Azərbaycan
incəsənətini, musiqisini dünyaya tanıdan yeniyetmə və
gənclərimizin səsi-sorağı dünyanın ən mötəbər festival
və müsabiqələrinin qalib kürsülərindən gəlir. Bakıdakı
G.Şaroyev adına 35 nömrəli Onbirillik Uşaq Musiqi
Məktəbində fortepiano ixtisası üzrə təhsil alan
Nəriman Əmiraslanov da belə yeniyetmələrdəndir. O,
2014-cü ildə 17-26 may tarixlərində İtaliyanın "Pianofriends"
Assosiasiyası tərəfindən Milan şəhərində keçirilən "İstedadlı
pianoçular orkestr ilə" adlı ustad dərsləri və orkestr
ilə konsertlərdən ibarət festivalda, habelə "Gənc
istedadlar orkestri ilə" beynəlxalq Barlassina
müsabiqəsində iştirak edib. Almaniya, Amerika, Peru,
Özbəkistan, Rumıniya, Rusiya, Yunanıstan, İsveçrə,
İtaliya, Koreya, Yaponiya, Sinqapur, Albaniya və digər
ölkələrdən olan gənc pianoçuların iştirak etdiyi
müsabiqədə Azərbaycanı Nəriman Əmiraslanov təmsil edib.
Müsabiqə 2 nominasiya üzrə klassik və romantik janrda
keçirilib. Yuxarı yaş qrupunda romantik nominasiyada
çıxış edən Nəriman üçüncü mükafata layiq görülərək
laureat adını qazanıb.
Qeyd edək ki, N.Əmiraslanov 2011-2012-ci illərdə bir
sıra beynəlxalq müsabiqələrdə uğurlar qazanıb. O,
2011-ci ildə Estoniyanın Rakvere şəhərində keçirilən
İ.S.Bax adına gənc pianoçuların Beynəlxalq müsabiqəsində
I dərəcəli diploma, İsveçin Stokholm şəhərində təşkil
olunmuş II Beynəlxalq "Rondo" festival-müsabiqəsində II
dərəcəli diploma layiq görülüb. N.Əmiraslanov 2011-ci il
22-24 noyabr tarixlərində Moskvada "Vosxodnıye zvyozdı v
Kremle" adlı klassik musiqi üzrə gənc ifaçıların III
Beynəlxalq festivalında, Avstriyanın paytaxtı Vyanada
pianoçuların XII beynəlxalq fortepiano müsabiqəsində
iştirak edib. Vyana şəhər rəhbərliyinin sponsorluğu və "Panmusica
Austria" Assosiasiyasının təşkilatçılığı ilə
gerçəkləşdirilən müsabiqə çərçivəsində ustad dərsləri də
təşkil olunub. Avstriya, Rusiya, ABŞ, Yaponiya, Koreya,
Çin, Qazaxıstan və digər ölkələrdən olan ifaçıların
təmsil olunduğu yarışmada A qrupunda (12 yaşadək)
Nəriman Əmiraslanov çıxış edib.
Birinci mərhələdən öncə tanınmış professor Chung Leedən
ustad dərsləri alan yeniyetmə V.A.Motsartın do minor
sonatasının birinci hissəsini və lya major sonatasının
üçüncü hissəsini - "Türk marşı"nı ifa edib. Bu mərhələdə
uğurla çıxış edən Nəriman 7 iştirakçı ilə birlikdə
ikinci mərhələyə vəsiqə qazanıb. Kipr, Yaponiya,
Argentina və Macarıstandan olan münsiflər heyətinin
qərarı ilə A qrupunda ikinci mərhələdə çıxış edən yeddi
iştirakçıdan birinci yerə Çin, ikinci yerə Yaponiya
nümayəndələri, üçüncü yerə isə paytaxt məktəblisi
Nəriman Əmiraslanov layiq görülüb.
Sənət yarışmasının sonunda qaliblərə diplom və xüsusi
hədiyyələr təqdim olunub. 2012-ci ilin aprel-may
aylarında gənc pianoçu XII Beynəlxalq fortepiano
müsabiqəsində, "We play together" adlı müsabiqədə (Fransa,
Paris) və XXII "Çitta di Barletta" gənc musiqiçilərin
beynəlxalq müsabiqəsində (İtaliya, Barletta (İsveç,
Stokholm) II mükafata, pianoçuların VII Beynəlxalq "Motsart"
müsabiqəsində diploma (İtaliya, Roma) layiq görülüb.
Mütəmadi olaraq, "Bahar suları", "Azərbaycan - ölkəm
mənim", Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə
solo konsert proqramları ilə Kapelhaus, Azərbaycan Milli
İncəsənət, Niyazi ev-muzeyində çıxışları olub. 2013-cü
ildən Bakı Musiqi Akademiyasının professoru Zəhra
Quliyevanın təşəbbüsü və Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə yaradılmış "İstedad mərkəzi"nin
üzvü seçilərək bir neçə konsertlərdə - "Gəncliyin səsi",
"Ü.Hacıbəyov festivalı", M.Rostropoviç ev-muzeyində,
"15 İyun Qurtuluş Günü"nə həsr olunmuş "Gənc İstedadlar
Orkestr ilə" layihələrində çıxış edib və ifaları
diplomlarla mükafatlandırılıb.
Ölkəmizı beynəlxalq müsabiqələrdə və festivallarda
uğurla təmsil edən Nərimanın adı 2011-ci ildə
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı
ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na
yazılıb və o, Prezidentin xüsusi aylıq təqaüdünə layiq
görülüb.
Dərs əlaçısı N.Əmiraslanov Bakı Atatürk liseyinin 10-cu
sinif şagirdidir. O, musiqiçi ailəsində dünyaya göz
açıb. Professional musiqi ilə tanışlığa isə anası
musiqişünas Sevinc İbrahimova ilə başlayıb. İlk musiqi
təhsilini Xırdalan Uşaq Musiqi Məktəbinin müəllimi İradə
Bağırovanın sinfində alıb. 2010-cu ildən isə o,
təhsilini G.Şaroyev adına 35 nömrəli Onbirillik Uşaq
Musiqi Məktəbində, professor Siala Sinamdzqvarişvilinin
sinfində davam etdirir.
Bugünkü uğurlarına görə Nəriman müəllimlərinə minnətdar
olduğunu bildirdi. Dedi ki, ölkə rəhbəri İlham Əliyevin
imzaladığı müvafiq sərəncamda öz adını görəndə hədsiz
dərəcədə sevinib. İstedadına verilən bu qiymət onun
yaradıcılıq həvəsini artırmaqla yanaşı, məsuliyyətini də
birə-beş artırıb. Öz üzərində səylə çalışaraq ona
göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışır.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |