BMT
RADİOSU:
Siz Heydər Əliyev Fondunun vitse-prezidentisiniz və
çoxsaylı sosial layihələrdə iştirak edirsiniz. Sizi
ictimai fəaliyyətlə məşğul olmağa sövq edən nə olmuşdur?
LEYLA ƏLİYEVA:
Heydər Əliyev Fondu 2004-cü ildə yaradılmışdır. Onun işi
həyatın bütün sahələrini - təhsil, mədəniyyət, elm,
xeyriyyəçilik, səhiyyə məsələlərini, indi isə həm də
ekologiyanı əhatə edir.
Şəxsən mənə gəldikdə, bu fond mənim ictimai fəaliyyətə
öz töhfəmi vermək üçün böyük imkan deməkdir. Hesab
edirəm ki, Azərbaycan gənclərinin hər bir nümayəndəsi bu
işə müəyyən dərəcədə öz töhfəsini vermək istəyir.
Əlbəttə, əgər fayda verə biləcək bir iş görməyə imkan
varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm.
BMT RADİOSU:
Fondun əsas layihələri barədə danışaydınız... Şəxsən
Siz hansı layihələrlə fəxr edirsiniz?
LEYLA ƏLİYEVA:
Layihələr çoxdur. Fond çoxsaylı mədəni tədbirlər,
sərgilər, mühazirələr təşkil edir. Mənim sevimli
layihələrimdən biri "Bakıya uçuş" sərgisidir. Bu sərgidə
Azərbaycandan olan 21 müasir rəssam iştirak edir. Sərgi
iki il bundan əvvəl Londonda start götürmüş, sonra
Parisə, Romaya, Vyanaya, Moskvaya uçmuş və Bakıda başa
çatmışdır. Bu sərgi müasir Azərbaycan incəsənətini ilk
dəfə dünya tamaşaçılarına çatdırmağa imkan verdi.
Sərgiyə müsbət münasibəti görmək çox xoş idi.
Fondun səhiyyə və uşaqlarla iş sahəsində gördüyü bütün
tədbirlər mənim üçün çox vacibdir. Hazırda talassemiya
layihəsi məni daha çox narahat edir. Fond regionda ən
böyük talassemiya mərkəzi tikmişdir. Təəssüf ki, bu
xəstəlik Azərbaycanda da mövcuddur. Bununla əlaqədar
yaxşı xəbər odur ki, yaxın vaxtlarda bu xəstəliklə bağlı
dövlət proqramı hazırlanmışdır.
Çox vaxt elə olur ki, fond müəyyən layihə üzərində işə
başlayır, sonra dövlət də həmin fəaliyyətə qoşulur və
nəticədə dövlət proqramı yaranır. Məsələn, fond "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramını başlamış, bu layihə
çərçivəsində təxminən 400 məktəb tikilmiş və ya təmir
edilmişdir. Dövlət bu proqramı davam etdirdi və
Azərbaycanda 3 minə yaxın məktəb təmir edildi.
Fond Azərbaycandan başqa Türkiyədə, Gürcüstanda,
Rumıniyada, Misirdə, zəlzələdən zərər çəkmiş Pakistanda
da məktəblər tikmişdir, bu yaxınlarda Rusiyanın
Ulyanovsk şəhərində məktəb istifadəyə verilmişdir.
BMT RADİOSU:
Fond bir sıra ölkələrdə, o cümlədən Rusiyada işləyir.
Bu yaxınlarda Siz Volqoqrad, Həştərxan vilayətlərinin
həyatında fəal iştirakınıza görə medallar almısınız. Bu
mükafatların nəyə görə alınması və Rusiyanın daha hansı
regionları ilə işləməyiniz barədə ətraflı söhbət edə
bilərdinizmi?
LEYLA ƏLİYEVA:
Müqəddəs Knyagina Olqa ordeni almaq mənim üçün böyük
şərəfdir. Həştərxanda iki dəfə olmuşam. Bu şəhərdə
layihələrimiz çoxdur - orada park salmışıq, bir məktəb
binasını rekonstruksiya etmişik. Azərbaycan ilə Rusiya
arasında Dostluq Körpüsü açmışıq. Bu yaxınlarda Müqəddəs
Mələksima knyaz Vladimirə abidə ucaltmışıq. Oradakı
məbədə də qayğı göstəririk.
Əlbəttə, Rusiyanın Həştərxan vilayəti Azərbaycana
yaxındır. Bizim ortaq cəhətlərimiz çoxdur. Hesab edirəm
ki, ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə
yönəlmiş tədbirlər daha çox keçirilməlidir. Ölkələrimizi
bir-birinə bağlayan mehriban qonşuluq münasibətləri
çoxillik tarixə malikdir. Bu adi insani münasibətlər
əsasında çox şey qurulur.
