Kampuslar
tələbələr arasında gözəgörünməz bağlılığa,
millətlərarası anlaşmaya, mehribanlığa, səmimiyyətə
aparan ən qısa yoldur.
Kampus müvafiq maddi-texniki bazaya və infrastruktura
malik bir təhsil kompleksidir. Kampusların
yaradılmasını təşviq etmək isə aidi qurumları bu işi
görməyə cəlb etmək, həvəsləndirmək, şövqə gətirməkdir.
Müstəqil Azərbaycanın təhsil sistemində genişmiqyaslı
islahatların aparılması kimi strateji əhəmiyyətli, mühüm
proseslər 1999-cu ildə ulu öndərimiz Heydər Əliyevin
"Təhsil sahəsində İslahatlar Proqramı"nı imzalaması ilə
başlanıb.
24 oktyabr 2013-cü ildə isə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam
imzaladı. Beş istiqamətdən, səkkiz bölmədən ibarət
strategiyanın "Strateji hədəflər və tədbirlər"
bölməsindəki 4.6.-cı maddəsi çox qısa bir cümlədən
ibarətdir: "Kampusların yaradılmasının təşviqi".
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan müəllimlərinin
XIV qurultayında etdiyi məruzədə Azərbaycanda təhsilin
inkişafı üzrə Dövlət Strategiyasının əsas
istiqamətlərini açıqlayarkən, kampusların yaradılması
mövzusuna da toxunmuşdur.
Kampusların yaradılmasının təşviqi ilk baxışda adi və
sadə görünən bir cümlədir. Amma bu üç kəlməlik cümlənin
mahiyyətcə fərqinə varanda, görürük ki, Təhsil
Strategiyasındakı hər bir bənd Azərbaycanda tələbənin
təhsil səviyyəsinin və sosial rifahının yüksəlişinə
xidmət edən bir təməl daşıdır. Azərbaycan təhsilini
daha da irəli aparmaq və dünyada qəbul edilmiş bir
səviyyəyə çatdırmaq əslində Təhsil Strategiyasının
bütün müddəalarını birləşdirən ümumi bir cəhətdir.
Bütün dövrlərdə tədrisin keyfiyyətinə təsir göstərən ən
əsas amillərdən biri tələbələrin məhz yaşayış şəraiti
olub. Sosial şəbəkələrdə, rəsmi mətbuatda təsadüf
etdiyim yazılardan məlumatlıyam ki, Bakıda yerləşən bir
sıra ali təhsil müəssisələrinin tədris korpuslarının və
onlara məxsus tələbə şəhərciklərinin mərkəzdən kənara
çıxarılması və kampus şəklində paytaxt ətrafında
yaradılması yaxın illərdə artıq reallaşdırılacaq.
Kampus nədir və bir termin kimi necə başa düşülür?
Kampus universitet məkanlarının ümumiləşdirilmiş adıdır.
Türkiyədə belə məkanlara "yerləşgə" deyilir. Yadımdadır
ki, Milli Məclisin 2009-cu il 19 iyun tarixli iclasında
deputatlarımızdan biri kampus ifadəsinin yerinə "Təhsil
köyləri" işlətməyi təklif etmişdi. Fikrimcə, kampus
dünya ölkələrinin təhsil müəssisələrində işlədilən və
cəmiyyətdə asanlıqla anlaşılan bir ifadədir.
Təhsil kampusundan danışılanda ilk növbədə təhsil
qurumlarına aid tədris korpusları və pansion,
yataqxana, yeməkxana, laboratoriya, kitabxana, idman
zalı, sağlamlıq mərkəzi, konfrans salonu və s. başa
düşülür.
Mən kampusa tələbə üçün ən əlverişli məkan deyərdim.
Əgər hər hansı bir ölkə öz sabahkı ziyalı ordusunun sıra
nəfərinin, yəni bugünkü tələbəsinin daha fəal, daha
ciddi, daha diqqətli olmasını istəyirsə, ilk növbədə
onun harada yaşamasının qeydinə qalmalıdır. Məsələnin
mahiyyəti təkcə bununla bitmiş olsaydı, onda "yataqxana
var"- deyə kampuslara ehtiyac qalmazdı.
Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət
Strategiyasında kampusların yaradılmasının təşviqi
ayrıca yer almışdırsa, deməli bu mövzu təhsil
səviyyəsinin yüksəlməsində həqiqətən də çox önəmli
mahiyyət daşıyır.
Ali təhsil ocaqlarının kampuslara malik olması
bölgələrdən və xarici dövlətlərdən təhsil almağa gələn
tələbələrin harada məskunlaşacağı problemini avtomatik
həll edir. Nəticədə tələbə qızıldan qiymətli olan
müddətli təhsil illərini məişət problemlərinin həllinə
sərf etməkdən azad olur.
