Azərbaycan ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda
da xeyriyyəçilik fəaliyyətləri həyata keçirən Heydər
Əliyev Fondu tərəfindən bu dəfə ABŞ-ın Merilənd ştatının
Montqomeri dairəsində yerləşən və ciddi fiziki və əqli
qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə
yardımı göstərilmişdir.
Bu yardım əsasında həmin məktəblər üçün
kompüterləşdirilmiş interaktiv lövhələr və əlil uşaqlar
üçün müvafiq avadanlıq alınacaqdır.
İyunun 6-da bu münasibətlə Merilənd ştatında qüsurlu
uşaqların təhsil aldığı "Lonqvyu" məktəbində xüsusi
mərasim təşkil olunmuşdur.
Mərasimə məktəb rəhbərliyi, Montqomeri dairəsinin təhsil
sisteminə daxil olan təşkilatların nümayəndələri, yerli
hakimiyyət dairələrinin təmsilçiləri və qüsurlu
şagirdlərin bir qrupu qatılmışlar.
İştirakçılar qarşısında çıxış edən Heydər Əliyev
Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə,
ilk növbədə, onlara ölkəmiz və xalqımız haqqında məlumat
vermiş, daha sonra Fondun qısa tarixçəsi, məqsəd və
məramlarından söz açmışdır. O, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın rəhbərliyi altında aparılan çoxşaxəli
fəaliyyətlər və onların əhatə dairəsi barədə
danışmışdır. Fondun prezidentinin uşaqlara yetirdiyi
diqqət və qayğını xüsusilə vurğulayan
C.Paşayeva-Seyidzadə mərasimin təşkilinin ölkəmizdə
geniş qeyd olunan 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə
Günündən sonraya təsadüf etdiyini və uşaqlara bəxş
edilən sevincin qiymətsiz olduğunu söyləmişdir.
Fondun nümayəndəsi yekunda "Lonqvyu" məktəbi ilə
Azərbaycanın ixtisaslaşmış təhsil müəssisələri arasında
təcrübə mübadiləsinin təşkilinin hər iki tərəf üçün
faydalı ola biləcəyini göstərmişdir.
Mərasimdə Montqomeri dairəsinin təhsil fondunun icraçı
direktoru Yolanda Pruit, dairənin təhsil xidmətləri
mərkəzinin nümayəndəsi Lavern Kimbal və "Lonqvyu"
məktəbinin əlaqələndiricisi Mişel Mak çıxış edərək
səmimi xeyriyyəçiliyə görə Heydər Əliyev Fonduna
təşəkkür etmiş və bu təşəbbüsü çox yüksək
qiymətləndirmişlər.
Tədbirin iştirakçıları arasında olan Azərbaycanın
ABŞ-dakı səfiri Elin Süleymanov öz növbəsində Heydər
Əliyev Fondunun Montqomeri dairəsinin fiziki cəhətdən
qüsurlu uşaqların təhsil aldığı məktəblərə göstərdiyi
xeyriyyə dəstəyinin onların duyduğu ehtiyacların
qarşılanması ilə bərabər, iki ölkənin xalqları arasında
münasibətlərin dərinləşməsinə əhəmiyyətli bir töhfə
olduğunu ifadə etmişdir.
Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış
və Azərbaycan musiqisi incilərini əks etdirən disklər və
məlumat kitabçalarından ibarət hədiyyələri "Lonqvyu"
məktəbinin rəhbərliyi minnətdarlıq hissi ilə qəbul
etmişdir.
Mərasimin sonunda məktəbdə fiziki cəhətdən qüsurlu
uşaqların təhsili üçün yaradılmış şərait tədbir
iştirakçılarına nümayiş etdirilmişdir.
Qeyd edilməlidir ki, Heydər Əliyev Fondu tərəfindən
göstərilmiş xeyriyyə yardımına "Washington Times"
qəzetində ayrıca bir məqalə həsr olunmuşdur.
AzərTAc |