Azərbaycan Milli Konservatoriyasının professoru, xalq
artisti, bəstəkar Ramiz Mirişli ilə söhbət
Tanınmış Azərbaycan bəstəkarı Ramiz Aqil oğlu Mirişli
1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi,
1982-ci ildə Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi, 1990-cı ildə Azərbaycan
Respublikasının xalq artisti adlarına layiq görülüb.
1993-cü ildən professordur. 2001-ci ildən Prezident
təqaüdçüsüdür. 14 aprel 2014-cü ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə
"Şərəf" ordeni ilə təltif edilib.
Kamança sinfinin şagirdi
Heç vaxt dəbdən düşməyən musiqilərin, sevilən mahnıların
bəstəkarı Ramiz Mirişli ilə çalışdığı Azərbaycan Milli
Konservatoriyasının səsli-küylü auditoriyalarından
birində görüşdük.
- Ramiz müəllim, bu yaxınlarda həm 80 illiyiniz qeyd
edildi, həm də Respublika Prezidentinin sərəncamı ilə
"Şərəf" ordeninə layiq görüldünüz. Bu iki əlamətdar
hadisə ilə bağlı "Azərbaycan müəllimi" qəzetinin
kollektivi olaraq biz də təbriklərə qoşulur, sizə
cansağlığı, yeni yaradıcılıq töhfələri arzulayırıq.
- Sizə də, qəzetinizə də çox təşəkkür edirəm. Müəllim
kəlməsi mənim üçün ən müqəddəs anlayışdır. Bizim nəslin
nümayəndələrinin demək olar ki, yarısı həkimdir, yarısı
da müəllim. Mənim atam, anam, bacım, iki qardaşımdan
biri müəllim olub. Üç oğlumdan ikisi- Nazimlə Yusif də
müəllimdir. Mən özüm də müəlliməm.
- Uşaqlıq illərindən yaddaşınızda qalanlar?
- Mən 16 aprel 1934-cü ildə müəllim ailəsində dünyaya
göz açmışam. Orta məktəbi də, uşaq musiqi məktəbini də
Naxçıvanda bitirmişəm. Evimiz Naxçıvan şəhərinin lap
mərkəzində idi. Mənim nümayəndəsi olduğum Mirişlilər
nəsli Naxçıvanda həm məşhur seyidlər kimi, həm də
maarif, səhiyyə, teatr sahəsində xidmətləri olan
mütərəqqi fikirli bir nəsil kimi tanınıb. Rəhmətlik
əmim Mir Cəfər Ağa Mirişli ulu öndər Heydər Əliyevin
orta məktəbdə müəllimi olub. Ocaq olduğumuza görə
vaxtilə evimizin yerləşdiyi ərazidə rəhmətlik Heydər
Əliyev sonralar məscid tikdirdi.
- Musiqi məktəbində hansı ixtisas üzrə təhsil almısınız?
- İkinci sinifdə oxuyanda musiqi məktəbində kamança
dərslərinə də getməyə başladım. Kamança müəllimimin adı
indiyə qədər yadımdadır: Şulan Ələkbərov. O, özü əslən
naxçıvanlı idi, Bakıda Asəf Zeynallı adına Musiqi
Məktəbini bitirərək Naxçıvana qayıtmışdı. Ailəmizdə
məndən başqa musiqiyə gedən yox idi. Rəhmətlik anam
musiqi məktəbində oxumağıma heç razı deyildi. Deyirdi
ki, dərslərini yaxşı oxu, get AZİ-yə, ya da Politexnik
İnstitutuna qəbul ol.
- Bəstəkarlığa orta məktəb illərində başladınız,
yoxsa...
- Yox, mən musiqi məktəbində oxuyanda heç xəyalıma da
gəlməzdi ki, nə vaxtsa bəstəkar olacağam.
- Böyük Vətən müharibəsi başlayanda siz məktəbli
olmusunuz. Müharibənin dalğası sizin həyatınızdan da
keçdimi?
- Əlbəttə keçdi. O illərlə bağlı hər şey yadımdadır.
