Lirik
şair və rəssam kimi şöhrət tapan Xurşidbanu Natəvan
zəngin şifahi xalq ədəbiyyatı və klassik poeziya
ənənələrinin vəhdəti ilə formalaşmış, poeziyamızda
özünəməxsus üslubu, dəst-xətti ilə seçilmişdir.
Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də əzəli-əbədi
torpağımız olan Şuşada, Qarabağın sonuncu hakimi
Mehdiqulu xan Cavanşirin ailəsində doğulub. Mükəmməl
təhsil alan Natəvan güclü hafizəyə malik olmuş, mütaliə
yolu ilə dünyagörüşünü zənginləşdirmişdir. O,
ziddiyyətlər, sarsıntılar və hadisələrlə dolu olan
zəngin bir həyat yolu keçmiş, həm şair, rəssam, həm də
xeyriyyəçi kimi tanınmışdır. "Kaspi" qəzeti yazırdı ki,
"Qarabağla birlikdə bütün Zaqafqaziyanın sənət sahibləri
onun himayəsinə sığınırdı".
Məşhur fransız yazıçısı A.Düma "Qafqaza səyahət"
kitabında 1858-ci ildə Bakıda Natəvanla görüşündən bəhs
edir, bu qadının kübar davranışından, incə zövqündən və
heyrətamiz işlərindən ehtiramla danışır. Xurşidbanu
Natəvan vətəninin rifahı, millətinin tərəqqisi naminə
çalışmış, bəslədiyi Qarabağ cinsli köhlənlər 1867-ci
ildə Parisdə, Əlcəzairdə, 1869-cu ildə isə Moskvada
dünya sərgisində birincilik qazanmış, qızıl medala layiq
görülmüşdür. O, Şamaxıda təsis olunan "Müqəddəs Nina"
qızlar məktəbinə maddi yardım göstərmiş, öz vəsaiti ilə
1873-cü ildə Şuşaya su çəkdirmişdi.
Bütün
bunlar dekabrın 5-də Şamaxı Rayon İcra Hakimiyyəti və
Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının
rayonun Mədəniyyət sarayında birgə təşkil etdikləri
Xurşidbanu Natəvanın anadan olmasının 180 illiyinə həsr
olunmuş ədəbi məclisdə qeyd olundu.
Filialın müəllimi Eyvaz Eminalıyevin aparıcılığı ilə
keçirilən ədəbi məclisdə tələbələr müxtəlif rollarda
şairənin qəzəllərini böyük məharətlə söylədilər,
xanəndələr muğam parçaları ifa etdilər. Ədəbi məclis
xanəndələrin ifasında "Qarabağ şikəstəsi" ilə başa
çatdı.
Sonda AMİ-nin Şamaxı filialının direktoru Tünzalə
Yusifova Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif
Məmmədova, Şamaxı Rayon Mədəniyyət Sarayının
rəhbərliyinə, eləcə də digər məsul şəxslərə tədbirdə
yaxından iştirak etdiklərinə görə minnətdarlığını
bildirdi. T.Yusifova qeyd etdi ki, Xan qızı Natəvanın
arzuları müstəqillik əldə etmiş dövlətimiz tərəfindən
həyata keçirilir. Biz əminliklə inanırıq ki, ölkə
başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində
tezliklə üçrəngli bayrağımız Şuşada dalğalanacaqdır.
Hicran ƏKBƏROVA |