2013-2014-cü dərs ilində ümumi təhsil sahəsində qarşıda
duran vəzifələri müzakirə etmək və mövcud problemlərin
həllinə yönəlmiş inkişafyönümlü tədbirlər
müəyyənləşdirmək məqsədilə "Azərbaycan Respublikasının
Təhsil Nazirliyi haqqında" Əsasnamənin 13.5-ci bəndini
rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2013-cü il 2-12 sentyabr tarixlərində ümumi təhsil
sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər)
konfransları keçirilsin.
2. Konfranslar plenar və metodik bölmə iclaslarından
ibarət olmaqla 2 gün ərzində keçirilsin.
3. Konfransların plenar iclaslarında "2012-2013-cü dərs
ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda
rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin
məruzəsi dinlənilib müzakirə edilsin.
4. Rayon (şəhər) təhsil şöbələri (idarələri):
4.1. Plenar iclaslarda məktəb direktorlarının, seçmə
yolla direktor müavinləri və qabaqcıl müəllimlərin,
eləcə də "Ən yaxşı müəllim" müsabiqəsi qaliblərinin,
təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş və yüksək
balla ali məktəblərə daxil olmuş məzunların, habelə
aidiyyəti təşkilatların nümayəndələrinin iştirakını
təmin etsinlər.
4.2. Plenar və metodik bölmə iclaslarında irəli sürülmüş
təklifləri ümumiləşdirib sentyabrın sonunadək Təhsil
Problemləri İnstitutuna göndərsinlər.
5. Metodik bölmə iclasları aşağıdakı təhsil işçiləri
üçün təşkil olunsun:
- məktəb direktorları;
- təlim-tərbiyə işləri üzrə direktor müavinləri;
- məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə
təşkilatçılar;
- fənlər üzrə metodbirləşmə rəhbərləri;
- məktəb kitabxanaçıları;
- praktik məktəb psixoloqları;
- uşaq birliyi rəhbərləri.
6. Təhsil Problemləri İnstitutu (Q.Novruzov):
6.1. Metodik bölmə iclaslarının səmərəli keçirilməsində
yerli təhsil orqanlarına köməklik məqsədilə tövsiyələr
hazırlayıb 10 gün müddətində pedaqoji mətbuatda dərc
etdirsin.
6.2. Yerlərdən alınmış təkliflərin təhlilini aparsın və
ümumiləşdirilmiş material hazırlayıb Nazirliyə təqdim
etsin.
7. Nazir müavini (C.Bayramov) konfranslarda Nazirliyin
nümayəndələrinin iştirakı barədə təkliflərin hazırlanıb
rəhbərliyə təqdim olunmasını təmin etsin.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və
konfransların gedişinin KİV-lərdə işıqlandırılmasını
təmin etsin.
9. Əmrin icrasına nəzarət Nazir müavininə (C.Bayramov)
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
15 avqust 2013-cü il |