"Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə
qəbulu və yerdəyişməsi Qaydaları" (bundan sonra -
Qaydalar) Azərbaycan Respublikasının ümumi təhsil
müəssisələrinə (bundan sonra - məktəblərə) şagirdlərin
qəbulu və təhsil müddətində şagirdlərin ölkə daxilində,
habelə ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan
Respublikasının məktəblərinə yerdəyişməsi ilə bağlı
məsələləri tənzimləyir.
I. Şagirdlərin məktəblərə qəbulu
1.1. Məktəblərə şagirdlərin kütləvi qəbulu I və X
siniflər üzrə aparılır.
1.2. Şagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri
ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir.
Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə
direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri,
məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə
orqanlarının (şuraların) nümayəndəsi daxil edilir.
Komissiyaya məktəbin direktoru rəhbərlik edir.
1.3. Komissiya müvafiq dərs ilinin ikinci yarımilindən
etibarən fəaliyyətə başlayır. Komissiyanın iş günləri
elan formasında valideynlərin (digər qanuni
nümayəndələrin) diqqətinə çatdırılır.
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13
yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq
edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin
2.5-ci bəndinə uyğun olaraq, ümumtəhsil məktəbinin I
sinfinə hər il sentyabrın 15-dək 6 (altı) yaşı tamam
olan uşaqlar qəbul edilirlər.
1.5. Ümumtəhsil məktəbinin direktoru yerli icra
hakimiyyətinin nümayəndələri ilə birgə ərazi üzrə məktəb
yaşına çatmış bütün uşaqların təhsilə cəlb olunması ilə
bağlı zəruri tədbirləri həyata keçirir. Məktəbin I
sinfinə, ilk növbədə, məktəbin bilavasitə xidməti
ərazisində yaşayan uşaqlar qəbul olunurlar.
1.6. Üzrlü səbəb olduğu halda (xəstəliklə bağlı müalicə,
fövqəladə hadisə, xidməti ezamiyyə ilə əlaqədar
valideynlərin (digər qanuni nümayəndələrin) başqa yerdə
olması), dərs məşğələlərinin başlandığı tarixdən 1 (bir)
ay müddətində uşağın I sinfə qəbuluna icazə verilir.
Həmin müddətdən sonra I sinfə uşaq qəbulu aparılmır.
1.7. Uşağın I sinfə qəbulu barədə valideynin (digər
qanuni nümayəndənin) ərizəsi müvafiq dərs ilinin ikinci
yarımilindən etibarən növbəti dərs ili başlananadək
məktəbdə qeydiyyata alınır. Ərizəyə aşağıdakı sənədlər
əlavə olunur:
- doğum haqqında şəhadətnamənin surəti;
- uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);
- 2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil.
Ərizədə uşağın təhsil alacağı tədris dili və öyrənəcəyi
xarici dil (məktəbdə bir neçə xarici dil tədris edilirsə)
qeyd edilir.
1.8. Uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun
I sinfə qəbuluna təsir etmir.
1.9. Məktəbəhazırlıq mərhələsini keçmiş uşaqların sayı
imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə)
komplektləşdirilirlər.
1.10. I sinfə qəbul olunmuş, lakin uzun surən xəstəlik
və digər üzrlü səbəblərdən məktəbə gəlmədiyi üçün biliyi
qiymətləndirilməmiş şagirdin təkrar I sinifdə oxumasına
yol verilir.
1.11. I sinfi bitirmiş şagirdin təkrar I sinifdə oxuması
yolverilməzdir.
1.12. Bu və ya digər səbəbdən müəyyən olunmuş müddətdə I
sinfə qəbul edilməyən 8 yaşdan yuxarı uşaqların təhsilə
cəlbi "Fərdi təhsilin təşkili haqqında Qaydalar"a uyğun
həyata keçirilir.
1.13. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I
sinfə qəbulu Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq
qaydalara uyğun aparılır.
1.14. Məktəbin X sinfinə qəbul şagirdin ərizəsi və ümumi
orta təhsil haqqında şəhadətnaməsi əsasında həyata
keçirilir.
1.15. Övladının bu və ya digər sinfə qəbulu barədə
valideynin ərizəsi ÜM-1 hesabat formasının təsdiqindən
sonra verilərsə, həmin şagird məktəbə yeni gələn şagird
kimi rəsmiləşdirilir.
1.16. Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu
zamanı onun əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil
mütləq nəzərə alınır. Şagird digər xarici dil tədris
olunan məktəbin X sinfinə bu ərazidə əvvəl öyrəndiyi
xarici dil tədris edilən başqa bir tam orta məktəb
olmadığı halda qəbul edilir.
