Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın
Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın
təşəbbüsü və İ.N.Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin dəstəyi ilə Moskvada qəyyumluğa
götürülmüş yetim uşaqlar üçün xeyriyyə aksiyası
keçirilmişdir. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi
Gününə həsr edilmişdir.
Qəyyumluğa götürülmüş yetim uşaqlar üçün bayram şənliyi
Mandelştam adına parkda təşkil edilmişdi. Fəallar
fokusçunun və rəqs qruplarının iştirakı ilə məxsusi bu
uşaqlar üçün əyləncəli proqram hazırlamışdılar. Şənliyin
balaca səbəbkarları müxtəlif müsabiqələrdə iştirak
etmiş, oynamış, əylənmişlər. Uşaqları qəyyumluğa
götürənlər də kənarda qalmamış, balacalarla bərabər
əyləncəli oyunlarda iştirak etmiş, pryaniklərin üstündə
rəsmlər çəkmiş, müxtəlif oyuncaqlar düzəltmişlər.
Gənc Stomatoloqlar Assosiasiyasının fəalları balacalara
dişlərə necə qulluq etmək lazım olduğunu öyrətmişlər.
Bayram şənliyinin təşkilində və keçirilməsində iştirak
edən fəallar arasında İ.N.Seçenov adına Birinci Moskva
Dövlət Tibb Universitetinin Azərbaycan, Yaponiya,
Malayziya, Özbəkistan və Çindən olan tələbələri də
vardı.
Şənliyin sonunda bütün uşaqlara hədiyyələr verilmiş,
valideynlərə isə AMOR jurnalının nömrələri paylanmışdır.
Həmin gün parkda yoldan keçənlər də xoşbəxt və qayğısız
anlar yaşayan balacaların sevincinə qoşulmuşlar.
AzərTAc |