Nuranə
Şıxəliyevanı liseylərində keçirilən çoxsaylı tədbirlərin
birində tanımışam. Bakının Xətai rayonu ərazisində
yerləşən Heydər Əliyev adına lisey say-seçmə tədris
müəssisələrindən olduğundan rayon üzrə keçirilən
təhsillə bağlı əksər tədbirlərə ev sahibliyi edir.
Nümunəvi baza şəraiti, kütləvi tədbirlərin təşkili
sahəsində zəngin təcrübəsi və işgüzar kollektivi liseyə
ümumrayon şeir, inşa müsabiqələrinin, debatların,
"dəyirmi masa"ların keçirilməsi üçün ən yaxşı məkan
imici qazandırıb. Hər dəfə rayonun qırxa qədər təhsil
müəssisəsindən nümayəndələrin iştirak etdiyi belə
tədbirlərdən birinə mən də dəvət almışdım. Tədbir yüksək
səviyyədə hazırlanmışdı. Hər şeydə dəqiq ölçü-biçinin,
təşkilatçılığın izi görünürdü. Fikirlərim bununla məşğul
ikən diqqətimi digər iştirakçılardan daha fəal, hər şeyə
göz qoyan, hər məsələyə qarışan, göstərişlər,
məsləhətlər verən bir xanım müəllim cəlb etdi. Qonaqları
qarşılamasından, işgüzar görkəmindən hiss olunurdu ki,
tədbirin təşkilatçılarındandır. Liseyin foyesində təşkil
olunmuş əl işləri sərgisi ilə qonaqları tanış edən bir
müəllimdən onun kimliyini soruşdum.
- Tanımırsınız, liseyimizin direktor müavini, həm də
ingilis dili müəllimimiz Nuranə Şıxəliyevadır də, - deyə
cavab verdi. Onun səsində bir qürur, razılıq hissləri
duydum. Əlavə etdi:
-Od parçasıdır. Liseyimizin bütün sinifdənxaric və
məktəbdənkənar tərbiyə işləri onun boynundadır. Cavan
olmağına baxmayın, hər şeyin yerini, hər kəsin dilini
çox yaxşı bilir.
Sonralar bir neçə dəfə də onun hazırladığı tədbirlərdə
iştirak etdim. Bu tədbirlər hər şeydən əvvəl dərin
məzmunu, təsirli olması, mükəmməlliyi ilə
iştirakçılarını razı salır, onlarda dərin təəssürat
yaradırdı.
Bir neçə dəfə redaksiyamıza da gəlmiş, metodik məqalələr
gətirmişdi. Onun qəzetimizin müxtəlif nömrələrində dərc
olunan həmin məqalələri də özünün məzmunu, mövzunu tam
əhatə etməsi, ona innovativ yanaşma ilə diqqəti cəlb
edirdi.
1983-cü il noyabrın 13-də anadan olmuş Nuranə Şıxəliyeva
ixtisasca ingilis dili müəllimidir. Azərbaycan Dillər
Universitetini bitirib. 12 ildir ki, Heydər Əliyev adına
liseydə işləyir. Bunun son 7 ilini isə həm də təşkilat
və təlim-tərbiyə işləri üzrə direktor müavinidir.
Bir ingilis dili müəllimi kimi özünü artıq çoxdan təsdiq
edib. Özünün metodikası var. Dərsdə şagirdləri
fəallaşdırmaq, müasir təlim texnologiyalarından mövzunun
tələblərinə uyğun istifadə etmək, xarici dilin
öyrədilməsində əsas yanaşmalardan biri sayılan
müqayisəli tədrisə daha çox yer vermək bu metodikanın və
ona müəllimi kimi uğur qazandıran fəaliyyətin əsas
istiqamətlərini təşkil edir.
Yeni kurikulumun tələblərini yaxşı mənimsədiyindən onun
tətbiqində çətinlik çəkmir, bu sahədə topladığı
təcrübəni həmkarları ilə tez-tez bölüşür, "açıq dərs"lər
verir. Lakin Nuranə müəllim liseylərində də, rayonun
təhsil müəssisələrinin pedaqoji kollektivləri arasında
da daha çox təşkilat və təlim-tərbiyə üzrə direktor
müavini kimi tanınır və sevilir. Buna səbəb də, qeyd
etdiyimiz kimi, liseydə keçirilən ümumrayon
tədbirlərində həmişə fəallığı, yüksək təşkilatçılıq
bacarığı nümayiş etdirməsidir.
