Ekologiya canlı və cansız təbiətin qarşılıqlı
münasibətini öyrənən elmdir. Ekologiya təbiət elmlərinin
ən öncül, xüsusi əhəmiyyətə malik olan sahəsidir.
Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür
etmək mümkün deyildir. Beynəlxalq səviyyədə ətraf
mühitin qorunması həlli vacib olan bir nömrəli
məsələdir.
Ətraf mühitin qorunması - ekoloji problemləri həll
etməkdir. Ekoloji problemlər bəşəriyyətin qlobal
problemlərinin bir hissəsidir.
Qlobal problemlərin xüsusiyyətləri odur ki, onlar
planetar xarakterə malik olub bütün bəşəriyyətə aid
olur, bütün müasir sivilizasiyanı məhv etməklə
hədələyir, aradan qaldırılması üçün təcili və effektiv
tədbirlərə ehtiyac duyulur, beynəlxalq, dövlətlərarası
səylər tələb edir, hazırda və gələcək nəsil üçün
sivilizasiyanın qorunub saxlanılması uğrunda hər bir
kəsin sərmayə qoymasını tələb edir.
Hazırda dünyada qlobal ekoloji problemlərə təbii
ehtiyatların tükənməsi, istixana effektinin yaranması,
ozon qatının nazikləşməsi, tullantıların artmsı,
torpaqların, suyun çirklənməsi, dünya okeanı ilə bağlı
problemlər, kiyəvi turşu yağışları və s. daxildir.
Fizika təbiəti oyrənən elm olduğundan ekoloji
problemlərin həlli yolları fizikasız mümkün deyil. Bu
fikri mən müxtəlif dərslərdə şagirdlərimə izah edirəm.
Məsələn, 8-ci sinifdə "Daxiliyanma mühərrikləri"
mövzusunda dərsdə atmosfer ekologiyasından söhbət
açıram. Müasir zamanda avtomobillər şəhər havasının
çirklənməsinin başlıca amilidir. Hazırda onların sayı
yarım milyarddan artıqdır. Avtomobillərdən çıxan
tullantılar şəhərlərdə ona görə təhlükəlidir ki, onlar
əsasən yer səthindən 60-90 sm səviyyədə, xüsusən də
işıqforlar olan avtomobil yollarında havanı
çirkləndirirlər.
Qeyd edirəm ki, yerindən götürülmə, tormozlama,
mühərrikin boş-boşuna işləməsi zamanı, həmçinin
çala-çuxurlarda daha çox kanserogen maddələr ayrılır.
Məhz buna görə də "Hidrogen-gələcəyin yanacağı" fikri
son vaxtlar daha tez-tez işlədilir. İri avtomobil
istehsalçılarının əksəriyyəti yanacaq elementləri ilə
təcrübələr keçirirlər. Hidrogen mühərriklər dizel və
benzin mühərrikləri ilə müqayisədə ekoloji cəhətdən daha
təmiz olurlar. Bu yaxınlarda İngiltərədə bir şirkət
karbon qazı və su buxarından ibarət olan yeni yanacaq
növü haqqında xəbər verdi. Həmin sahənin quraşdırdığı
kompleks hər gün 1 ton yanacaq istehsal edəcək. Ənənəvi
neftin əvəzi olan belə yanacaq ətraf mühiti xeyli
yaxşılaşdırır.
VII sinifdə "Gəmilərin üzməsi" mövzusunda dərsdə neft
tankerlərinin qəzaları nəticəsində yaranan ekoloji
fəlakətdən danışıram. Neftin sıxlığı suyun sıxlığından
az olduğu üçün o, suyun üzərinə çıxır və hər tərəfə
yayılır. Bu zaman neftin altında olan canlı aləm məhv
olur. Ona görə də qəza zamanı dağılmış nefti qısa
müddətdə yığıb, ərazını təmizləmək üçün müxtəlif
üsullardan istifadə edirlər.
Dərslərimdə yerli ekologiyaya daha çox üstünlük verirəm.
Azərbaycan neft ölkəsidir. Şagirdlərə bildirirəm ki,
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
Ekologiya İdarəsi ölkəmizdə ekoloji sağlamlaşdırma ilə
bağlı böyük işlər aparır. Məsələn, Xəzər dənizinin sahil
zolağı ərazilərində yerləşən müəssisələrin fəaliyyəti
nəticəsində ətraf mühitə atılan tullantıların
azaldılması üçün lazımi tədbirlər görülür.
Proyektor vasitəsi ilə Bakının neft mədənlərini göstərib
uşaqlara aşağıdaki məlumatı çatdırıram:
Ekologiya idarəsi neftlə çirklənmiş torpaqların
təmizlənməsində mexaniki və bioremeditasiya üsullara
üstünlük verir. Neftlə çirklənmiş torpaqların mexaniki
üsulla təmizlənməsi istehsal gücü 20m3/saat
olan qurğuda həyata keçirilir. Neftlə çirklənmiş
torpaqlar sexin ərazisində olan müvəqqəti saxlama
sahəsinə özüboşaldan yük maşınları vasitəsi ilə
gətirilərək boşaldılır. Çirkli torpaqlar tələbata uyğun
olaraq qurğuya verilir. Qurğuya daxil olan çirkli
torpaqlar bərk tullantılardan və neft məhsullarından
mexaniki üsulla təmizlənir.
"Səs dalğaları" mövzusunun tədrisi zamanı mən şagirdlərə
səs dalğalarının insan orqanizminə müsbət və mənfi
təsirlərindən danışıb, onlara "Səs dalğaları"
təqdimatımı göstərirəm. Təqdimatda dəniz ləpələrinin,
quşların səslərinin insana müsbət təsiri göstərilir.
Müqayisə üçün belə faktları şagirdlərə çatdırıram:
Yarpaqların xışıltısı - 3-5 db
Uçan təyyarənin səsi - 120 db
Diskotekada musiqinin səsi - 100 db
Yol verilən küy normalarından artıq olan səslər (təbii
fondan artıq) insana mənfi təsir göstərir: yorğunluq
artır, nevrozlar əmələ gəlir.
Fizika otağında olan kompüteri işlədəndə hələ ilk
dərslərdə aşağıdakı məlumatla uşaqları tanış edirəm.
Adətən dörd il xidmət göstərən bir çip yaddaşın
istehsalına "çipin öz çəkisindən 800 dəfə çox faydalı
qazıntılar sərf olunur". Yaponiya, Fransa və Birləşmiş
Ştatların analitikləri hesab edirlər ki, 32 meqabayt
həcmli yaddaşı və 2 qram çəkisi olan bir çipin
istehsalına ən azı 1,6 kq faydalı qazıntılar, 32 kq-dan
az olmayaraq su və 72 qram ammonyak və xlorid turşusu
kimi zəhərli kimyəvi maddələr tələb olunur.
"Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün
Kompleks Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin sərəncamında qeyd olunur ki, "Azərbaycan
Respublikası hazırda iqtisadi yüksəliş dövrünü yaşayır.
Ölkənin geniş sosial-iqtisadi islahatlara söykənən ümumi
inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi,
insanların sağlam təbii mühitdə yaşaması və təbii
sərvətlərdən xalqın rifahının yaxşılaşması naminə
istifadəsi məsələləri mühüm yer tutur".
Dərslərdə bu sərəncam haqqında şagirdlərə danışıb,
Prezidentimizin ekoloji məsələlərə göstərdiyi diqqətini
vurğulayıram. Bildirirəm ki, respublikada bütün yeni
tikilən müəssisələr güclü qoruyucu və təmizləyici
qurğularla təmin olunur.
Az tullantı yaradan texnologiyaların tətbiqi, alternativ
enerjidən istifadə, çirklənmiş torpaqların, suların
təmizlənməsi, tullantıların utilizasiyası sahəsində elmi
nailiyyətlərin istehsalata tətbiqi sahəsində
respublikamızda mühüm işlər görülür.
Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Texniki
düşüncəni, biosfer və ekosistem düşüncəsi əvəz
etməlidir. Hamı başa düşməlidir ki, canlı aləm
biosferin bir hissəsidir və biosferin tərkib hissəsi
saxlanmasa, ekosistem yaşaya bilməz".
Ekologiyaya münasibətdə ulu öndərimizin bu müdrik
sözlərini hər birimiz həmişə rəhbər tutmalıyıq.
Aliyə SƏLİMOVA,
Bakıdakı 264 nömrəli məktəb-liseyin fizika müəllimi |