Yeni dərs ilinin ilk günü Balakən rayonunun Hənifə və
Qazbinə kənd tam orta məktəblərinin müəllim və
şagirdləri üçün əlamətdar və yaddaqalan olub.
Balakən Rayon Təhsil Şöbəsinin müdiri Mahir Dibirov
bildirib ki, sentyabrın 16-da bu kəndlərdə dövlət
vəsaiti hesabına inşa edilmiş 480 və 220 yerlik yeni
məktəb binaları şagirdlərin istifadəsinə verilib.
Açılış mərasimlərində rayon icra hakimiyyətinin başçısı
İslam Rzayev və Milli Məclisin deputatı Kamilə Əliyeva
çıxış edərək əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş təhsil islahatları proqramının
hazırda uğurla davam etdirildiyini, son illər
respublikamızda təhsil sahəsinin inkişafı ilə bağlı
ardıcıl tədbirlərin həyata keçirildiyini bildiriblər.
Qeyd olunub ki, iki gün əvvəl rayonun kəndlərində 2 yeni
məktəb binası istifadəyə verilib. Oktyabrın
əvvəllərində Qazma kəndində də dövlət vəsaiti hesabına
inşa edilən 360 yerlik yeni məktəb binası istifadəyə
veriləcəkdir. Vurğulanıb ki, respublikanın ucqar sərhəd
rayonlarından olan Balakəndə yeni dərs ilinin
başlanğıcında müasir tələblərə cavab verən 4 yeni məktəb
binasının istifadəyə verilməsi regionların
sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğının
bariz nümunəsidir.
Çıxış edənlər yeni məktəb binalarının istifadəyə
verilməsinin rayonun təhsil həyatı üçün çox əlamətdar
hadisə olduğunu vurğulayıb, dərs ilinin başlanğıcında
gerçəkləşdirilən belə dəyərli işlərə görə dövlət
başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları yeni məktəb binalarında
yaradılmış şəraitlə yaxından tanış olublar.
Şakir CƏFƏROV |