Aprelin 9-da Təhsil Nazirliyinin təşkil etdiyi "Elektron
təhsil" Respublika müsabiqəsinə başlanılıb. Qeyd edək
ki, müsabiqə "İntel" korporasiyasının "Gələcək üçün
təhsil" proqramı, "Mədəd-Azərbaycan" təşkilatı, AZEDUNET,
"Ultra", "Dr.Web" və "Nar Mobile" şirkətləri tərəfindən
dəstəklənir.
Müsabiqədə iştirak etmək üçün www.musabiqe.edu.az rəsmi
internet səhifəsindən daha ətraflı məlumat almaq
mümkündür. "Müasir məktəbdə elektron tədris resursları"
və "Təhsildə İnternet texnologiyaları" istiqamətlərində
təşkil olunan "Elektron təhsil" Respublika müsabiqəsi
üzrə sənəd qəbulu mayın 25-dək davam edəcək.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris
resurslarından, İnternet texnologiyalarından tədris
prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil
ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün
internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və
informasiya texnologiyalarından fəal istifadə edən
müəllimləri həvəsləndirməkdən ibarətdir.
"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti
üzrə müsabiqəyə elektron tədris resurslarının tədris
prosesində əməli tətbiqinə aid olan materiallar təqdim
edilə bilər. Bu istiqamət üzrə qaliblər "Elektron tədris
vəsaitlərindən istifadə edilməklə qurulan tədris
prosesinin ən yaxşı modeli" nominasiyası üzrə müəyyən
olunacaq.
"Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə
müsabiqəyə təhsil məzmunlu İnternet resursları və
bloqlar təqdim edilə bilər. Qaliblər "Təhsildə İnternet
resursları" və "Müəllimlərin bloqları" nominasiyaları
üzrə müəyyən ediləcək.
Müsabiqədə hər 3 nominasiya üzrə qalib gələnlərə
noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim
olunacaq. Məlumat üçün bildiririk ki, "Elektron təhsil"
Respublika müsabiqəsi artıq dördüncü ildir keçirilir və
ümumilikdə bu müsabiqəyə 2000-dən artıq layihə təqdim
edilib. |