Bizim uşaqlıq dövrümüz müharibə illərinə təsadüf
etmişdi. Qıtlıq, kasadlıq bir yandan, təbiətin sınaqları
da bir yandan... Elə bir geyimimiz də yox idi. Qışda
otuz dərəcəyə qədər şaxta olardı, bizsə o şaxtadan bir
nimdaş pencəklə çıxardıq yaza... Bilirsiniz, müharibə
dövrünün uşaqları necə idilər? Baxmayaraq ki, hər gün
qapıları qara xəbərlər döyürdü, arxa cəbhədə qalan
böyüklər həyatın amansız sınaqları ilə üz-üzə
qalırdılar, ancaq yenə də uşaqları nəzarətsiz
qoymurdular. Müharibə dövründə məktəblərdə şagirdlərə
ikinci dərsdən sonra üstündə bir balaca povidla olan 50
qramlıq çörək tikəsi paylanırdı. Ailələr vardı ki,
övladları məktəbdə verilən o bir tikə çörəyin
ümidinəydi. Məktəbdə paylanan çörək, atası cəbhədən
qayıtmayan, yaxud evində heç nəyə imkanı çatmayan
ailələrin uşaqlarına yaşamaq üçün böyük stimul idi. Amma
yenə də, yoxlayan olsa idi, məktəbdə dərsdən yayınan,
dərsə gəlməyən bir şagird də tapılmazdı. Çünki məktəb,
dərs bizim üçün çox müqəddəs idi.
Naxçıvanda ata mülkümüz olan böyük həyət-bacamız,
bağımızda hər cür meyvə ağaclarımız vardı. Həm anam
müəllim işləyir, evə məvacib gətirirdi, həm də ki,
yayda bağımızın bəhəri olan tut, gilas, alma, ərik kimi
meyvələrdən anamın hazırladığı nemətlər qışda
köməyimizə yetirdi. Odur ki, başqaları ilə müqayisədə
bizim ailəmizdə vəziyyət bir qədər fərqli idi. O
illərdə çörək də ailəbaşına talonla verilirdi. Böyüklər
üçün norma dörd yüz, kiçiklər üçün isə iki yüz qram idi.
Baxmayaraq ki, çətin illər idi, bilirsiniz, hamı
bir-birinə necə kömək dururdu?
Hamı kimi mənim atam da 1941-ci ilin iyununda, yəni,
müharibənin ilk günlərində döyüşə getmişdi. 1944-cü ildə
ağır yaralandığına görə ordudan tərxis olundu, bir
ildən sonra isə elə o yaraların nəticəsində dünyadan
erkən köçdü. Atamı itirəndə on bir yaşım vardı. Ailədə
dörd uşaq - bir bacı, üç qardaş anamın ümidinə qaldıq.
Mən evin ikinci uşağı idim. Məktəbdə riyaziyyatdan dərs
deyən anam Adilə Mirişli Lenin ordeninə layiq
görülmüşdü, həm də əməkdar müəllim idi. Ailədə
hamımızın təhsilli olmağımız bizi halal qazancla
böyüdən anamın zəhmətinin sayəsindəydi.
Dahi
Üzeyir bəyin Naxçıvan məktəblilərinə hədiyyəsi
- Adətən, bəstəkarlar əsərlərini pianino arxasında
oturub bəstələyirlər. Amma sizin bəstəkarlığa gələn
yolunuz kamança çalmaqla başlayıb...
- Mən musiqi məktəbinə gedəndə onda hələ Naxçıvan
məktəblərində pianino yox idi. Yadımdadı ki, on üç yaşım
olanda - 1947-ci ildə bəstəkar Üzeyir Hacıbəyov
Naxçıvana gəlmişdi. Müəllimlərdən eşitdik ki,
Naxçıvandan SSRİ Ali Sovetinə deputat seçilmiş tanınmış
bəstəkarın musiqi məktəbimizin kollektivi ilə də görüşü
olacaq. Biz məktəblilər təmiz geyindik, qırmızı
qalstukumuzu da bağlayıb getdik məktəbə- məşhur
bəstəkarla görüşə. Üzeyir bəy bizim məktəbin
şagirdləri ilə görüşdü, ayrılanda söz verdi ki, bizə
pianino göndərəcək. Dediyi kimi də elədi. O, Bakıya
qayıdandan düz bir ay sonra məktəbimizə pianino
gətirərək dedilər ki, Üzeyir bəy bu musiqi alətini siz
şagirdlərə hədiyyə edib. Bu, bizim həyatımızda böyük bir
hadisə oldu. Biz növbəyə dayanıb saatlarla o pianinoda
məşq edirdik. Bir il sonra- 1948-ci ildə eşidəndə ki, o
böyük şəxsiyyət dünyadan köçüb, biz- məktəb uşaqları çox
kədərləndik.
"Gördüm musiqi çağırır məni"
- Orta məktəbi bitirəndə seçiminiz hansı ali məktəbə
oldu?
- 1952-ci ildə orta məktəbi bitirib Bakıya gəldim.
İmtahan verib Xarici Dillər İnstitutunun alman dili
fakültəsinə qəbul oldum. Təxminən iki ay orada oxudum,
gördüm dərslərə alışa bilmirəm, musiqi çağırır
məni...gəldim Asəf Zeynallı adına Musiqi Texnikumunun
direktoru rəhmətlik Süleyman Ələsgərovun qəbuluna.
Gəlişimin məqsədini hörmətli bəstəkarımıza dedim. O,
mənim ifama diqqətlə qulaq asdı və "sən ikinci kursun
proqramını ifa edirsən ki"-dedi...Elə həmin gün məni
birbaşa ikinci kursa götürdü.
Beləcə, bir daha Xarici Dillər İnstitutuna qayıtmadım.
İki il Musiqi Texnikumunda oxudum. Burada həm kamança
alətinin sirlərini öyrənirdim, həm də bəstəkarlığa
maraq göstərirdim. Mən Bakıda texnikumda oxuyanda, bizə
dərs deyən bir çox tanınmış musiqiçilər, o cümlədən
rəhmətlik Səid Rüstəmov mənim kamançada ifa etməyimi
görmüşdü. O zaman vaxtilə Üzeyir bəyin yaratdığı xalq
çalğı alətləri orkestrinin dirijoru Səid müəllim özü idi.
O, məni və başqa bir neçə tələbə yoldaşımı həmin
orkestrdə işə götürmüşdü ki, maddi çətinliyimiz azalsın.
Yəni bəstəkar kimi tanınmağıma qədər qolumdan tutan
məhz kamançada ifa edə bilməyim oldu. Həm orkestrdə
işləyib maaş aldım, həm də təhsilimi davam etdirdim. O
vaxtın təqaüdü normal dolana bilməyim üçün mənə bəs
edirdi. Mən özümü çətinlik qarşısında sındıran adam
deyiləm. Bakıya gəlişimin birinci ilində anam mənə pul
göndərərdi, ancaq elə ki, təhsil ala-ala işləməyə
başladım, özüm-özümü saxlaya bildim, daha evdən pul
almadım.
- Tələbəlik illərində ev problemini necə həll etdiniz?
- Xalam, bibim uşaqları Bakıda yaşayırdı. Oxuduğum ilk
illərdə xalamgil məni başqa yerdə qalmağa qoymadılar,
öz evlərində yerləşdirdilər. Əvvəlcə bacım gəlmişdi
Bakıya oxumağa, ardınca mən, məndən sonra da kiçik
qardaşlarım. Hamımız burada təhsil aldıq.
"Məqsədim
professional musiqiçi olmaq idi"
İlk mahnılarımı da, o cümlədən, skripka üçün, fortepiano
üçün ilk kiçik pyeslərimi də texnikumda oxuyanda
yazmışam. 1954-cü ildə Musiqi Texnikumunu bitirdim. Ata
yurduma qayıdıb Naxçıvan şəhər Uşaq Musiqi Məktəbində
iki il həm kamança ixtisasından, həm də musiqi
nəzəriyyəsi fənnindən dərs dedim. Məqsədim professional
musiqiçi olmaq idi. O vaxt belə bir qayda var idi -
gərək texnikumu bitirdikdən sonra iki il işləyib əmək
stajı yığasan ki, ali məktəbə sənəd verə biləsən.
Naxçıvanda işləyəndə dünyanı dolaşan "Şərur" yallı
kollektivi ilə birlikdə Polşada səfərdə oldum.
1956-cı ildə yenidən Bakıya qayıdıb ali məktəbə
hazırlaşdım. 1957-ci ildə Üzeyir Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq
sinfinə qəbul olunan cəmi iki nəfər tələbənin biri mən
oldum. Respublikamızın xalq artisti, professor Cövdət
Hacıyevin bəstəkarlıq sinfində təhsil almağa başladım.
Konservatoriyada oxuduğum illərdə xalamgili daha narahat
etmək istəmədim. Kirayə ev tutdum. Cəmi 22-23 yaşım
olsa da artıq öz ayaqlarımın üstündə dayanmağa qadir
idim. Anam bizi elə tərbiyə etmişdi ki, özümüzü tox
tutmağı bacarırdıq. Ümumiyyətlə, həyatım boyu çalışmışam
ki, kimsədən asılı olmayım.
- İlk bəstənizi kim oxuyub?
- İlk bəstəmi Naxçıvanda özfəaliyyət dərnəklərinin
üzvləri ifa etmişdi. Amma professional səhnədə rəhmətlik
Şövkət xanım Ələkbərova 1962-ci ildə "Dalğalar" mahnımı
oxudu. Sonradan "Dalğalar" çox müğənnilər tərəfindən,
hətta Tehranda, Türkiyədə də ifa edildi. Türkiyədə "Mesan"
("Türkiyə musiqi əsəri sahibləri məslək birliyi") adlı
bir qurum var. Müəllif Hüquqları Agentliyi kimi bir
idarədir. Mən də oranın üzvüyəm. O qurum mənim
bəstələrim ifa olunanda müəllif hüquqlarımı qoruyur.
Türkiyənin ən ünlü sənətçiləri mənim mahnılarımı zaman-zaman
oxuyublar. Sibel Can, Ajda Pekkan, Nəşə Qaraböcək, Gülay,
Fateh Kısaparmaq, Mustafa Kaya, Oğuz Aksaç, Nurəddin
Ercebir... Mənim bəstələrimi respublikamızda da çox
məşhur sənətkarlar-Elmira Rəhimova, Flora Kərimova,
İlhamə Quliyeva, indi haqq dünyasında olanlardan Rəşid
Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə
Muradova, Nəzakət Məmmədova, Yaşar Səfərov, Lütfiyar
İmanov oxuyublar. Çox təəssüf edirəm ki, Elmira Rəhimova
səhnədən çəkildi. Onun səsinə bu gün də səhnədə yer
var...
Rəhmətlik Rübabə xanım mənim mahnılarımı oxuyanda
ağlayardı. Arazın o tayından idi axı...Araz adı gələn
kimi Rübabə xanım kövrəlirdi. Deyirdi, yadıma saldın
yenə Ərdəbili...
"Operadan başqa bütün janrlarda əsərlərim var"
- Eşitmişəm ki, Azərbaycanda duet janrında əsər yazan
ilk bəstəçi sizsiniz.
- Azərbaycan Dövlət Televiziyası müsabiqə elan etmişdi.
Mən də Azərbaycanda ilk dəfə duet janrına müraciət
etdim. Orta məktəbi bitirən uşaqlar adətən buraxılış
gecəsində gedirdilər gəzməyə, səhəri oyaq
qarşılayırdılar. Mənim orta məktəb məzunlarına həsr
etdiyim "Günəşi gözləyirik" duetim müsabiqədə birinci
yerə layiq görüldü. Dueti Elmira Rəhimova ilə Yaşar
Səfərov oxumuşdular. Sonralar "Səadət", "Ulduzlar",
Cəfər Cabbarlının sözlərinə bəstələdiyim "Həyat,
söylə, sən kiminsən?" duetlərini yazdım. İndi beş
operettam, simfoniyam, simfonik poemalarım və bir çox
mahnılarım var. Tar ilə simfonik orkestr üçün
"Konsert"im İranda, Moskvada, Türkiyədə, Daşkənddə,
Səmərqənddə, ümumdünya festivallarında ifa edilib. Xalq
çalğı alətləri orkestri üçün musiqilər yazmışam. Cizgi
filmlərindən "Tıq-tıq xanım", "Dost axtarıram", "Kirpi
və alma"nın musiqiləri də mənim bəstələrimdir.
- Heç sifarişlə musiqi bəstələmisiniz?
- Əlbəttə. "Qaçırılmış qız", "Gəl qohum olaq",
"Amerikalı kürəkən", "Qısqanc ürəklər", "Bəylik
dərsi"-bu operettalarımın beşini də sifarişlə yazmışam.
- Filmlərə də musiqi yazmısınız?
- On beş adda filmin musiqi müəllifiyəm.
Operadan başqa bütün janrlarda əsərlərim var.
"Mən öz vətənimdə daha zənginəm"
Bir dəfə üç dost-Fikrət Qoca, Flora xanım, bir də mən
oturmuşduq. Birdən Flora xanım dedi ki, elə bir mahnı
yazın, şıltaq mahnı olsun. "Günay" mahnısı (sözləri
Fikrət Qocanındır) belə yarandı. Bu mahnıdan sonra Günay
adı dəbə düşdü. Rəfiq Zəkanın sözlərinə yazdığım
"Səadət" mahnısı oxunduqdan sonra isə nə qədər valideyn
övladlarının adını Səadət qoydu.
- Yeri gəlmişkən, mahnılarınız zəif oxunanda və ya
improvizə adı altında sözləri dəyişdirilib səhv oxunanda
Sizə toxunmur ki?
- Əvvəlcə onu deyim ki, yaxşı mənada örnəklər daha
çoxdur. Baxın, Elmira Rəhimova oxuduğu mahnılara həmişə
çox ciddi yanaşıb. Flora Kərimova da o cümlədən, çox
diqqətlidir. İlhamə xanımın da mahnıya öz yanaşma üslubu
var. Rəhmətlik Nəzakət Məmmədovanın ifası bir başqa aləm
idi. Nəzakət xanım bir gün gəldi mənim yanıma ki, Ramiz
müəllim, icazə versəniz, sizin mahnılarınızdan oxuyaram.
Dedim, nəyi istəyirsən oxu. Mən onda həm
Konservatoriyada işləyirdim, həm də radioda musiqi
redaktoru idim. Nəzakət xanım çox tez bir zamanda
şöhrət qazandı. Onun səsi gözəl idi, özü də çalışqan,
mehriban, məsuliyyətli bir xanım idi. Xarici ölkələrə
qastrola gedəndə, kiçik də olsa mənə bir hədiyyə
gətirərdi.
Bizdə "Dalğalar"ı kimlər oxumayıb? Rəhmətlik Şövkət
xanımdan sonra Azər Zeynallının ifasını çox bəyənirəm.
On beşə yaxın mahnımın ifaçısıdır Azər. Səsi gözəldir,
sözləri də düzgün tələffüz edir. Azəri dinləyəndə, mən
sanki istirahət edirəm. Nazpəri xanımın oxuduğu "Əlvida"
əsərim də gözəl ifalara nümunədir.
Müğənni gərək mahnının şeir mətnini dəfələrlə oxusun,
başa düşsün, əzbərləsin, yəni mahnının sözlərini
hopdursun canına, sonra ifa etsin. Mən mahnılarımı
müğənnilərə bağışlamışam.
- Müğənni oxuyanda mütləq bəstəkardan icazə almalıdır?
- Mənim mahnılarımı kim istəyirsə oxusun, ancaq yaxşı
oxusun.Türkiyədə isə bu, bir biznes növüdür. Oradan
mənə də hərdən təkliflər gəlir. Deyirlər ki, abi, sən
buraya gəlsən, zəngin olarsan. Deyirəm, mən elə öz
vətənimdə daha zənginəm.
- Hansı musiqi aləti Sizə daha doğmadır?
- Əsərlərimi, bir qayda olaraq, fortepiano arxasında
bəstələmişəm. Amma kamança üzrə də neçə il pedaqoq kimi
fəaliyyət göstərmişəm. Bu sahədə "Kamança məktəbi" adlı
tədris vəsaiti də yazmışam.
- Öz mahnılarınızdan oxumusunuz?
- Bir dəfə olub. Haqqımda bir telefilm çəkirdilər.
Sözləri Fikrət Qocaya məxsus olan "Əlvida" və "Mənim
ömrüm" mahnılarını Aygün Bayramova oxuyurdu. Birdən mən
mahnını zümzümə etməyə başladım. Sonra rejissor həmin
səhnəni filmdən çıxarmadı. Dedi, Ramiz müəllim, qoy
pozmayaq, bu da bir tarixdir.
