Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva mayın 19-da Hanoy
şəhərində Ədəbiyyat Məbədi ilə tanış olmuşdur.
Azərbaycanın birinci xanımına məlumat verildi ki,
Ədəbiyyat Məbədinin əsası 1070-ci ildə imperator Li Than
Tonq tərəfindən qoyulmuşdur. Məbəd Çin alimi Konfutsiyə
həsr edilmişdir. 1076-cı ildə Ədəbiyyat Məbədinin
ərazisində Kral, dövlət qulluqçuları, zadəgan və digər
elit təbəqəyə məxsus ailələrin övladlarının təhsil
alması məqsədilə universitet - İmperial Akademiya
yaradılmışdır. Bu, Vyetnamın ilk milli universiteti
hesab olunur. Dövlət imtahanlarında yüksək nəticələr
əldə etmiş şəxslərin adları məbədin həyətindəki xüsusi
daş lövhələrin üzərində qeyd olunurdu. Həmin daş
lövhələrdən 82-si məbədin həyətində nümayiş etdirilir.
Ümumi sahəsi 54 min kvadratmetr olan kompleksin
ərazisində Ədəbiyyat gölü, park və s. vardır.
Tran sülaləsinin hakimiyyəti dövründə (1225-1400-cü
illər) məbəddə yenidənqurma işləri aparılmışdır. Təmir
işləri digər sülalələrin hakimiyyətləri dövründə də
ardıcıllıqla davam etdirilmişdir. Təqribən iki əsr
ərzində müharibələrə və fəlakətlərə baxmayaraq, binanın
orijinal memarlıq üslubu qorunub saxlanmışdır. Ədəbiyyat
Məbədində əsaslı təmir işləri 1920-ci, 1954-cü və
2000-ci illərdə aparılmışdır. Ədəbiyyat Məbədi 1906-cı
ildə - Fransa müstəmləkəçiliyi dövründə tarixi abidə
kimi qeydiyyata alınmışdır. Kompleks 2010-cu ildə
UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilmişdir.
Mehriban
Əliyevaya xatirə hədiyyəsi təqdim edildi.
Azərbaycanın birinci xanımı İmperial Akademiyanın
tələbələrinin ifasında Vyetnam xalq musiqisini dinlədi.
Sonra xatirə şəkli çəkdirildi.
Birinci xanım Mehriban Əliyeva Ədəbiyyat Məbədindən
zəngin təəssüratla ayrıldı.
AzərTAc |