Bir də, əlbəttə, mədəni mübadilə. Azərbaycanda rus
ədəbiyyatını, rus mədəniyyətini, rus dilini yaxşı
bilirlər. Azərbaycan bəlkə də yeganə MDB ölkəsidir ki,
məktəblərdə rus dilinin öyrənilməsi praktiki olaraq
əvvəlki həcmdə qalmışdır. Bizdə Bakı Slavyan
Universiteti, Azərbaycan Dövlət Rus Dram Teatrı, Rus
Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu yaxınlarda
Moskva Dövlət Universitetinin Bakı filialı açılmışdır.
Bu həm də ona görə çox qiymətlidir ki, mənim fikrimcə,
rus dili dünyada ən zəngin dillərdən biridir. Buna görə
də rus dilinin qorunub saxlanması çox vacibdir.
BMT RADİOSU:
Siz fondun Rusiyadakı fəaliyyətini xatırlatdınız. Bu
il fond öz yubileyini -10 yaşını bayram edir. Səhiyyə
barədə danışmalı olsaq məlumdur ki, Siz Heydər Əliyev
Fondu xətti ilə HİV-in profilaktikası məsələləri ilə çox
fəal məşğul olursunuz. Fondun mövcud olduğu müddətdə bu
istiqamətdə hansı nəticələrə nail ola bilmisiniz?
LEYLA ƏLİYEVA:
Bəli, bu, müasir dünyada ən vacib məsələlərdən biridir.
Mənim fikrimcə, ilk növbədə maariflənmə imkanı təmin
edilməlidir. İnsanlar bu barədə məlumat almalıdırlar,
Onlar bunu bilməli və bu barədə düşünməlidirlər.
Heydər Əliyev Fondu "Uşaq göy qurşağı" layihəsini həyata
keçirmiş, bununla əlaqədar HİV infeksiyası barədə
uşaqlar üçün mühazirələr oxunmuşdur. Bizim fond "B"
hepatiti və HİV ilə bağlı müayinələr aparan
Vişnevskaya-Rostropoviç Fondunu da dəstəkləyir. QİÇS
sahəsində Rusiyanın Azərbaycanlı Gənclər Birliyi - RAGB
çox fəal iş aparır. Fəallarımız müxtəlif
universitetlərdə mühazirələr oxuyurlar, Rusiyanın
müxtəlif regionlarında bu mövzuda konfranslar da təşkil
etmişik.
Biz hər il "Qanın milləti yoxdur" aksiyası keçiririk,
həmin aksiya çərçivəsində azərbaycanlı gənclər Rusiyada
təmənnasız olaraq qan verirlər. Bizim "Sağlam olmağını
yəqin et, xəstəliyə "yox" de" şüarı altında layihəmiz də
olmuşdur. Həmin gün hər bir insan pulsuz müayinə oluna
bilər.
BMT RADİOSU:
İlin əvvəlində Siz Nayrobidə olmusunuz. BMT Baş
katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının
(UNEP) rəhbəri Axim Ştayner ilə görüşmüsünüz.
Səfərinizin yekunları və prinsip etibarilə nə haqda
razılığa gəlməyiniz barədə bir qədər ətraflı danışa
bilərdinizmi?
LEYLA ƏLİYEVA:
Bu, mənim Afrikaya ilk səfərim idi. İDEA (International
Dialogue for Environmental Action) kampaniyası yaranan
vaxtdan artıq üç ildir ki, ekologiya ilə məşğul oluram.
Bu kampaniyanın əsas məqsədi ətraf mühitin qorunmasıdır.
Kampaniya regionumuzda gənclərlə işə istiqamətlənmişdir.
Biz bütün layihələrimizə kreativ yanaşmağa çalışırıq.
Artıq çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycanda
üç milyon ağac əkilməsi bizim əsas layihələr sırasına
aid edilə bilər. Bu, ölkəmizdə üç milyon gənc
yaşamasının rəmzidir.
Daha bir layihəmiz quşlar üçün yuvalar qurulması ilə
bağlıdır. Əvvəlcə Qız Qalasında - Azərbaycanın rəmzi
sayılan bu abidədə quş yuvaları vardı. Qız Qalasında
yenidənqurma işləri başlananda anladıq ki, quşlar
salamat qala bilməyəcəklər. Buna görə də biz həmin
qalanın lap qarşısında, üzərində quş yuvaları qurulmuş
bir art-obyekt ucaltdıq və quşlar həmin yuvalara
köçdülər. Bizim ideyalarımız çoxdur. Əsas
istiqamətlərdən biri - nəsli kəsilmək təhlükəsi olan
heyvanların müdafiəsidir.