- Kamança ilə efirə çıxmısınız?
- Musiqi Texnikumunda oxuyanda, yəni 1956-cı ildən
əvvəl, hələ televiziya açılmamışdan orkestrin tərkibində
radioda çıxışlarım olub, konsertlərdə ifa etmişəm.
- İndi heç kamança üçün qəribsəmirsiniz ki?
- Demək olar ki, yox. Çünki biz bəstəkarlar əsərlərimizi
fortepianoda yazırıq. Əvvəl klavir yazırıq, sonra onu
orkestr üçün işləyirik. Mən filmlərə musiqi yazanda onu
simfonik orkestrin ifasında Moskvada lentə alırdıq. Bəs
yazdıqlarımı kim orkestrləşdirəcək? Özüm eləməliyəm də.
- Ramiz müəllim, çətin ayaqda olan kimlərəsə köməyiniz
dəyib?
- Həmişə. İndi də əsirgəmirəm. Məsələn, elə qohumlarım
var ki, imkansızdırlar. Mən həm Prezident təqaüdü
alıram, həm də professoram, maaşım yüksəkdir. Vaxtaşırı
ehtiyacı olan qohumlarıma əl tuturam.
"Sənət yolumu oğullarım davam etdirir"
- Övladlarınızdan Sizin davamçılarınız varmı?
- İki oğlum- Nazimlə Yusif hər ikisi professional
bəstəkardırlar. Üçüncü oğlum Aqil isə həm Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
rejissorluq fakültəsini, həm də Odlar Yurdu
Universitetinin hüquq fakültəsini bitirib. Atamın adı
Mir Aqil olub. Üçüncü övladıma atamın adını vermişəm.
Aqil ilə Yusif əkizdirlər. Hər ikisi məktəbə də,
musiqiyə də birlikdə gedirdilər. Hətta ikisi səhnədə
duet də çalmışdılar. Sonra gördüm ki, məşq edəndə Aqil
kədərli olur. Səbəbini soruşanda bu sahəni istəmədiyini
dedi. Mən ona istəmirsənsə, ifa etmə dedim.
Böyük oğlum Nazimlə bir neçə filmə müştərək musiqi
yazmışıq. Nazim də, Yusif də Türkiyədə çalışıb. Nazim
özü altı ildən artıq Türkiyədə çalışdı, indi vətəndədir,
Bakı Musiqi Akademiyasında bəstəkarlıq kafedrasının
dosentidir. Yusif isə on üç ildir ki, Türkiyədədi,
oradan xarici ölkələrə gedib konsertlər də verir. Hər
iki oğlum burada da, Türkiyədə də Musiqi
Konservatoriyasında dərs deyiblər.
"Ailəmizdə məndən başqa da Ramiz Mirişli var"
- Neçə nəvəniz var?
- Üç nəvəm var. Yusifdən 12 yaşında bir qız nəvəm var,
onlar Türkiyədə yaşayırlar. Aqilin böyük oğlu
universitet tələbəsidir. Ailədə məndən başqa da Ramiz
Aqil oğlu Mirişli var. Mən adaşımdan 66 yaş böyüyəm.
Onun on dörd yaşı olsa da musiqi ilə çox ciddi məşğul
olur.
- Həyat yoldaşınız da musiqiçi idi?
- Yox, rəhmətlik Zərifə xanım müəllim idi, o vaxtkı
APİ-nin məktəbəqədər hazırlıq ixtisasını bitirmişdi.
Çox qısa müddət işlədi, ikinci uşaqlarımız əkiz
doğuldu deyə, işləməyə daha vaxtı qalmadı. Dörd il
əvvəl dünyasını dəyişib.
"Tələbələrim mənimlə çiyin-çiyinə çalışırlar"
- Tanınan, üzdə olan tələbələrinizdən kimlərin adını
çəkərdiniz?
- Tələbələrim çoxdur. Onların sırasında bu gün
professorlar, elmlər doktorları var. Musiqi sahəsində
dekan, prorektor işləyən yetirmələrim var. Vaxtilə
kamançadan dərs dediyim tələbələrim- Şəfiqə Eyvazova,
Fəxrəddin Dadaşov, Ədalət Vəzirov, Ağacəbrayıl
Abbasəliyev, Arif Quliyev illərlə eyni kafedrada
mənimlə çiyin-çiyinə çalışıblar. Onların arasında yüksək
adlara, titullara layiq görülənləri də az deyil.
- Neçə ildir müəllim işləyirsiniz?
- Konservatoriyanı 1962-ci ildə bitirəndə, rektorumuz
Cövdət Hacıyev məni burada müəllim saxladı. O vaxtdan
2006-cı ilə qədər konservatoriyada dərs dedim. Sonra
vaxtilə tələbəmiz olmuş Səyavuş Kəriminin dəvəti ilə
Azərbaycan Milli Konservatoriyasına gəldim. Hazırda
Milli Konservatoriyanın professoruyam.
- Tələbələrinizə ən çox nəyi tövsiyə edirsiniz?
- Hansı sahədə olursansa ol, peşəkar, savadlı olmaq üçün
çoxlu mütaliə etmək lazımdır. Bir də müğənni və ya
xanəndə olmaq istəyənlərə məsləhətim budur ki,
özlərindən əvvəlki nəsillərin ifasını çox dinləsinlər.
Bu baxımdan, ən yaxşı örnək Alim Qasımovdur.
- Bəstəkarlıqda özünüzü kimin tələbəsi hesab edirsiniz?
- Bu sahədə mənim yeganə bir müəllimim olub: Cövdət
Hacıyev.
- Bugünkü tələbələr haqqında qənaətiniz?
- İstedadlı uşaqlar çoxdur. Bəziləri də var ki, sənətdə
hələ addımlarını bərkitməmiş özləri haqqında "məşhur",
"ustad", "sənətkar" kimi ifadələri işlətməkdən
çəkinmirlər.
- Televiziyada eyni dönəmdə işlədiyimiz illərdə hansısa
bir iclasda və ya tədbirdə sizdən özünüz barədə bir
kəlmə tərif eşitmədim. Hamı sizi həmişə təmkinli, sadə,
təvazökar gördü...
- İnsanın özü-özünü tərifləməsi heç də təqdir olunası
keyfiyyət deyil axı.
- Mahnılarınızın sayını bilirsiniz?
- Oğlum Nazimin dediyinə görə 800-dən çoxdur.
Mahnılarım, oxunursa, sevilirsə, özümü rahat hiss
edirəm. Sənətkar üçün xalqın sevgisindən dəyərli nə var
ki? Mahnılarım mənə övlad qədər əzizdir. Yazdıqlarımdan
xoşuma gəlməyəni olanda təbii ki, özüm bəyənmədiyimi
özgəyə bəyəndirməyə çalışmamışam.
- 80 yaşın sevinci çoxdur, acısı?
- Əsas odur ki, insan ömrünü hədər yerə sərf etməsin.
Mən düz yeddi dəfə cərrahiyyə əməliyyatı keçirmişəm.
Böyrəyimin birini, öd kisəmi əməliyyatla götürüblər.
Həkimlər ürəyimə dörd dənə stend qoyublar. Axırıncı dəfə
ürəyimə stend qoyanda internetdən mənim mahnılarımı
tapıb onun sədaları altında işlədilər. Heç vaxt xəstəlik
qarşısında özümü əymirəm.
Ulu öndərlə bağlı xatirələrim
- Mənim ata ocağım Naxçıvanın lap mərkəzində yerləşir.
Bir vaxt bizim həyətimizdə kimlərsə şadlıq evi və ya
nəsə başqa obyekt tikmək istədilər, ancaq həmin o
bağımız çox sınanmış, müqəddəs bir ocaq olduğundan
orada heç nə alınmadı... gah tikili uçdu, gah kiminsə
qılçası sındı, gah kiminsə maşını qəzaya uğradı.
Ulu öndərimiz bir dəfə oradan keçəndə deyib ki, mənim
müəllimim Mir Cəfər Ağa vaxtilə burada yaşayıb. Onun evi
niyə bu gündədir? Deyiblər ki, burada heç nə tikmək
mümkün olmur. Ulu öndər deyib ki, çünki bura müqəddəs
yerdir. Sonra özü həmin yerdə məscid tikdirdi. İndi ora
ziyarətgahdır, bütün camaat gedir. Məscidin açılışında
dəvət etmişdilər, mən də getmişdim. Orada ulu öndərimiz
atamın, əmilərimin adını çəkdi, sonra dedi ki,
Azərbaycanın bir böyük bəstəkarı da əvvəllər burada
yaşayıb, indi Bakıda yaşayır.
Heydər Əliyev böyük şəxsiyyətdir. "Məşəl kimi yanan
ürək", "Xalqımızın ömrü qədər olacaqdır ömrün sənin"
mahnılarımı o böyük dühaya həsr etmişəm.
Sovet dövründə məhsul bayramları olardı. O bayramlarda
Mərkəzi Komitənin birinci katibinin komandasında bir
neçə dəfə mən də rayonlara getmişəm. İlk dəfə Qazaxda
olmuşam. Dəstəmizdə İsmayıl Şıxlı, Əli Vəliyev, Hüseyn
Arif, Məstan Əliyev, rəssam Arif də var idi. Axşam saat
10-da bir yerə toplaşırdıq, Heydər Əliyev hamımızla
bir-bir hal-əhval tuturdu. Naxçıvana daha çox getmişik.
Bir dəfə Mərkəzi Komitədə bəstəkarların qurultayı
keçirilirdi. 40 nəfərdən ibarət idarə heyətinin
tərkibində mən də var idim. Onda hələ Qara Qarayev,
Fikrət Əmirov, Cövdət Hacıyev, maestro Niyazi həyatda
idilər. Onlar da qurultayda iştirak edirdilər. Dahi
şəxsiyyət Heydər Əliyev həmin bəstəkarların hamısının
əsərləri barədə ayrıca danışdı. Biz o böyük insanın
fitri zəkasına, fenomen yaddaşına, sanki bir peşəkar
bəstəkar kimi necə də professional təhlillər aparmasına
təəccüb qalmışdıq. Ulu öndər dram teatrına gedəndə
dəfələrlə mən də getmişəm. İnanmıram ki, bizim
nəzəriyyəçilər və ya jurnalistlər aktyorların oyunu,
tamaşaya qoyulan əsərlərin mahiyyəti barədə Heydər
Əliyev qədər peşəkarcasına söz deyə bilsinlər. Düşünürəm
ki, ulu öndər, elmin, incəsənətin bütün sahələrinə vaqif
idi. Bu gün o ənənəni möhtərəm Prezidentimiz cənab
İlham Əliyev və onun ailəsi layiqincə davam etdirirlər.
Mədəniyyətimizin, incəsənətimizin inkişafına çox böyük
qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva muğamlarımıza o boyda abidə
qoydu. Bu gün xanəndələrimiz gedib dünyanın hər yerində
muğamlarımızı ifa edirlər. Bizim professional musiqimiz
Fransa, İtaliya səhnələrində səslənir. Həmçinin dünyanın
bir çox məşhur orkestrləri respublikamıza dəvət olunur.
Məsələn, bu yaxınlarda Rostropoviçə həsr olunmuş
festival keçirildi. Xaricdən ölkəmizə nə qədər simfonik
orkestrlər, pianoçular, skripkaçılar gəlmişdi... Bu göz
qabağındadır ki, son illərdə musiqimiz daha çox inkişaf
edir.
- Ramiz müəllim, maraqlı söhbətinizə görə təşəkkür
edirik.
- Bayaq söhbətimizin əvvəlində demişdim ki, müəllim
ailəsinin nümayəndəsiyəm. Mən həmişə müəllimlərə
ehtiramla yanaşmışam. Onlar bizi, övladlarımızı,
nəvələrimizi tərbiyələndirirlər, savadlandırırlar. Mən
müəllimləri çox böyük, çox müqəddəs qüvvə sayıram.
Baxmayaraq ki, onların mənəvi əziyyəti çoxdur, ancaq əsl
müəllimlər öz sənətlərini sevirlər, xalqımızın
maariflənməsində onların çox böyük rolu, xidmətləri var.
"Azərbaycan müəllimi" qəzetinə də təşəkkür edirəm.
Kollektivinizə də, oxucularınıza da günəş dolu, səadət
dolu xoşbəxt günlər arzulayıram.
Müsahibəni yazdı: Ellada UMUDLU,
"Azərbaycan müəllimi" |