Rusiya Federasiyası ali təhsil müəssisələrinə keçirilən
imtahanda iştirak etmək istəyən abituriyentlər
Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul
imtahanında iştirak etmək üçün TQDK-da təşkil edilmiş
Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər
(ünvan: Akademik Həsən Əliyev küçəsi, 17).
Qeydiyyat 2013-cü il iyunun 10-dan 13-dək saat 10:00-dan
17:00-dək aparılır.
İmtahanda iştirak etmək hüququna attestat qiymətləri
(cari ilin məzunlarının illik qiymətləri) 4 və 5 olan
Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə
yalnız Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının I və II kursunda yaxşı
və əla qiymətlərlə təhsil alan tələbələr iştirak edə
bilərlər. Onlar müsabiqənin I mərhələsində (test
imtahanı və müsahibədə) iştirak etmirlər və yalnız
qabiliyyət imtahanında iştirak etmək üçün Rusiya
Federasiyasının müvafiq ali təhsil müəssisəsinə
getməlidirlər.
Qeydiyyatdan keçmək üçün abituriyentlər Sənədlərin
Qəbulu Komissiyasına aşağıdakı sənədləri təqdim edirlər:
1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
qəbul imtahanlarında iştirak etmək üçün əldə etdikləri
iş nömrəsi;
2. Əvvəlki illərin məzunları orta təhsil haqqında
sənədin əslini (2013-cü ilin məzunları illik qiymətlər
göstərilməklə buraxılış sinfində oxumaqları haqqında
arayışı);
3. Şəxsiyyət vəsiqəsini;
4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsini;
5. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə sənəd
verən namizədlər müvafiq ali təhsil müəssisəsində təhsil
almaları və cari qiymətləri haqqında arayış.
Seçim iki mərhələdən ibarətdir
I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək
test imtahanında iştirak edirlər. Test imtahanı
Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən
asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları
rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri
ixtisas qrupu daxilində Azərbaycan Respublikası ali
təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş
fənlərdən test imtahanı verirlər. Azərbaycan bölməsinin
abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus
dilini bilmə səviyyəsini müəyyən edən suallara cavab
verirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis,
alman və ya fransız dillərindən birini seçə bilərlər.
Test imtahanı 2013-cü il iyunun 16-da keçiriləcək.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” iyunun
15-dən etibarən TQDK-nın internet saytından çap edib
götürəcəklər.
Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha
yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan
abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar.
Müsahibə 2013-cü il iyunun 17-də keçiriləcək.
Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus
dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan
dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla),
eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla
qiymətləndiriləcək.
Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə
buraxılırlar.
Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.
Ali təhsil müəssisəsi göstərilməyən tibb, mədəniyyət və
incəsənətlə bağlı ixtisaslarda oxumaq üçün seçilən
abituriyentlər sənədlərini Rusiya Federasiyasının Təhsil
və Elm Nazirliyinə təqdim etdikdən sonra onlara qəbul
olunmaq üçün tövsiyə olunduqları ali təhsil müəssisəsi
haqda məlumat veriləcək. Həmin abituriyentlər müvafiq
ali təhsil müəssisəsində əlavə imtahan verməlidirlər.
Rusiya Federasiyası ali təhsil müəssisələrinə qəbul olan
abituriyentlər aşağıda göstərilən sənədləri
hazırlayacaqlar:
1. Milli pasport;
2. RF ali təhsil müəssisələrində təhsil almaq istəyən
xarici vətəndaş üçün anket (Anket formasını TQDK-dan
əldə etmək olar);
3. Orta təhsil haqqında sənədin əslini (2013-cü ilin
məzunları I yarımillik üçün qiymətlər göstərilməklə
buraxılış sinfində oxumaqları haqqında arayışı);
4. Tibbi arayış;
5. QİÇS infeksiyasının olmaması barədə arayış;
6. Doğum haqqında şəhadətnamənin surəti;
7. 2 ədəd yeni cəkilmiş 3X4 sm ölçüdə fotoşəkil .
Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir.
Lakin qəbul olunacaq Azərbaycan Respublikası
vətəndaşlarının yataqxana və digər xərcləri tələbələrin
özləri tərəfindən ödənilməlidir. Tələbələr Azərbaycan
tərəfindən aylıq təqaüdlə (Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 31 May 2010-cu il tarixli, 101
nömrəli qərarı ilə bakalavr, magistratura və ordinatura
üzrə təhsil alanlara 150 ABŞ dolları, aspirantura üzrə
isə 250 ABŞ dolları müəyyənləşdirilib.) və ildə bir
dəfə pulsuz gediş-gəlişlə təmin olunurlar. Rusiya
Federasiyasının ali təhsil müəssisələrinə qəbul olunmuş
tələbələrin illik tibbi sığortalanması məcburidir.
Qəbul olunanların sənədlərini Rusiya tərəfinə təqdim
etmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə
təqdim olunacaq.
Azərbaycan Respublikasının vətəndaşları Rusiya
Federasiyasının ali təhsil müəssisələrinə qəbul
olduqları təqdirdə 2013/2014-cü tədris ili üçün
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu
itirəcəklər.
Qəbulla bağlı geniş məlumatı, o cümlədən Rusiya
Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan
Respublikası vətəndaşları üçün ayrılmış ixtisasların
siyahısı, plan yerləri və s. məlumatları TQDK-nın
internet saytından (www.tqdk.gov.az)
əldə etmək olar.
Qeyd: Qeyri-tibb ixtisaslarında mütəxəssis hazırlığı
aparılan ixtisaslar üzrə təhsil müddəti 5 ildir.
Qəbul aparılan
ixtisasların siyahısı |