Mayın
29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva
UNESCO-nun Baş Konfransının sədri Hao Pinq ilə
görüşmüşdür.
Mehriban Əliyeva qonağı ölkəmizdə salamlamaqdan
məmnunluğunu bildirərək həm Azərbaycan dövlətinin, həm
də Heydər Əliyev Fondunun UNESCO ilə əlaqələrinin çox
yüksək səviyyədə olduğunu qeyd etdi. "Mənim üçün
şərəfdir ki, 10 ilə yaxındır UNESCO-nun xoşməramlı
səfiriyəm", - deyən Azərbaycanın birinci xanımı
əlaqələrimizin ildən-ilə daha da genişlənərək yüksək
səviyyəyə çatdığını bildirdi.
Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, digər
ölkələrdə də UNESCO ilə birgə layihələr həyata
keçirdiyini diqqətə çatdıran Mehriban Əliyeva əminliklə
vurğuladı ki, bu əməkdaşlıq gələcəkdə də inkişaf
etdiriləcək və yeni layihələr reallaşdırılacaqdır.
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Hao
Pinq UNESCO-nun baş direktoru İrina Bokovanın və
təşkilatın xüsusi elçisi, Çinin birinci xanımı Pen
Liyuanın salamlarını Mehriban Əliyevaya çatdırdı.
Hao Pinq Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi
Heydər Əliyev Fondunun UNESCO ilə birgə elm, təhsil və
mədəniyyət sahələrində həyata keçirdiyi layihələrlə
əlaqələrin inkişafına böyük töhfə verdiyini diqqətə
çatdırdı.
Qonaq ölkəmizin və paytaxt Bakının inkişafından
məmnunluğunu vurğuladı.
AzərTAc |