1.17. Ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra
ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə sənəd
verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbulu
yalnız sentyabr ayı ərzində aparılır.
1.18. Məcburi köçkün olmayan şagirdlərin məcburi köçkün
məktəblərinə qəbuluna yalnız həmin ərazidə yerli məktəb
olmadığı halda, Təhsil Nazirliyinin icazəsi ilə yol
verilir.
1.19. Xüsusi tədris proqramları tətbiq edilən məktəb,
gimnaziya və liseylərə, özəl məktəblərə uşaqların qəbulu
həmin təhsil müəssisələrinin nizamnamələrinə uyğun
aparılır.
II. Şagirdlərin yerdəyişməsi
2.1. Ölkə daxilində I-IX sinif şagirdlərinin bir
məktəbdən digərinə yerdəyişməsi aşağıdakı qaydada həyata
keçirilir:
2.1.1. Övladını digər məktəbə dəyişmək istəyən valideyn
(digər qanuni nümayəndə) həmin məktəbin direktoruna
yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət
edir. Ərizəyə şagirdin qiymət cədvəli (təhsil aldığı
fənlər üzrə cari qiymətlər barədə oxuduğu məktəbin
direktoru tərəfindən verilmiş arayış) əlavə olunur.
2.1.2. Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird
sayı və ya sinif otağının ölçüsü şagird qəbuluna imkan
verdiyi halda, onun bu məktəbdə müvafiq sinfə qəbul
olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi
haqqında valideynə (digər qanuni nümayəndəyə) şagirdin
indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim
etmək üçün arayış verir.
2.1.3. Həmin arayış əsasında valideyn (digər qanuni
nümayəndə) övladının indiyədək təhsil aldığı məktəbdən
şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin
direktoruna təqdim edir və bunun əsasında şagirdin
kontingentə daxil olması barədə əmr verilir. Əmrin
surəti şagirdin əvvəl təhsil aldığı məktəbə göndərilir
və burada onun kontingentdən xaric edilməsi barədə əmr
verilir.
2.2. Xüsusi tədris proqramları tətbiq edilən məktəb,
lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey
siniflərinə, özəl məktəblərə, habelə həmin təhsil
müəssisələrindən ümumtəhsil məktəblərinə şagirdlərin
yerdəyişməsi bu Qaydalar əsas tutulmaqla həmin
müəssisələrin nizamnamələrinə uyğun həyata keçirilir.
2.3. Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş
məcburi köçkün olmayan şagirdlər yalnız yerli məktəblərə
keçirilə bilər.
2.4. Yerli məktəblərdə təhsil alan məcburi köçkün
şagirdlərin məcburi köçkün məktəblərinə yerdəyişməsinə
icazə verilir.
2.5. Məcburi köçkün məktəblərində təhsil alan məcburi
köçkün şagirdlərin digər məcburi köçkün məktəblərinə
yerdəyişməsinə yol verilir.
2.6. Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil
alan şagirdlərin yerdəyişməsinə valideynin (digər qanuni
nümayəndənin) ərizəsi əsasında dəyişmək istədiyi
məktəbin yerləşdiyi rayon (şəhər) üzrə yerli təhsili
idarəetmə orqanında baxılıb aşağıdakı hallarda razılıq
verilir:
- yaşayış yeri ərazisində (kənd, qəsəbə, rayon, şəhər)
yerləşən digər məktəbə keçdikdə;
- ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri)
dəyişməsi rəsmi sənədlərlə təsdiqləndikdə;
- valideynlərin (digər qanuni nümayəndələrin) uzun
müddətə xaricə getməsi və ya digər səbəblərdən şagirdin
valideyn nəzarətindən kənarda qalması rəsmi sənədlərlə
təsdiq edildikdə;
- müxtəlif səbəblərdən xüsusi tədris proqramları tətbiq
edilən lisey və gimnaziyalarda, özəl ümumi təhsil
müəssisələrində təhsilini davam etdirməsi mümkün
olmadıqda.
2.7. Dərs ilinin ikinci yarımilində XI sinif
şagirdlərinin digər rayon və şəhərlərin məktəblərinə
yerdəyişməsinə Təhsil Nazirliyində baxılır.
2.8. Tabeliyindən asılı olmayaraq, ixtisaslaşdırılmış
(hərbi, idman, musiqi və s.) məktəblərdən şagirdlərin
ümumtəhsil məktəblərinə və ya əksinə yerdəyişməsinə
valideynin müraciətinə əsasən, Təhsil Nazirliyində
baxılıb müvafiq qərar qəbul edilir.