Liseydə bir təşkilatçı, direktor müavini kimi onun
funksiyaları çoxdur. Sinif rəhbərlərinin gündəliklərinin
aparılmasına nəzarət, müəllim və şagirdlər arasında
növbətçiliyin təşkili, valideynlərlə görüşlər...
Əlbəttə, kiməsə məsləhət, tövsiyə vermək, kiminsə işinə
nəzarət etmək üçün gərək həmin məsələləri ən azı onun
qədər bilməlisən. Kimdənsə qoyulmuş qaydalara əməl
etməyi tələb edirsənsə, ilk növbədə, özün nümunə
göstərməlisən. Məhz bu baxımdan Nuranə müəllim öz vəzifə
funksiyasını yerinə yetirməkdə mənəvi haqqı çatan
insanlardandır.
N.Şıxəliyevanın işinin böyük bir qismini isə məhz
təşkilati işlər, sinifdənxaric, məkktəbdənkənar
tədbirlər, müəllimlər tərəfindən təşkil olunan belə
tədbirlərin əlaqələndirilməsi, bu işdə onlara dəstək
göstərməsi təşkil edir. Onun təşkilatçılığı ilə liseydə
tez-tez təşkilat saatları keçirilir, fənn gecələri,
milli və dövlət bayramlarımıza, tarixi günlərə, tanınmış
elm, ədəbiyyat, incəsənət xadimlərinin yubileylərinə
həsr olunmuş mərasimlər, ədəbi-bədii kompozisiyalar
təşkil olunur. Liseydə fəaliyyət göstərən "Şagird
parlamenti"nin üzvləri ilə işləmək, onların köməyi ilə
seminarlar, disputlar, "dəyirmi masa"lar keçirmək, bu
yolla şagirdlərə milli mənəvi dəyərlərin aşılanması,
onların vətənpərvərlik, dövlətçiliyə hörmət ruhunda
tərbiyəsi də Nuranə müəllimin daim diqqət yetirdiyi
məsələlərdəndir. Liseydə yaradılmış "İstedad bankı"nı
yeni-yeni istedadlar hesabına zənginləşdirmək də onun
fəaliyyət sferasına daxildir. İstedadları isə məhz
məktəb tədbirlərində üzə çıxarmaq daha asan olur.
Hazırda bu işgüzar, yenilikçi müəllim - direktor
müavinini gələcəkdə liseylərindən beynəlxalq
olimpiadalarda iştirak edəcək şagirdlərin yetişdirilməsi
üçün şəraitin yaradılması məsələsi düşündürür.
Liseyin, onun müəllim və şagird kollektivinin bir çox
uğurları Nuranə müəllimin də adı ilə bağlıdır. İndiyələk
iki dəfə Böyük Britaniyanın paytaxtı Londonda olub.
Liseyin istedad qrupu ilə. Oradan yüksək balla, diplom
və sertifikatlarla qayıdıb. Liseylərində fəaliyyət
göstərən "Zərifə" rəqs qrupu ilə Türkiyənin İstanbul,
Ankara, Eskişehr şəhərlərində festivallarda iştirak
edib, I və II yerlərə layiq görülüb, diplomlarla
mükafatlandırılıb. Norveçdə müəllimlərin
təkmilləşdirilməsi ilə bağlı treninqdə iştirak edərək
diplom alıb.
Daim öz üzərində işləmək, innovasiyaları öyrənmək, irəli
getmək onun həyat kredosudur.
Özünü artıq direktor müavini kimi də təsdiq etmiş
N.Şıxəliyeva məktəb direktorları və gələcəkdə bu
vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların
peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Təhsil
Nazirliyi tərəfindən keçirilən müsabiqədə iştirak edir.
İnanırıq ki, nə vaxtsa onun yaxşı direktor kimi də
sədasını eşidəcəyik.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |