İspaniya Krallığında ali təhsil
İspaniyada
yüksək keyfiyyətli və dayanıqlı təhsil sistemi
mövcuddur. Ölkə təhsili dövlət tərəfindən və özəl
fondlar hesabına maliyyələşdirilir.
İspaniyada ali təhsil sisteminin təşəkkül tarixi orta
əsrlərdən başlayır. Ölkənin ən qədim ali məktəbi olan
Salamanka Universiteti 1218-ci ildən fəaliyyət göstərir.
Hazırda İspaniya ali məktəblərində təxminən 1,5 milyon
tələbə təhsil alır. Bu isə 46 milyon əhalisi olan ölkə
üçün yüksək göstərici hesab edilir.
Ali təhsil sisteminə Elm və Təhsil Nazirliyi nəzarət
edir. Bununla yanaşı, ölkənin 17 muxtar regionu üzrə ali
təhsil müəssisələrinə yerli qurumlar cavabdehlik
daşıyır.
Ali məktəblərə qəbul olunmaq üçün orta məktəb məzunları
qəbul imtahanı verirlər. Ali təhsil icbari deyil. Özəl
universitetlərdə təhsil ödənişlidir. Təhsil haqqı
kursdan asılı olaraq dəyişir.
Ali təhsil proqramları bakalavriat, magistratura və
doktorantura pillələrindən ibarətdir. Avropa Ali Təhsil
məkanının tədris sisteminə uyğun olaraq proqramlar
müvafiq təhsil mərhələləri üzrə bölünür:
Bakalavriat proqramı - ilkin dərəcə proqramı və ya ümumi
ali təhsil istiqamətidir;
Magistratura proqramı - ixtisaslaşmış dərəcə, həmçinin
akademik və ya ixtisas dərəcə proqramıdır;
Doktorantura proqramı - elmi tədqiqat sahəsində ən
yüksək elmi araşdırma metodlarının öyrənilməsinə
yönəlmiş dərəcə proqramıdır.
Ölkədə 75 universitet var. Bu universitetlərdən 50-si
dövlət, 25-i özəl ali məktəblərdir. 25 özəl
universitetdən 7-si isə Katolik kilsəsinin nəzarəti
altındadır. 50 dövlət universitetindən 48-i müstəqil
idarəetmə strukturuna malikdir. 2 universitet isə Elm və
Təhsil Nazirliyinin nəzarəti altındadır.
Universitetlərdə qarışıq maliyyələşmə mexanizmi tətbiq
edilir. Təhsil xərcləri mərkəzi hökumətin ayırdığı
subsidiyalar, icma qrantları, şəxsi investisiyalar və
ianələr hesabına ödənilir.
Ali məktəbləri tədris imkanlarına görə 4 yerə ayırmaq
olar:
- texniki fənlərdən başqa bütün fənləri tədris edən ali
məktəblərdə hər üç ali təhsil pilləsi üzrə (bakalavriat,
magistratura, doktorantura) oxumaq olar;
- ali texniki məktəblər də hər üç təhsil pilləsini
(bakalavriat, magistratura, doktorantura) təklif edir;
- müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış
universitet məktəblərində yalnız bakalavriat pilləsində
təhsil almaq mümkündür;
-ali mühəndis məktəblərində isə memar, mühəndis və
texnoloq hazırlanır. Bu tədris ocaqlarında proqram daha
məzmunlu və dərindir. Bu məktəblərə qəbul olmaq
istəyənlər ən ciddi seçimlərdən keçirlər. Statistikaya
görə, mühəndislik məktəblərində birinci kurslarda təhsil
alan tələbələrin üçdə biri kursda qalır. Daxil olanların
dörddə biri isə diplom almağa müvəffəq olur.
Ölkə universitetlərində akademik il 2 semestrə ayrılır.
Birinci semestr sentyabrın ortalarından dekabrın
axırlarına kimi davam edir. İkinci semestr isə fevralın
ortalarında başlayır və mayın sonunda başa çatır. Bütün
universitetlərdə təhsil 5-6 il davam edir. Təhsil ispan
dilində aparılır.
Son onillikdə İspaniya universitetlərində təhsil alan
qızların sayı xeyli artıb. Oğlanlarla müqayisədə qızlar
təhsillərini bitirməyə və diplom almağa daha çox
müvəffəq olurlar.
Əcnəbi tələbələr İspaniyada ali təhsil müəssisələrində
oxuyan tələbələrin ümumi sayının 3 faizini təşkil edir.
Onlar da əsasən Avropa İttifaqına daxil olan ölkələrdən
gələn tələbələrdir.
Ali təhsil ciddi bir struktura əsaslanır və konkret
kurikulumlar tətbiq olunur. Tələbələr tədris müddətində
sağlamlıq və ailə vəziyyəti ilə bağlı ciddi səbəblər
olmadan oxuduqları universitetləri dəyişə bilməzlər.
İspaniyanın ali məktəblərində təhsil almaq üçün ispan
dilini bilmək əsas şərtlərdən biridir. Odur ki, ölkənin
ali məktəblərini seçən əcnəbilər ispan dili üzrə imtahan
verirlər. Müvafiq imtahanlar mayda və dekabrda
keçirilir.
Heç bir fərq qoyulmadan yerli və əcnəbi tələbələrə
qrantların, təqaüdlərin verilməsi də mümkündür. Təqaüd
və qrant alınması üçün rəqabət digər ölkələrlə
müqayisədə daha yüksəkdir.
Universitetlərdə təhsil haqqı yerli əhali və Avropa
İttifaqı ölkələrindən olan tələbələr üçün xeyli
aşağıdır. Universitetlərdə təhsil müddəti 4 il, tibb və
bəzi digər ixtisaslar üzrə 6 il davam edir. Ali təhsildə
Boloniya sisteminin tələbləri əsas götürülür.
İspaniya beynəlxalq aləmdə tanınmış bir çox ali
məktəbləri ilə məşhurdur. Bu ali məktəblər arasında
Komilas Pontifikal Universiteti, Alfonso El Sabio
Universiteti, Madrid Universiteti, Seville Universiteti,
Valensiya Universiteti, Bask Universiteti, Katolonia
Politexnik Universiteti, Madrid Texniki Universiteti,
Barselona Avtonom Universiteti, Qranada Universiteti,
Alkala Universiteti daha nüfuzlu hesab olunur. Ali
məktəblərin əksəriyyəti Madrid, Barselona və Valensiya
şəhərlərində yerləşir. Özəl universitetlərin daha çox
hissəsi Madrid şəhərində yerləşir.
Ölkədə qeyri-universitet təhsili verən ali təhsil
müəssisələri də fəaliyyət göstərir. Bu təhsil
müəssisələri sırasına mülki dənizçilik, turizm,
incəsənət və rəqs, mahnı və musiqi, yüksək səviyyəli
biznes məktəbləri və Amerika məktəbləri daxildir.
Türkiyədə ali təhsil
Türkiyədə
ali təhsil orta məktəb məzunlarının müvafiq ixtisaslara
sahib olmasını və yüksək səviyyəli mütəxəssislər kimi
yetişməsini təmin edir. Türkiyənin ali təhsil
müəssisələri sırasına universitetlər, institutlar,
konservatoriyalar, peşə ali məktəbləri daxildir.
Türkiyədə 104 dövlət, 62 vəqf universiteti və 7 peşə ali
məktəbi fəaliyyət göstərir.
Ölkənin ən qədim ali məktəbi olan İstanbul Universiteti
1456-cı ildə, İstanbul Texniki Universiteti isə 1773-cü
ildə yaradılıb. Onu da qeyd edək ki, son 50 ildə qardaş
ölkənin ali məktəblərinə idarəetmə baxımından olduqca
böyük sərbəstlik verilib. Universitetlərə qəbul Tələbə
Seçmə Sınağı vasitəsi ilə həyata keçirilir.
Türkiyə ali təhsilinin məqsəd və vəzifələri milli
təhsilin ümumi məqsəd və təməl prinsiplərinə uyğun
olaraq müəyyən edilib:
*Tələbələri maraq, istedad və qabiliyyətləri müqabilində
dövlətin elm və təhsil siyasətinə, əmək qabiliyyəti
ehtiyaclarına görə yetişdirmək;
*Müxtəlif istiqamətlərdə elmi inkişafa nail olmaq;
*Ölkənin ümumi inkişafı naminə dərin elmi araşdırmalar
aparmaq;
*Hökumət və qeyri-hökumət təşkilatları ilə işbirliyi
şəraitində tədris və araşdırma mövzularının nəticələrini
cəmiyyətə təqdim etmək;
*Elmi araşdırmaların nəticələrinə həsr olunmuş, elm və
texnikanın inkişafını təmin edən nəşrləri təqdim etmək;
*Türkiyə cəmiyyətinin ümumi səviyyəsini yüksəldən,
ictimai rəyi aydınlaşdıran elmi məlumatları xalqa
çatdırmaq və əyani təhsil xidmətləri göstərmək.
Yeri gəlmişkən onu da qeyd edək ki, ali məktəblərinə
dünyanın bütün ölkələrindən böyük axın olan Türkiyə
universitetlərində təhsil alan azərbaycanlıların sayı
ilbəil artmaqdadır. Azərbaycanla Türkiyə arasında
inkişaf edən təhsil əlaqələrinin nəticəsidir ki, dövlət
xətti və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində çoxsaylı azərbaycanlı Türkiyə
universitetlərində ölkəmiz üçün prioritet ixtisaslar
üzrə təhsil alır. Onlar qardaş ölkədə ali təhsillərini
başa vuraraq, yüksək ixtisaslı mütəxəssis kimi
Azərbaycanda çalışmaqda, ölkə həyatının ayrı-ayrı
sahələrinin inkişafına layiqli töhfələr verməkdədirlər.
Avstraliyada ali təhsil
Avstraliyada
40 universitet və 350 kollec fəaliyyət göstərir.
Universitet və kolleclərdə verilmiş diplomlar bütün
dünyada tanınır.
Ölkənin ali təhsil sistemi Böyük Britaniyanın ali təhsil
sistemi ilə oxşardır. Tələbələrə tədris prosesində tam
müstəqillik verilir və onların elmi-tədqiqatlara
qoşulması üçün hər cür şərait yaradılır. Avstraliyada
elmi-tədqiqatlara hər il böyük məbləğdə dövlət vəsaiti
ayrılır.
Ali məktəblər Dövlət Təhsil, Elm və Təlim
Departamentinin nəzarəti altında fəaliyyət göstərirlər.
Tədris proqramlarının müddəti 3-4, tibb təhsili 6 ildir.
Ölkədə məşhur universitetlərə daha çox tələbat duyulur.
Ölkə vətəndaşları üçün birillik təhsil xərci 14-21 min
Avstraliya dolları arasında dəyişir.
Avstraliya universitetlərinə qəbul zamanı son iki ili
ingilisdilli ölkələrdə təhsil alanlara üstünlük verilir.
Əks halda, universitetlərin nəzdindəki kollecdə müvafiq
proqram üzrə xüsusi kurs keçmək lazımdır.
Öz ölkəsində universitetin birinci və ya ikinci kursunu
bitirən, 18 yaşı bitmiş tələbələr də IELTS imtahanında
6,5 bal toplayaraq Avstraliya universitetlərinin müvafiq
kursunda oxuya bilərlər. Digər ölkələrdə ali məktəbi
bitirən şəxslər isə Avstraliyada təhsil almaq üçün
diplomunu təqdim etməli və IELTS imtahanında ən azı 6,5
bal toplamalıdırlar. Bir çox hallarda MBA proqramı üzrə
daxil olmaq istəyənlərdən 3 illik iş təcrübəsi tələb
edilir. Əcnəbilər üçün təhsil haqqı 9-36 min dollar
civarındadır. Onu da qeyd edək ki, Avstraliya ali
məktəblərində təhsil haqqı bir çox inkişaf etmiş
ölkələrdən xeyli aşağıdır.
Tələbələr həftədə 20 saatdan çox olmayaraq işləyə
bilərlər. Ölkədə iki il yaşayan tələbə ilyarımlıq iş
vizası, 5 il yaşayan isə daimi yaşayış vizası almaq
imkanı qazanır.
Ali təhsilə yanaşmada hamı üçün bərabər imkanların
yaradılması, təhsil haqqını ödəmə qabiliyyətinə görə
deyil, bacarıq və biliyə əsasən universitetə qəbul,
akademik muxtariyyət, elmi-tədqiqat sahələrinin
genişləndirilməsi kimi prinsiplərə üstünlük verilir. Ali
təhsildə adambaşına maliyyələşdirmə sistemi tətbiq
olunur. Hökumət dörd ildən bir ali təhsil və tədqiqat
sektoruna 5,4 milyon dollar məbləğində əlavə maliyyə
vəsaiti ayırır.
Ölkənin daha xoşbəxt gələcəyinin təmin oluması
baxımından ali təhsilin qarşısında bir sıra mühüm
məqsədlər dayanır. Yüksək ixtisaslı mütəxəssislərin
hazırlanması, çoxsaylı iş yerləri, ümumi inkişaf
səviyyəsinin yüksəldilməsi bu baxımdan qəbul olunmuş
əsas prinsiplərdir.
Ali məktəblər geniş ixtisas seçimi təklif edir.
Avstraliyada 38 dövlət və 2 özəl universitet fəaliyyət
göstərir. Bütün ölkə üzrə 180-dən çox universitet
kampusu var. 340000 əcnəbi tələbə hər il təhsil almaq
üçün Avstraliyaya gəlir.
Avstraliyada mühüm akademik müvəffəqiyyət göstərmiş
məzunlara fərqlənmə ilə bakalavr dərəcəsi verilir. Bunun
üçün daha bir il əlavə təhsil almaq lazımdır. Bu
dərəcəyə sahib olan məzunlar növbəti təhsil proqramına
daxil olarkən və ya işə düzələrkən bir sıra
üstünlüklərdən istifadə edə bilərlər.
Magistratura proqramı üzrə təhsilin müddəti bakalavrlar
üçün 2 il və bakalavriatura pilləsini fərqlənmə ilə
bitirənlər üçün isə 1 il nəzərdə tutulub. Avstraliyada
peşəkar ixtisaslaşdırma, dissertasiya müdafiəsi və
dissertasiya müdafiəsi ilə birgə tədqiqat işini əhatə
edən magistratura proqramları təklif olunur.
Ali təhsil piramidasının zirvəsində doktorantura
proqramları durur. Doktorantura proqramları tədqiqat və
kurs işindən ibarətdir. 3 illik tədqiqat işini müdafiə
edən şəxs fəlsəfə doktoru (PhD) dərəcəsi alır. Kurs işi
isə tətbiqi xarakter daşıyır və daha çox araşdırmanın
nəticələrinin həyata keçirilməsi ilə əlaqəlidir.
Ali təhsilin keyfiyyətinə nəzarət edən Ali Təhsilin
Keyfiyyəti və Standartlar Agentliyi 2010-cu ildə
yaradılıb. Bu qurumun 2013-cü ildən etibarən texniki
peşə təhsili və təlim təşkilatlarının da fəaliyyətinə
nəzarət etməsi planlaşdırılır. Ali Təhsilin Keyfiyyəti
və Standartlar Agentliyinin dördillik büdcəsi 57 milyard
dollardır.
Hökumətin ali təhsil üzrə perspektiv inkişaf
strategiyasına əsasən, 2025-ci ilə qədər 25-40 yaşında
olan bütün əhalinin 40 faizi bakalavr və daha yuxarı
dərəcəyə malik olacaq. Bir qayda olaraq, ali təhsil
müəssisələri ödənişli əsaslarla fəaliyyət göstərir. Buna
baxmayaraq, əksər tələbələrin maliyyə xərcləri dövlət
tərəfindən ödənilir. Ali Təhsil Kredit Proqramına (HELP)
Dövlət Təhsil, Elm və Təlim Departamenti, eləcə də Vergi
İdarəsi (ATO) rəhbərlik edir.
Bundan əlavə, xüsusi istedadlı tələbələr Gənclərə Yardım
və Avstraliya Təhsil Ödənişi Xidmətinin imkanlarından
istifadə edə bilərlər. Tələbələrə köməklik məqsədilə
müvafiq təqaüdlər də ayrılır.
Avstraliyanın kolleclərində əsasən əmək bazarında tələb
olunan peşə təhsili ilə bağlı proqramlar tədris olunur.
Avstraliya kolleclərinin çox az bir qismində müəyyən
elmi dərəcələr verilir.
Kollec adı altında bir sıra ali təhsil müəssisələri də
fəaliyyət göstərir. Belə kolleclərə tibb və incəsənət
məktəblərini misal göstərmək olar.
Əcnəbi tələbələr yalnız ödənişli təhsil ala bilərlər.
Onlar dövlətdən hər hansı bir təhsil krediti götürə
bilməzlər. Bununla belə, əcnəbi tələbələr üçün bir sıra
beynəlxalq təqaüd proqramları nəzərdə tutulur.
İsveçrə Konfederasiyasında ali təhsil
Çox
az miqdarda təbii ehtiyatlara malik olmasına baxmayaraq,
İsveçrə dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən
biridir. Ölkənin tərəqqisi, ilk növbədə zəngin
intellektual potensiala əsaslanır.
Ölkədə ali və orta ixtisas təhsili A və B səviyyələrinə
bölünür. A səviyyəsində 2 növ ali təhsil müəssisələri
fəaliyyət göstərir. Birincisi, ənənəvi universitetlər,
dairə universitetləri və federal texnologiya
institutları. Bu müəssisələrdə təlim, əsasən elmi
tədqiqatlar üzərində qurulur. İkincisi, tətbiqi elmlər
universitetləri. Bu ali məktəblərdə təlim tətbiqi
tədqiqatlara əsaslanır.
Ali peşə təhsili və təlimi isə B səviyyəsinə aiddir. Bu
təhsil pilləsi ali peşə təhsili və təlimi kolleclərində
həyata keçirilir. Bu təhsil pilləsini bitirən tələbələrə
peşə sertifikatları və diplomlar verilir.
Abituriyentin akademik qabiliyyət sertifikatı və ona
müvafiq olan sənədə malik olması universitetə qəbul üçün
əsas tələb hesab edilir. İxtisas seçimində
abituriyentlər tam azad olsalar da, tibb fakültələrinə
qəbul zamanı böyük rəqabət yarandığı üçün qabiliyyət
imtahanı da tələb olunur. Əcnəbilərin tibb ixtisaslarına
qəbuluna isə tam məhdudiyyət qoyulub.
İsveçrədə dövlət tərəfindən maliyyələşən 10 dairə
universiteti və 2 federal texnologiya institutu (Sürix
Federal Texnologiya İnstitutu və Lozanna Federal
Politexnik Məktəbi) fəaliyyət göstərir. 2009-2010-cu
tədris ilində bu ali məktəblərdə 130000-ə yaxın tələbə
təhsil alıb. Tələbələrin 26 faizini əcnəbilər təşkil
edib.
Dövlət hər iki federal texnologiya institutuna, hər bir
dairə isə öz ərazisi daxilində yerləşən universitetlərə
nəzarət edir. Dairə universitetləri həm dövlət, həm də
dairələr tərəfindən maliyyələşdirilir.
İsveçrənin 10 dairə universitetinin 5-i (Bazel
Universiteti, Bern Universiteti, Luzern Universiteti,
Saint-Qallen Universiteti və Sürix Universiteti) alman
dilli, 4-ü (Friburq Universiteti, Cenevrə Universiteti,
Lozanna Universiteti və Nevşatel Universiteti) fransız
dilli, 1-i (Della Svizzera Universiteti) isə italyan
dilli dairədə yerləşir. Həmin universitetlərdə tədris
dairədə istifadə edilən dildə aparılır. Yalnız Friburq
Universitetində tədris alman və fransız dillərində
aparılır.
Ölkənin ən böyük ali məktəbi 20000-dən çox tələbənin
təhsil aldığı Sürix Universitetidir. Burada tələbələrin
15-20 faizini əcnəbilər təşkil edir. Universitetdə
təhsil müddəti 4-6 il davam edir.
Sürix Federal Texnologiya İnstitutu və Lozanna Federal
Politexnik Məktəbi dövlət elmi tədqiqat müəssisəsidir.
Bu müəssisələrdə yüksək standartlara uyğun tədris,
tədqiqat və elmi-texniki xidmətlər həyata keçirilir.
Hər iki institut yüksək ixtisaslı, beynəlxalq arenada
tanınmış alim və mühəndislərin hazırlanmasına misilsiz
töhfələr verir.
İsveçrənin ali təhsil müəssisələri klassik Avropa
universitetləri ənənəsi əsasında fəaliyyət göstərir. Ali
məktəblərdə həm tədris, həm də tədqiqat həyata
keçirilir, tələbələrə hüquq, iqtisadiyyat, riyaziyyat,
təbiət elmləri, humanitar və ictimai elm sahələri üzrə
dünyəvi biliklər verilir.
Bir tədris ili 2 semestrə bölünür. Qış semestri
oktyabrın son həftəsindən fevralın ortalarına qədər
davam edir. Yay semestri isə universitetdən asılı olaraq
martın (və ya aprelin) ortalarında başlayır, iyunun (və
ya iyulun) birinci yarısında başa çatır.
Bir çox ixtisaslarda təhsil müddəti 4-5 il olsa da, tibb
sahəsi üzrə təhsil 6 il davam edir. Ali təhsilin sonunda
məzunlara müvafiq olaraq lisenziya, diplom və ya
doktorluq dərəcəsi verilir.
Tətbiqi elmlər üzrə universitetlər ali peşə təhsili
istiqamətində ixtisaslaşmış mütəxəssislərin
hazırlanmasını nəzərdə tutur. Bu ali məktəblər 1993-cü
ildən bəri təxminən 70 ali texniki məktəbin
birləşdirilməsi və ixtisaslaşması nəticəsində yaradılıb.
İsveçrədə 1-i özəl olmaqla, 7 tətbiqi elmlər
universiteti fəaliyyət göstərir.
Tətbiqi elmlər universitetlərində ümumi texnologiya,
informasiya texnologiyası, memarlıq, tikinti,
planlaşdırma, kimya, aqronomluq, meşəçilik,
iqtisadiyyat, dizayn, səhiyyə, ictimai iş, musiqi,
sənətşünaslıq, tətbiqi psixologiya, tətbiqi linqvistika
və idman sahələri üzrə mütəxəssis hazırlığı həyata
keçirilir. 2009-2010-cu tədris ilində tətbiqi elmlər
universitetlərində 70000 tələbə təhsil alıb.
İsveçrədə dövlət ali təhsil müəssisələri ilə yanaşı
çoxlu sayda özəl ali məktəblər də fəaliyyət göstərir.
Özəl təhsil müəssisələrinin bəziləri yalnız ölkə
vətəndaşlarına xidmət etdiyi üçün onlar dövlətdən
subsidiyalar alır. Digər özəl təhsil müəssisələrində isə
həm yerli, həm də əcnəbi tələbələr oxuya bilərlər. Belə
özəl ali məktəblərə dövlət maliyyə vəsaiti ayırmır. Onu
da qeyd edək ki, ali təhsil kursları, imtahanlar təşkil
etmək və özəl dərəcələr vermək üçün dövlətdən
subsidiyalar alan özəl ali təhsil müəssisələrindən
xüsusi icazə tələb olunmur.
Təhsilin keyfiyyətini daim yüksək səviyyədə saxlamaq
üçün dövlət və özəl ali təhsil müəssisələri vaxtaşırı
akkreditasiyadan keçirilir.
İsveç hökuməti Təqaüdlər üzrə Federal Komissiya vasitəsi
ilə əcnəbi tələbələrə qrantlar ayırır. Qrantlarla aid
məsələlərə Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyi
cavabdehlik daşıyır. Təhsil və Tədqiqat üzrə Dövlət
Katibliyi tələbələr üçün qrantların xərclənməsi üzrə
dairələrə federal subsidiyaların verilməsini təşkil
edir.
Bu qurum, həmçinin universitet təhsili, təsviri sənət və
musiqi ixtisasları üzrə İsveçrənin əcnəbi tələbələrə
verdiyi təqaüdləri əlaqələndirir və maliyyələşdirir.
Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyi Avropanın bir
sıra ali təhsil müəssisələrində diplomdansonrakı təhsil
üzrə qrantların verilməsi və idarə olunmasına da
cavabdehlik daşıyır. İstedadlı tələbələrin təhsillərini
İsveçrənin ali təhsil müəssisələrində davam
etdirmələrinə yardım edən Axille İsella Fondu da Təhsil
və Tədqiqat üzrə Dövlət Katibliyinə tabedir.
İsveçrə təhsil, elm və texnologiya sahəsində nail olduğu
yüksək uğurları ilə beynəlxalq səviyyədə tanınır.
Ölkənin beynəlxalq rəqabətliliyi elmi-tədqiqatlara
ayrılan irihəcmli investisiya vəsaitlərinə əsaslanır.
Elmi-tədqiqatlara xərclənən vəsaitin üçdə iki
hissəsindən çoxu özəl sektorun, o cümlədən kimya,
əczaçılıq, elektronika və metallurgiya sahəsinin payına
düşür. Milli Elm Fondu, İsveçrə Konfederasiyasının
İnnovasiyaya Yardım Fondu tədqiqat və inkişafın
təşviqinə töhfələr verən aparıcı qurumlardandır.
Səhifəni hazırladı:
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"
Ölkələrin səfirliklərindən, təhsil nazirliklərinin və
təhsilə aid digər qurumlarının rəsmi İnternet
saytlarından əldə olunan materiallar əsasında. |