"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Bayram
Hüseynzadəyə
Hörmətli
Bayram müəllim!
Sizi və Sizin şəxsinizdə "Azərbaycan müəllimi" qəzetinin
bütün kollektivini qəzetin nəşrə başlamasının 80-ci
ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Təhsil və mətbuat hər bir xalqın taleyini müəyyən edən
müstəsna dəyərlərdir. Bunların hər ikisini öz
səhifələrində bir araya gətirən "Azərbaycan müəllimi"
qəzeti 80 il ərzində öz adının müqəddəsliyinə sadiq
qalmış, Azərbaycan ictimai fikrinin inkişafındakı yeri
və rolu, bu inkişafa verdiyi əhəmiyyətli töhfələrlə özü
də tarixi bir dəyərə çevrilmişdir.
"Azərbaycan müəllimi" qəzeti bizim üçün də doğma bir
qəzetdir. Çünki qəzetin ərsəyə gəlməsində, yaşam
dövründə və bu günə gəlib çatmasında həmkarlar ittifaqı
təşkilatımızın da böyük rolu vardır. Belə ki,
"Azərbaycan müəllimi" qəzeti uzun müddət Təhsil
Nazirliyi ilə yanaşı Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqının da orqanı olmuş və ittifaqın
fəaliyyəti bu qəzetin səhifələrində geniş
işıqlandırılmışdır.
Ulu öndər Heydər Əliyevin irəli sürdüyü və Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
yüksək dinamizmlə həyata keçirilən strateji inkişaf
kursunun uğurları sayəsində Azərbaycan dövləti tarixinin
böyük yüksəliş dövrünü yaşayır. Cəmiyyət həyatının ən
çox inkişaf edən sahələrindən biri də məhz təhsil
sahəsidir. Respublikamızda həyata keçirilən təhsil
islahatlarının ölkə ictimaiyyətinə aydın izahı,
cəmiyyətimizin maarifləndirilməsi, gənc nəslin
təlim-tərbiyəsi, uzun illər ərzində təhsil sahəsində
formalaşdırılmış zəngin irsin varisliyinin təmin
olunması baxımından milli mətbuatımızın üzərinə yenə də
böyük vəzifələr düşür. Fərəh doğuran haldır ki,
"Azərbaycan müəllimi" qəzeti 80 illik fəaliyyət
tarixinin bütün dönəmlərində olduğu kimi yenə də öz
missiyasını layiqincə yerinə yetirərək Azərbaycanın
maarifçilik tarixinin ən yeni dövrünün salnaməsini
yazır.
Hörmətli Bayram müəllim!
Bu tarixi gün münasibətilə Sizə ən xoş diləklərimizi
çatdırır, "Azərbaycan müəllimi" qəzetinin hər yeni
sayının oxucularla görüşə gəlməsində əməyi olan bütün
insanlara uzun ömür, möhkəm cansağlığı, şərəfli işinizdə
yeni-yeni nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Səttar MEHBALIYEV,
AHİK-in sədri, millət vəkili
|