2.9. Ümumi orta təhsil icbari hesab edildiyindən bu
təhsil səviyyəsindən ilk peşə və orta ixtisas təhsili
müəssisələrinə qəbul olunmuş şagirdlərin ümumtəhsil
məktəblərinin tam orta təhsil səviyyəsinə yerdəyişməsinə
icazə verilmir*.
III. Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən
Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi
3.1. Xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin
(digər qanuni nümayəndənin) ərizəsi əsasında verilir.
3.2. Məktəbin rəhbərliyini rəsmi qaydada xəbərdarlıq
etmədən şagirdin ölkədən xaricə getməsi məktəb
direktorunun, sinif rəhbərinin və yerli icra
hakimiyyətinin nümayəndəsinin iştirakı ilə tərtib edilən
müvafiq aktla rəsmiləşdirilir, şagirdin şəxsi işi
məktəbdə saxlanılmaqla onun kontingentdən xaric edilməsi
barədə əmr verilir.
3.3. Həmin şagird müəyyən müddətdən sonra geri
qayıtdıqda onun məktəbə qəbulu bu Qaydaların 3.4-cü
bəndinə uyğun həyata keçirilir.
3.4. Azərbaycan Respublikasından kənarda yaşayan şəxslər
Azərbaycan Respublikasına gəldikdə onların rus və ya
gürcü dillərində təhsil alan övladlarının köçdükləri
ərazidə məktəbə qəbulu aşağıdakı qaydada həyata
keçirilir:
3.4.1. I-IX sinif şagirdinin valideyni (digər qanuni
nümayəndə) övladının təhsilini davam etdirməsi üçün
seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir.
Ərizəyə şagirdin əvvəl oxuduğu məktəbin direktoru
tərəfindən təsdiq olunmuş qiymət cədvəli və ya fənlər
üzrə cari qiymətlər cədvəli əlavə olunmaqla şagirdin
müəyyən dövrə qədər təhsil aldığı barədə arayış əlavə
olunur. Nəzərdə tutulan sinifdə şagird sayı və sinif
otağının ölçüsü həmin şagirdin qəbuluna imkan verdiyi
halda, o, məktəbin müvafiq sinfinə qəbul olunur.
3.4.2. Azərbaycan Respublikasına gələnədək ümumi orta
təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış
şagird həmin sənəd və valideynin ərizəsi əsasında
nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının
ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda, məktəbin X
sinfinə qəbul edilir.
3.4.3. Təhsil sənədləri olmadıqda və ya təqdim olunmuş
sənədlərdən şagirdin qəbul olunmalı sinfi müəyyən etmək
mümkün olmadıqda:
3.4.3.1. I-IV siniflərdə oxuduğu iddia edilən şagirdin
həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına)
uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə
orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə
yoxlanılır. Komissiyanın rəyi əsasında şagirdin müvafiq
sinfə qəbulu məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş
açılır;
3.4.3.2. V-XI siniflərdə oxuduğu iddia edilən şagirdin
hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanlarının
təqdimatı (yaxud valideynin ərizəsi) əsasında Təhsil
Nazirliyində xüsusi tapşırıq və testlər vasitəsilə
yoxlanılır və yazılı rəy yerli təhsili idarəetmə
orqanına göndərilir. Həmin rəy şagirdin müvafiq sinfə
qəbulu və ona yeni şəxsi iş açılması üçün əsas sayılır.
3.5. Azərbaycan dilini tədris dili səviyyəsində
bildikləri halda, I-V sinif şagirdləri tədris Azərbaycan
dilində olan siniflərə qəbul edilə bilərlər. Həmin
şagirdlərin tədris dilini dəyişməsinə valideynin
ərizəsinə əsasən məktəbdə baxılır.
3.6. Tədris rus və ya gürcü dilində olan məktəblərə
qəbul edilmiş şagirdlərə əvvəl oxuduqları məktəbdə
tədris olunmayan fənlərdən (Azərbaycan dili, Azərbaycan
tarixi, Azərbaycan coğrafiyası və s.) əlavə məşğələlər
təşkil edilir.
3.7. Xarici ölkələrdə Azərbaycan Respublikasının
məktəblərindəki tədris dillərindən fərqli dildə təhsil
almış uşaqların Azərbaycan Respublikasının dövlət
məktəblərinə qəbuluna valideynlərin (digər qanuni
nümayəndələrin) və şagirdlərin arzularına əsasən, yalnız
uyğun tədris dillərindən biri üzrə xüsusi hazırlıq keçib
həmin dili mənimsədikləri təsdiq olunduğu halda, Təhsil
Nazirliyi tərəfindən fərdi qaydada baxılıb razılıq
verilir.
* Bu bənd ölkə üzrə icbari ümumi orta təhsilə tam
keçdikdən sonra tətbiq olunacaqdır. |