Bakıdakı
229 nömrəli tam orta məktəbdə tarix müəllimi Nərgiz
Məmmədovanın VIII "b" sinfində "Qaraqoyunlu dövlətinin
yaranması" mövzusunda "açıq dərs"i oldu. Dərsdə məqsəd
vətənimizin tarixini - keçmişini, bu gününü, dövlətçilik
ənənələrini öyrətmək, torpaqlarımız uğrunda ata-
babalarımızın mübarizə əzmi ilə şagirdləri
məlumatlandırmaq idi. Müəllim dərsdə interaktiv təlim
metodlarından istifadə edərək şagirdlərin fəallığının
artırılmasını, tarixə aid anlayışların şüurlu surətdə
dərk edilməsini ən vacib hal kimi diqqət mərkəzində
saxladı.
Dərsin müəllim - şagird dialoqu əsasında interaktiv
təlim metodları ilə keçilən mövzunun sinfin əksəriyyəti
tərəfindən yüksək səviyyədə mənimsənilməsinə şərait
yaratdı. Nərgiz Məmmədova yeni dərsin izahı ilə yanaşı,
bu günə kimi keçilən mövzuların mənimsənilmə səviyyəsini
yoxlamaq məqsədi ilə şagirdləri monitorda nümayiş
etdirilən testlərlə sorğu - sual etdi. Şagirdlər verilən
sualların cavablandırılması ilə yanaşı, həm də yeni
dərsin maraqlı təşkilində fəal iştirak etdilər.
Sonda Nərgiz Məmmədovanın keçdiyi "açıq dərs" müzakirə
olundu. Məktəbin direktoru Fəridə Bağırova, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin Nizami -
Nərimanov rayonları üzrə metodik bölməsinin metodisti
Hikmət İlyasov, tarix müəllimlərindən Şəlalə Hüseynova,
İlqar Əliyev və Arzu İsmayılova çıxış edərək "açıq
dərs"in yaxşı təşkil olunduğunu və şagirdlərin tarix
fənnindən yüksək bilik nümayiş etdirdiklərini
bildirdilər.
Şakir CƏFƏROV |