Dünyanın
30-dan artıq ölkəsinin daxil olduğu İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatı (OESD) 2013-cü ildə dünya
ölkələrində təhsilin vəziyyətinə dair növbəti analitik
hesabatını dərc etmişdir.
"2013-cü ildə təhsilə baxış: OESD-nin indikatorları"
adlı (Education at a Glance 2013) məruzədə keçmiş
postsovet məkanı ölkələri də daxil olmaqla dünyanın bir
sıra inkişaf etmiş ölkələrində təhsil və məşğulluq
məsələləri sahəsində vəziyyət təhlil olunmuşdur.
Müxtəlif təhsil səviyyələrinə malik ölkələr üçün
iqtisadi böhranın nəticələri necədir? Öyrənlilən fənn və
əməkhaqlarının həcmi, eləcə də işsizlik səviyyəsi
arasında qarşılıqlı əlaqə varmı? Təhsil və
siqaretçəkməyə meyil arasında paralellər aparmaq
olarmı? OESD-nin son hesabatı bu kimi suallara geniş
cavab verir.
Hesabatda qeyd edilmişdir ki, son iki il ərzində bir
sıra ölkələrdə işsizliyin səviyyəsinin kəskin surətdə
artması müşahidə olunmuşdur.
Xüsusən də gənclər daha çox işsizlikdən əziyyət
çəkmişlər. 2011-ci ildə yaşı 15-19 olan gənclər arasında
işsizlik səviyyəsi 16 faiz, 25-29 yaş arasında 20 faiz
təşkil etmişdir. Bəzi ölkələrdə isə bu rəqəmlər kifayət
qədər yüksəkdir və 25-29 yaşlı gənclər arasında hər üç
nəfərdən birini işsizlər və təhsildən kənarda qalanlar
təşkil edir. Bu cür vəziyyət gənclərin işgüzar əhvalına,
vərdişlərinə və sosial inteqrasiyasına uzunmüddətli
təsir göstərir.
Yaxşı təhsil əvvəlki kimi qiymətli hesab olunur. Təhsil
səviyyəsi əmək bazarında işlə təmin olunmağa güclü təsir
göstərir, böhran isə bu təsiri daha da gücləndirmişdir.
OESD ölkələrində diplomlu ali təhsilli işsizlər 4,8 faiz
təşkil etmişdir. Orta təhsilə malik olan şəxslər
arasında bu rəqəm 12,6 faizdir. Gənclər üçün yaxşı
təhsil hətta böhranlar şəraitində belə işlə təmin
olunmağın qiymətli təminatçısıdır.
Bir sıra ölkələr (Avstriya, Almaniya, Çexiya,
Lüksemburq) texniki peşə təhsilinin səviyyəsini orta
səviyyədən (32 faiz) yüksəltməklə işsizlik səviyyəsini
azaltmağa nail ola bilmişlər.
Əksinə, Yunanıstan, İrlandiya, İspaniya kimi ölkələrdə
texniki peşə təhsili üzrə diplom alan gənclərin sayı 25
faiz aşağı düşmüşdür ki, nəticədə bu ölkələrdə işsizlik
12 faiz artmışdır.
Təhsil və gəlirlər arasında əlaqə də möhkəmdir. Təhsil
səviyyəsi təkcə gənclərin işlə təmin olunmasına yox, həm
də gəlirlərə təsir edir. Ali təhsilli yaşlı işçilərin
gəlirləri orta təhsillilərdən fərqli olaraq 1,5 dəfə
artmışdır. Böhran şəraitində əməkhaqları arasında fərq
dərinləşmişdir. Ali təhsilli şəxslərlə aşağı təhsil
səviyyəsinə malik olanların gəlirləri arasında fərq 75
faizdən 90 faizə qədər artmışdır. Məlum olmuşdur ki,
ali təhsil diplomu uzunmüddətli perspektivdə özünün
müsbət bəhrələrini verir.
Ali təhsilli vətəndaşların sayına görə Rusiya Kanada
və Yaponiyanı üstələyərək birinci yerə çıxmışdır.
OESD ölkələrinin əksəriyyətində rəsmi təhsil prosesi 5
yaşdan başlayır.
Lakin Belçika, Fransa, İslandiya, İtaliya, Norveç,
İspaniya və İsveçdə artıq 3 yaşdan (90 faiz) ümumi
təhsil hesab olunur.
Hesabatda qeyd olunur ki, Asiyadan olan tələbələr
arasında xaricdə təhsil daha çox populyarlıq
qazanmışdır. 2011-ci ildə 4,3 milyon tələbə xarici
universitetlərə üz tutmuşdur.
Avstraliya, Böyük Britaniya, İsveçrə, Yeni Zelandiya və
Avstriya xarici tələbələrin sayına görə irəlidədir.
OESD ölkələrində qeydə alınmış xarici tələbələrin sayı
OESD ölkələrindən xaricə gedən tələbələrin sayından 3
dəfə artıqdır.
|