Yeri gəlmişkən, onu da deyim ki, kampus təkcə bina tikib
istifadəyə vermək kimi başa düşülməməlidir. Tələbəyə
lazım olan hər bir sahəni özündə birləşdirən kampusun
özəyini tədris korpusları təşkil edir.
Dünya standartlarına uyğun gələn, müasir tələblərə cavab
verən kampuslara malik ali təhsil müəssisəsində oxumaq
bu günün tələbəsinin ən ümdə arzusudur.
Təbii ki, yeni yaradılacaq kampuslarda yerli
tələbələrimizlə birlikdə əcnəbi tələbələr də
məskunlaşacaq. Kampus elə bir məkandır ki, burada bütün
tələbələr bir-biri ilə eyni ailənin doğma övladları kimi
mehriban davranır, bir-biri ilə ünsiyyət qurur, dostluq
edir, birlikdə idmanla, kompüterlə, müxtəlif
intellektual fəaliyyət növləri ilə məşğul olurlar. Bu da
onların dünyagörüşünün sürətli inkişafına təkan verir.
Tələbə nəinki təhsili ilə, həmçinin gündəlik məişəti
ilə də bağlı özünə lazım olan hər bir şeyi kampus
daxilində tapa bilir. Universitetin kampus məkanında
yerləşməsi mahiyyətcə çox önəm daşıyır. Kampusu tələbə
şəhərciyindən fərqləndirən cəhət onun əhatə dairəsinin
çoxşaxəli və çoxçeşidli olmasıdır. Müasir kampusda
elektron kitabxanalar, elmi laboratoriyalar, kompüter
mərkəzləri, tələbələrin idman növləri ilə məşğul
olması üçün klublar, stadionlar, üzgüçülük hovuzları,
dərnəklər, tibb məntəqələri, alış-veriş mərkəzləri, poçt
və s. fəaliyyət göstərir.
Çoxsaylı tələbələr üçün yaradılan və ya yaradılacaq
kampuslar dünya standartlarına cavab verməlidir. İnkişaf
etmiş ölkələrdəki beynəlxalq universitetlərin çox böyük
əksəriyyəti öz kampusuna malikdir. Kampusu olan ali
təhsil müəssisəsində oxumaq hər bir gəncin arzusudur.
Çünki kampusa malik universitetlərdə tələbələrin
istifadəsində kitabxana, kompüter otaqları və
laboratoriyaların olması onların fikrini müəllimlərin
diqqət və qayğısının əhatəsində tamamilə təhsilə
yönləndirə bilir.
Əgər tələbənin məqsədi oxumaq, biliyini artırmaqdırsa,
deməli bu yolda ona əngəl yaradan bütün mövcud
problemlərin aradan qaldırılmasına nail olmalıyıq.
Müasir tələbənin ehtiyacını ödəyən hər bir şey kampus
daxilində mövcud olduğu üçün tələbələr orada özünə
dərsdən kənar və ya dərsə dəxli olan məşğuliyyətlər də
tapır. Bu da onların təhsillə yanaşı həm də sosial
həyatda digər tələbələrlə bərabər addımlaya bilmələrinə
imkan yaradır.
Tələbələrin təhsil almaq, tədris prosesində bal
toplamaq, imtahanlara hazırlaşmaq, kitabxanalarda
mütaliə etmək, dərslikləri araşdırmaq qayğıları ilə
yanaşı, üstəlik həm də məişət qayğıları var. Axı,
rayondan və ya əcnəbi ölkələrdən paytaxta oxumağa
gəlmiş tələbənin Bakıda yaşaması üçün ən azı bir
çarpayılıq, bir masalıq, bir kətillik otağının olması
zəruridir.
Universitetlərin böyük əksəriyyətinin hələ də kampusunun
olmaması orada təhsil alan tələbələrin kirayə evə olan
ehtiyacı ilə nəticələnir. Bu isə, hər şeydən əvvəl, həm
tələbənin vaxtının itməsinə, həm də onun bir növ təhsil
mühitindən yayınmasına səbəb olur. Məhz bu nüans
üzərində ciddi düşünmək lazımdır ki, kirayə evlərdən
yalnız tələbələr deyil, əhalinin ən müxtəlif
təbəqələrinin nümayəndələri də istifadə edir. Odur ki,
tələbələrin bəzən xarakterində təzahür edən ən
gözlənilməz dəyişikliklərin səbəbini, məncə, ilk növbədə
onların tələblərinə cavab verməyən, mühiti naməlum olan
kirayə evləri tutmağa vadar olması faktında axtarmaq
lazımdır.
Əksər tələbələr paytaxtdakı tələbə yataqxanalarında yer
tapa bilməməsi səbəbindən kirayə mənzillərə üz tuturlar.