May ayında pişikkimilər fəsiləsinin qorunmasına həsr
edilmiş böyük bir konfrans keçiriləcəkdir. Azərbaycanda
Qafqaz bəbiri yaşayır. Bu heyvanın nəslinin kəsilməsi
təhlükəsi var. Çətinlik onunla bağlıdır ki, bu heyvanı
böyüdüb ətraf mühitə buraxsaq, o, salamat qalmayacaq.
Buna görə biz indi bütün dünyadan ekspertləri dəvət
edirik ki, bu problemin həlli barədə düşünsünlər. Biz
zubrun və Qafqaz bəbirinin qorunması istiqamətində
Rusiyanın Vəhşi Təbiət Fondu ilə fəal iş aparırıq.
Keniya səfəri ilə bağlı unudulmaz təəssüratlarım var. Bu
səfərdən sonra başa düşürsən ki, hər yerin təbiəti
qiymətlidir. Azərbaycana qayıdandan sonra başa düşürsən
ki, bizdə hər şey tamam başqadır. Dünyadakı 11 iqlim
qurşağının 9-u bizim ölkəmizdə var. İnsanların kifayət
qədər bilikli, savadlı olması, bunun nə dərəcədə
qiymətli olduğunu başa düşmələri çox vacibdir.
BMT RADİOSU:
Məlumdur ki, Azərbaycanda ətraf mühitə hətta
məktəblər səviyyəsində böyük diqqət yetirilir.
LEYLA ƏLİYEVA:
Bəli, bu, həqiqətən belədir. İDEA layihəsi çərçivəsində
universitetlərdə və məktəblərdə ekoloji siniflər
yaradılmışdır. İndi biz tələbələr üçün dərslik üzərində
işləyirik. Bir də ki, bu məsələ hər bir uşaq üçün
maraqlıdır. Bəli, biz çox problemlər haqqında
fikirləşirik, lakin bu, harada yaşamasından asılı
olmayaraq hər bir insana aiddir. Bizim hətta belə bir
şüarımız var: "Bir planet - bir gələcək".
BMT RADİOSU:
Siz ictimai fəaliyyətinizlə yanaşı, Rusiyanın
Azərbaycanlı Gənclər Birliyinə - RAGB-yə rəhbərlik
edirsiniz. Yaxın vaxtlarda Siz Reza Deqatinin
tolerantlığa həsr edilmiş sərgisini açmışdınız.
Fikrinizcə, Azərbaycan və Rusiya xalqları arasında
tolerantlıq məsələlərinin daha yaxşı başa düşülməsi üçün
daha hansı addımları atmaq olar?
LEYLA ƏLİYEVA:
Bu sərgi çox uğurlu oldu. O, Yəhudi muzeyində və
tolerantlıq mərkəzində təşkil edilmişdi. Tolerantlıq
bizim üçün qürur mənbəyi deyil, bu, bizim həyat
tərzimizdir, normadır, ona görə ki, burada tarixən
müxtəlif xalqları, müxtəlif dinləri təmsil edən insanlar
yaşayır.
Bizdə atəşpərəstlik, zərdüştilik olmuşdu. Xristianlıq
Azərbaycana IV əsrdə, islam VIII əsrdə gəlmişdir,
iudaizm iki min illik tarixə malikdir. Bu gün
Azərbaycanda məscidlər, sinaqoqlar, kilsələr, atəşpərəst
məbədləri vardır. Onlar hamısı bir-birinin yaxınlığında
yerləşir. Bizdə müxtəlif dillərdə danışırlar.
Azərbaycanda 21 qeyri-müsəlman dini icma vardır.
Bu, çox vacib və qiymətlidir. Təəssüf ki, müasir dünyada
fikir ayrılıqları, münaqişələr bəzən məhz bir-birini
qəbul etmək və anlamaq arzusunun olmaması üzündən
yaranır. Buna görə də hesab edirəm ki, Azərbaycan
müəyyən mənada model rolu oynaya bilər. Əlbəttə, belə
bir tədbirin Rusiyada keçirilməsi çox önəmli idi, ona
görə ki, bizim ümumi cəhətlərimiz çoxdur, Rusiyada 100-ə
yaxın müxtəlif xalqların və dinlərin nümayəndələri
yaşayır, bunu qoruyub saxlamaq çox vacibdir.
AzərTAc |