Bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti,
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla
xanım Əliyevanın təşəbbüsü ilə Rusiyanın dövlət
qulluqçuları, Uşaq və Gənclər Təşkilatlarının Milli
Şurası idarə heyəti, Gənclərin İctimai Palatasının
üzvləri və ali məktəb tələbələrindən ibarət nümayəndə
heyəti Azərbaycana səfər çərçivəsində Bakı Slavyan
Universitetində (BSU) olmuşdur.
Qonaqlar universitetin muzeyi, bu ali təhsil ocağında
fəaliyyət göstərən Rusiya, Ukrayna, Polşa, Çexiya,
Yunanıstan, Türkiyə, Bolqarıstan və Belarus
tədris-mədəniyyət mərkəzləri, müasir standartlar
əsasında yenidən qurulmuş kitabxana, zəngin texniki
avadanlıqlarla təchiz edilmiş linqafon zalları,
elmi-tədqiqat laboratoriyaları, akt zalı, "Heydər Əliyev
məktəbi" və Tələbə Teleradio Studiyası ilə tanış
olmuşlar.
Universitetin müəllim-tələbə heyətinin rusiyalı
qonaqlarla görüşündə tədris işləri üzrə prorektor,
professor Asif Hacıyev BSU-nun yaranma tarixi, bu ali
təhsil müəssisəsinin fakültələri, strukturu, onun zəngin
elmi və mədəni həyatı, tələbə gənclər təşkilatı və
"Kölgə kabineti"nin çoxşaxəli fəaliyyəti haqqında
ətraflı məlumat vermişdir.
Beynəlxalq əlaqələr üzrə prorektor, professor Sahibə
Qafarova, tərbiyə işləri üzrə prorektor, dosent Oqtay
Səmədov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Anna
Bayramova ali məktəbin beynəlxalq layihələrindən,
universitetdə fəaliyyət göstərən dil və mədəniyyət
mərkəzlərindən, zəngin tələbə həyatından bəhs edərək
bildirmişlər ki, bu gün BSU Rusiyanın bir sıra nüfuzlu
universiteti ilə sıx əməkdaşlıq əlaqələri qurmuş və bu
əlaqələri sürətlə inkişaf etdirməkdədir.
Qonaqlar BSU-nun Azərbaycanda rus dilinin tədrisi
ənənəsinə sadiq qaldığına, slavyan dillərinə qayğı ilə
yanaşdığına görə universitetin kollektivinə
təşəkkürlərini bildirmiş və tələbələrlə fikir mübadiləsi
aparmışlar. Görüşdə yeni tədris ilində Rusiyanın bir
sıra gənclər təşkilatı ilə BSU-nun tələbə gənclər
təşkilatı arasında əməkdaşlıq memorandumunun imzalanması
qərara alınmışdır.
Hicran ƏKBƏROVA |