Təcavüzkar Ermənistanın torpaqlarımızı işğal etməsi
nəticəsində yurd-yuvasından perik düşən soydaşlarımızın
Bakıdakı tələbə yataqxanalarında sığınacaq tapması 20
ildən artıqdır ki, paytaxta gəlib dövlət ali təhsil
ocaqlarında təhsil alanları kirayə evdə qalmaq
məcburiyyəti ilə üz-üzə qoyub. Ona görə də Təhsil
Strategiyasında göstərildiyi kimi bu problemin həlli
üçün kampusların yaradılmasının təşviqi günümüzün ən
vacib və təxirəsalınmaz tələbi, operativ surətdə
həllini gözləyən bir vəzifədir.
Əgər bu gün bütün dünyada baş verən prosesləri diqqətlə
nəzərdən keçirsək, gələcəkdə təhlükəsizlik
qaydalarının tələblərinə uyğun sivil şərtlər əsasında
inşa ediləcək kampusların zirzəmilərini də diqqətdə
saxlamalıyıq. Bu zirzəmilərdən kritik durumlarda (Allah
qismət eləməsin!) böyük bir tələbə kontingentinin
sığınacağı məkan kimi istifadə edilə bilər. Xarici
dövlətlərin kampus təcrübəsində bu da var.
Beynəlxalq təhsil sistemindəki, qabaqcıl
universitetlərdəki kampusların daxilində, ilk növbədə,
tədris korpusları, daha sonra pansion, yataqxana,
yeməkxana, laboratoriya, kitabxana, idman zalı,
üzgüçülük hovuzu, tennis kortları, masa tennisi, futbol,
voleybol, basketbol, həndbol, bilyard salonu, sağlamlıq
mərkəzi, konfrans salonu, gözləmə zalı və s. ilə yanaşı,
Botanika parkı, süni şəlalə, göl, yağmur və tullantı
sularının yenidən istifadəyə yararlı vəziyyətə
gətirilməsi sistemləri, günəş enerjisindən isti su əldə
etmək üçün cihazlar, alış-veriş mərkəzləri, restoranlar,
kafelər və hətta metro stansiyaları da var.
Kampusda yaşayan tələbə üçün əcnəbi və ya yerli olmaq o
qədər önəm daşımır. Həyata və yaşama fərqli baxış,
müstəqil olmağa köklənən həyat təcrübəsi, müxtəlif elm
sahələrində oxuyan tələbələrlə dostluq münasibətləri
qurmaq, ətrafdakılara qarşı mehribanlıq, şəxsi
münasibətlər baxımından fərqli və azad düşüncə tərzi,
tələbə həyatının həm maraqlı, həm də müəyyən həyat
imtahanından keçirən özəllikləri, kitabxanada keçən
saatlar, fərqli mühit və fərqli adətlər kampus həyatının
fraqmentləridir.
Xarici ölkələrdə kampus daxilində keçirilən idman
yarışmalarında qalib gələn tələbələrə hətta müxtəlif
məbləğli təqaüdlər də təyin edilir.
Bütün dünyada qəbul edilmiş bir səviyyədə təhsil almaq
istəyən hər tələbə öz gələcək hədəflərinə doğru ağılla,
məntiqlə, inamla silahlanaraq addımlamalıdır.
Hələ SSRİ-nin tərkibində ikən ölkə miqyasında yalnız
Azərbaycanda rəsmi fəaliyyətə başlamış ingilisdilli ilk
özəl ali məktəb Xəzər Universiteti olub. Bu
universitetin Bakı şəhərinin müxtəlif ərazilərində
yerləşən üç kampusu və ayrıca bir mərkəzi tələbələrin
istifadəsindədir. Daha bir kampus- Xəzər Universiteti və
Dünya məktəbi üzrə yeni təhsil kompleksi olan Binəqədi
kampusu isə hazırda tikilməkdədir.
Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş
"2009-2013-cü illərdə ali təhsil sistemində islahatlar
üzrə Dövlət Proqramı"nda müasir tipli universitet
şəhərciklərinin - kampusların yaradılması öz əksini
tapıb. Qeyd olunan Dövlət Proqramına uyğun olaraq bir
necə ali təhsil müəssisəmiz üçün, o cümlədən
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialı və Azərbaycan Diplomatik Akademiyası üçün
kampuslar artıq yaradılıb. Hazırda isə Bakı Ali Neft
Məktəbinin kampusu inşa olunur.
Kampusların yaradılmasının təşviqi cənab İlham Əliyevin
rəhbərlik etdiyi ölkədə təhsilalanların sosial rifahının
və təhsil səviyyəsinin yüksəlişinə hesablanmış Prezident
qayğısıdır.
Gəlin, hamılıqla çalışaq ki, Azərbaycan təhsili
beynəlxalq təhsildə yüksək reytinqə malik olsun. Qoy
bizim diplomumuzu bütün dünya tərəddüdsüz tanısın.
Ellada UMUDLU,
"Azərbaycan müəllimi"
Qeyd:
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə
təqdim etmək üçün" |