik də çəkdik. Aramızdan gedənlərin xatirəsi bir
dəqiqəlik sükutla yad edildi...
...Hamının dodaqlarında gülüş, çöhrələrində təbəssüm
vardı həmin gün. 42 il bundan əvvəl olduğu kimi. Bu
görüş həqiqətən, bizi o illərlə calaşdırmışdı. Hərə öz
parta yoldaşı ilə əyləşmişdi. Nənə, baba olduğumuz
unuduldu, məhz o anlar - şən və qayğıkeş məktəb illəri
yaşında idik həmin gün... O illərdən xatirələr
söylənildi, yaddaşlara həkk olunmuş şagird şıltaqlıqları
yada salındı, müəllimlərimizin hamısı bir-bir öz
xarakterləri ilə anıldı. Ən əziz, ən xoşbəxt
günlərimizdən biri idi həmin gün... Sankı gözəl
Cəbrayılımızda, M.Qorki (o vaxt məktəbimiz belə
adlandırılırdı) adına orta məktəbimizdə, hər küncü-
bucağı yaddaşımızdan heç vaxt silinməyən, yuxularımızda
xatırlanan sinif otağımızda, buz kimi büllur sulu
"Çinar" kəhrizimizdə idik həmin gün... Bizə xoş
təəssürat bağışlayan, həsrətləri qovub vüsalları
qovuşduran bu görüşün təşəbbüskarlarına, sinif
yoldaşlarımız Rauf İsmayılova və Fuad Şəhriyaroğluna öz
dərin minnətdarlığımızı bildiririk. Fürsətdən istifadə
edib sinif yoldaşlarımızdan Solmaz Süleymanovanı
"Əməkdar müəllim" fəxri adı alması və Nailə Babayeva və
Rauf İsmayılovun isə "Tərəqqi" medalı ilə təltif
olunmaları münasibətilə təbrik edir, onlara daha yeni
uğurlar diləyirik.
Validə SEYDƏLİYEVA,
Abşeron rayonu Hökməli qəsəbə tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi |