2013-cü ildə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi,
tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı,
tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu
Köçərlinin anadan olmasının 150 illiyi tamam olur.
Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi
inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər
yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə
ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr
vermişdir. Ölkəmizdə təhsil sisteminin milli əsaslar
üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi
apardığı işlər böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan
mədəniyyətinin inkişafı naminə xidmətlərini nəzərə
alaraq, Firidun bəy Köçərlinin 150 illik yubileyinin
keçirilməsini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri
nəzərə alınmaqla, Firidun bəy Köçərlinin 150 illik
yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb
həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2013-cü il |